Ermənistan hələ Qarabağ münaqişəsi dövründə dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) prosesə cəlb etmək cəhdlərini nümayiş etdirsə də, bu plan iflasa uğrayıb.

İrəvan Qarabağ münaqişəsini suverenlik məsələsi kimi qabardıb münaqişəni sərhəd çərçivəsinə salmaq istəyirdi, bununla da KTMT-dən özünə dəstək qazanmaq niyyəti güdürdü.

Ancaq unudurdu ki, onun arzu və planları KTMT nizamnamə və prinsipləri ilə uyuşmur, buna görə də KTMT müxtəlif səviyyələrdə Ermənistanı məyus edən mövqelər sərgiləyib.

Digər tərəfdən, KTMT-nin lokomotivi Rusiyanın, təşkilatın digər iki gücü Qazaxıstan və Belarusun Azərbaycanla münasibətlərinin xarakterində müsbət elementlər ağırlıq təşkil edir.

Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonrakı postmünaqişə dövründə Ermənistan köhnə şakəri ilə KTMT-yə yalvarış dolu müraciətlərinin ardını-arasını kəsmədi. Azərbaycan-Ermənistan sərhədindəki insidentlər zamanı yalvarışlarının nəzərə alınmadığını gördükdə, KTMT-ni Qərb hərbi kontingentini sərhədə gətirəcəyi ilə şantaj etmək ritorikasını nümayiş etdirdi.

Ancaq bütün bunlar əbəs idi, İrəvan getdikcə mütəəssir oldu və zərbə ardınca növbəti zərbə aldı.

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının  (İƏT) XV zirvə sammiti də İrəvanı məyus edən növbəti platformaya çevrildi.

Söhbət ondan gedir ki, quruma üzv ölkələr sammitin yekun Bəyannaməsində Azərbaycan hökuməti və xalqına işğal olunmuş ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik ünvanlanıb.

Qeyd edək ki, təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, İran və Əfqanıstan üzvdür.

Bu dövlətlərdən üçü (Qazaxıstan, Qırğızıstan və Tacikistan) həm də KTMT-də təmsil olunur.

Bu, o deməkdir ki, Ermənistan KTMT-dən də növbəti zərbəni aldı.

Bəyannamədə İƏT-ə üzv dövlətlər Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. 

İƏT çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapması da mühümdür.

Bu, Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir.

Ermənistan həm KTMT-də sıxışdırılır, həm də “dəhlizdə”…

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın