İsrail Silahlı Qüvvələrinin keçmiş kəşfiyyat rəisi Amos Yadlin bildirib ki, yəhudi dövlətinin İran İslam Respublikasına zərbə endirmək imkanı var. Bununla bağlı “The Jerusalem Post” məlumat yayıb.

O, İranın nüvə proqramı ilə bağlı danışıqlar masası arxasına əyləşməyə hazır olduğuna toxunaraq deyib: “Amerikalılar İranla danışıqların uğur qazanmayacağı bir duruma hazırlaşırlar. Biz elə bir durumdayıq ki, razılaşma varsa, yaxşı deyil, razılaşma yoxdursa, seçim qarşısında qalırıq. İsrailin İrana hücum etmək üçün hərbi potensialı var”.

Yadlin İranın İsrailə hücumu ehtimalına da münasibət bildirib: “Naftali Bennett Baş nazir kimi qərar verməlidir – heç nə etməmək, ya da hücum etmək. Hücum bütün başqa strategiyalar həyata keçirildikdən sonra atılan son addımdır. Mən şadam ki, biz başa düşdük ki, büdcə ayrılmalıdır və hərbi planlar mövcud vəziyyəti əks etdirmək üçün yenilənməlidir. İsrailin İrana hücum etmək üçün hərbi potensialı var. Problem hücumda deyil, ondan sonra baş verəcəklərdədir. Burada çoxlu mülahizələr var”.

Keçmiş kəşfiyyat rəisi Tehranın danışıqlar strategiyasını və 2015-ci il nüvə sazişinin İran üçün faydalarını da açıqlayıb: “İranlılar Amerikanın Bayden Administrasiyası ilə razılaşmaya qayıtmaq istəyini alqışladılar. Danışıqların altı raundu zamanı onlar hətta Demokratik Administrasiyanın belə, qəbul edə bilmədiyi yüksək tələblər irəli sürdülər. Sonda bu, onların xeyrinə oldu, indi də amerikalılara təzyiq göstərirlər. 2015-ci il razılaşması uzunmüddətli perspektivdə iranlılar üçün yaxşı idi, onlar sanksiyaların götürülməsini istəyirlər. Hərbi varianta hələ də ehtiyac yoxdur, ancaq o, ABŞ-da burada olduğundan daha real olmalıdır”.

Bundan əvvəl İranda 20 % zənginləşdirilmiş uran ehtiyatlarının 210 kq-dan çox olduğu bildirilmişdi. Bu bəyanatlar bir tərəfdən İran, digər tərəfdən İsrail və ABŞ üçün mövcud olan problemlərin hərbi yolla nəticələnməsinin mümkünlüyü məsələsini yenidən aktuallaşdırır. İndiki şəraitdə belə bir müharibə təhlükəsi nə dərəcədə güclüdür? Həqiqətən də, İsrail ordusu kəşfiyyatının keçmiş rəhbəri bir neçə dəfə təkrar edir ki, “İsrail İrana hücum etmək üçün hərbi potensiala malikdir”.

Bəs İran rəhbərliyinin özlərinə yaxın ərazilərdə hansısa “sionist mövcudluğu” ilə bağlı ittihamlar dövrünü təzəcə keçdiyini nəzərə alsaq, bütün bunlar Azərbaycana hansı təhlükələr yaradır?

Baş verənləri AYNA-ya israilli politoloq, Qafqaz, İslam dünyası və Yaxın Şərq üzrə ekspert, Şərq Tərəfdaşlığı İnstitutunun (Qüds) rəhbəri Avraam Şmuleviç şərh edir:

“Sondan başlayacağam. Mən dəfələrlə demişəm, indi də təkrarlayacağam: Azərbaycan yaxşı başa düşməlidir ki, İran onun mövcudluğuna təhlükə yaradır. İran şiələrin yaşadığı bütün torpaqları öz hakimiyyəti altında birləşdirmək siyasətinə sadiq qalan təcavüzkar ölkədir. İkincisi, İran Azərbaycanı itirilmiş ərazisinin bir hissəsi kimi qəbul edir. Dostluq münasibətlərinin mümkünlüyü, Azərbaycan Respublikasının müstəqilliyinin İran tərəfindən tanınması haqqında bütün söhbətlər hələlikdir, Şərq diplomatiyasıdır. İranın belə imkanı olsa, Azərbaycanı sadəcə udacaq.

Əgər İran həqiqətən nüvə silahı əldə edərsə, təbii ki, onun qonşuları da daxil olmaqla, bütün digər ölkələrə qarşı aqressivliyi kəskin şəkildə artacaq. İsrailin dünyanın ən qabaqcıl aviasiyasına, eləcə də nüvə silahı olan ballistik raketləri ələ keçirə bilən hava hücumundan müdafiə sisteminə malik olduğu güman edilir. İsrailin özünün də nüvə silahına malik olduğu deyilir. Azərbaycanda bu yoxdur, yəni nüvə bombası olan İran onun üçün sadəcə ölümcül təhlükə yaradacaq.

İsrail cəmiyyətində konsensus var – İsraili məhv etmək istədiyini bəyan edən ölkə heç bir halda nüvə silahına malik olmamalı və təhdidlərini yerinə yetirməməlidir. İsrail isə bunun üçün bütün mümkün hərbi vasitələrlə hərəkətə keçməyə hazırdır. Onun dünyanın istənilən nöqtəsinə uça bilən ballistik raketləri var. Hərbi potensial kifayət qədər böyükdür və ondan istifadə etmək planları var. Üstəlik, görünür, bu planlar amerikalılarla razılaşdırılıb.

Hər halda, bir neçə ay əvvəl Baş Qərargah rəislərinin son iclasında İsrail nümayəndəsi bildirmişdi ki, İranla davam edən danışıqlar nəticə verməsə, o zaman B planından – hərbi variantdan istifadə olunacaq. Yəni amerikalılar ya bu planı təsdiqləyiblər, ya da orada iştirak edəcəklər. ABŞ-da administrasiya dəyişikliyindən sonra Vaşinqtonun siyasətinin o qədər də israilyönümlü yox, daha çox iranyönümlü olacağı ilə bağlı qorxular var idi. Amma bu, baş vermədi. Təbii ki, heç kim hərbi variantda maraqlı deyil.

Görünür, İran daxilində bir neçə təsir qrupu var. Birincisi, Mehdinin gəlişini təmin etmək üçün dünya müharibəsinin zəruri olduğuna inanan müsəlman fanatiklər var. Hazırda İranı faktiki idarə edən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) var – sanksiya rejimi onlar üçün faydalıdır. Bütün qaçaqmalçılığa, sanksiyalardan yan keçməyin bütün yollarına nəzarət edən SEPAH-dır.

Sanksiyaların təsirini azaltmağa çalışan İranın əvəzedici sənayesi də var və o da SEPAH-ın nəzarətindədir. Onlar bütün bunlara görə çox yaxşı pul alan konkret generallardır. Ona görə də onlar bu cür qarşıdurmanın mümkün qədər uzun müddət davam etməsində maraqlıdırlar və sanksiyaların götürülməsini istəmirlər. Təbii ki, İranda daha ehtiyatlı dairələr də var ki, bu ölkə İsrailə qarşı aqressiv siyasətindən əl çəksə, xalqına böyük fayda gətirəcək.

Hələlik İran uçurumun kənarı ilə yeriyir. Dərəcələri maksimuma qaldırırlar, sonra son anda geri çəkilirlər, özləri üçün bəzi üstünlükləri sövdələşməyə çalışırlar. Amma bu məsələdə İran rəhbərliyində birlik olmadığından danışıqların necə yekunlaşacağı məlum deyil.

Top İranın meydanındadır. Görünür, ABŞ və İsrailin səbri tükənməyə başlayıb. İsrail hərbçilərinin hərbi variantdan istifadə etməsinin mümkünlüyü ilə bağlı son bəyanatlar buna sübutdur.

Ümumiyyətlə, istənilən halda İranın hərbi, aqressiv potensialı nə qədər zəif olsa, Azərbaycan üçün bir o qədər yaxşıdır. Əgər İran nüvə proqramını məhv edən zərbənin ardınca “Hizbullah”, HƏMAS və sairin köməyi ilə İsrailə qarşı terror müharibəsinə başlayarsa, cavab prinsipcə dünya üçün, o cümlədən Azərbaycan üçün xeyirli olacaq – Ayətullah rejiminin sonu gələcək”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın