İsrailin keçmiş Müdafiə naziri Aviqdor Liberman Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair anlaşmaya münasibət bildirib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Vesti İzrail” dərgisi yazıb.
“Atəşkəs özlüyündə yaxşı xəbərdir. Əsgərlərin, dinc əhalinin ölümünə son qoyulur. Bu cür sülhə nail olunması faktını yalnız alqışlamaq olar. Yer üzündə çox sayda qarşıdurma, çoxlu problem, çoxlu qan var. Əgər bu bölgədəki qarşıdurmanı dayandırmaq mümkün olarsa, bu başqaları üçün də örnək olacaqdır. Bu məsələnin birinci tərəfidir.
İkincisi: Atəşkəs – Azərbaycan Prezidenti İlham Əliyevin böyük şəxsi qələbəsidir. Bu cür qərarların nə qədər çətin qəbul edildiyini başa düşürəm. Bu, ilk növbədə məhz onun iradi qərarıdır. Məsuliyyəti öz üzərinə götürməyə hazır olmaq insan xarakterindən, durumu dəqiq təhlil etmək və düzgün nəticələr çıxarmaq bacarığından xəbər verir. Bu anlaşama beynəlxalq statusunu gücləndirməklə yanaşı, onu milli və regional liderə çevirdi. Bu durumda millətin konsolidasiyası və dövlətçilik anlayışının güclənməsində yeni bir mərhələdən danışmaq olar.
Üçüncüsü: Atəşkəs – son 30 ildə Qarabağ probleminin heç də ən uğurlu ssenari üzrə inkişaf etmədiyi bütün Azərbaycanın qələbəsidir. Ölkənin və onun ordusunun indiki uğurları daha təsirlidir. Bağlanan sazişi hər necə şərh etməyə çalışsalar da, bu, Azərbaycanın birmənalı qələbəsidir.
Dördüncüsü: Tərəfləri razılığa gətirməyə nail olan Rusiya Prezidenti Vladimir Putinin böyük diplomatik uğurunu vurğulamaq gərəkdir.
Beşincisi: Bununla da münaqişəyə nöqtə qoyulacağına, tərəflərin bütün səylərini itkilər və böyük xərclərlə bağlı hərbi qarşıdırmaya deyil, iqtisadiyyatın güclənməsinə, yeni iş yerlərinin yaradılmasına yönəldəcəyinə ümid etməyi çox istərdim.
İsrail öz növbəsində ümid edir ki, yeni “müharibə sonrası” mərhələ ikitərəfli münasibətlərin güclənməsinə yardım edəcək, bundan sonra bu torpaqlarda heç vaxt qan axmayacaq”, – deyə A.Liberman bildirib.