Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov Şanlı Ordumuzun Vətən Müharibəsində möhtəşəm qələbəsi münasibətilə Ali Baş Komandanı və xalqımızı təbrik edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı AVCİYA prezidenti Elxan Süleymanovun 44 günlük Vətən Müharibəsi ilə bağlı Publika.az saytında yayımlanan məqaləsini oxucuların diqqətinə çatdırır:

Torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda 2020-ci ilin 27 sentyabrndan 10 noyabrınadək davam etmiş Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm qələbəsi ilə başa çatdı və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi tarixi ədaləti və beynəlxalq hüququn bölgədə pozulmuş prinsiplərini bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etmiş olduğu məlum 4 qətnamənin müddəalarını yerinə yetirdi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan bu kontekstdə vurğulamışdır: “Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi”. Ərazilərimizin düşmən işğalından azad edilməsi naminə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlhəm Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək mübarizəyə köklənmiş və misli görünməmiş ruh yüksəkliyi nümayiş etdirdi.

Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda qəhrəmancasına vuruşaraq müharibə tarixində misli görünməmiş qısa bir müddət ərzində torpaqlarımızı işğaldan azad etmiş əsgər və zabitlərimiz, hərbçilərimiz Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, gücünü dünyaya nümayiş etdirdi. Cəmi 44 gün ərzində düşmənin guya “yenilməz güclü ordusu” olması barədə mifləri darmadağın etdi.

Vətən müharibəsinin gedişatı və onun nəticələri bir daha sübut etdi ki, Azərbaycan xalqı öz torpaqları uğrunda mübarizədə qalib xalqdır. Prezident İlham Əliyev qeyd etdiyi kimi “bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.

Möhtəşəm Zəfərlə başa çatmış Vətən müharibəsi bütün dünyaya Azərbaycan xalqının böyük xalq olduğunu, Azərbaycan Respublikasının isə böyük siyasi, iqtisadi, hərbi gücə, oturuşmuş dövlət idarəçiliyinə və, nəhayət, müdrik, strateji düşüncəyə malik, uzaqgörən siyasi lideri olan dövlət olduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyev öz siyasi liderliyi dövründə Azərbaycanın iqtisadi müstəqillik əldə etməsinə nail oldu, ölkədə bütün sahələrdə modernləşmə siyasəti həyata keçirdi, əhalinin milli maraqlar ətrafında birlik və ruh yüksəkliyi nümayiş etdirməsi üçün münbit şərait yaratdı, öz şəxsi nəzarəti altında müasir silahlarla təchiz edilməsi və müasir döyüş taktikasına yiyələnmiş şəxsi heyəti olan Silahlı Qüvvələrin formalaşdırdı, Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq imicinin möhkəmlənməsinə və ölkəmizin tərəfdaşlarının artmasıa nail oldu. Prezident İlham Əliyev uzun illər ərzində Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə hücum diplomatiyası həyata keçirdi. Odur ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü, çoxşaxəli, ardıcıl siyasət sayəsində mümkün oldu.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsində qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı, Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Vətən müharibəsi Azərbaycanın güclü iqtisadi potensiala və qüdrətli Silahlı Qüvvələrə malik olduğunu bir daha təsdiqləyərək bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsinin qələbə ilə başa çatması nəticəsində regionda yeni reallıqlar yarandı.

Bu Qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi və strateji məharəti, Azərbaycan xalqının Prezident və Silahlı Qüvvələr ətrafında dəmir yumruq kimi birləşməsi və qələbə əzmi, Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin qanı, qazilərimizin sağlamlığının itirməsi hesabına mümkün oldu. Müharibə zamanı Vətən uğrunda döyüşlərdə Azərbaycanın 3 minə yaxın zabit, əsgər, hərbçi övladı şəhidlik zirvəzinə yüksəldi. Allah şəhidlərimizə rəhmət eləsin!

Vətən müharibəsinin ilk saatlarından Türkiyə dövləti və xalqı Azərbaycana siyasi və mənəvi dəstək nümayiş etdirdi və Azərbaycanın haqq işində onun yanında olduğunu bəyan etdi. Türkiyənin dəstəyi Azərbaycan xalqını, Azərbaycan Silahlı Qüvvələrini mübarizəyə daha da ruhlandırdı və qələbəyə inamını daha da artırdı. Postmüharibə dövründə də Türkiyə Azərbaycanın yanında olmaqda davam etdi və bu gün Türkiyə-Azərbaycan münasibətilə 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinə əsasında strateji müttəfiqlik kimi ən yüksək səviyyəyə yüksəldi.

Bu günlərdə Azərbaycan xalqı, dünya azərbaycanlıları, bizimlə birlikdə Türkiyə xalqı və türk dünyası İkinci Qarabağ müharibəsində tarixi qələbəmizin birinci ildönümünü qeyd edir. Bütün təbriklərə qatılaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, Azərbaycan xalqını, dünya azərbaycanlılarını, bütün türk dünyasını İkinci Qarabağ müharibəsində əldə edilmiş tarixi və möhtəşəm qələbə münasibətilə təbrik edirəm və bildirirəm: artıq 1 ildir ki, hər bir azərbaycanlı kimi mən də qürurluyam!

Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Prezidenti İlham Əliyevə! Eşq olsun rəşadətli Azərbaycan Silahlı Qüvvələrinə!

Elxan Süleymanov,
AVCİYA prezidenti

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın