Son sutka ərzində Argentinada koronavirusa (COVID-19) 139 min 853 yoluxma halı qeydə alınıb ki, bu da pandemiyanın başlanğıcından bu yana ən yüksək göstəricidir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, pandemiyanın statistikasını aparan Worldometer portalının məlumatına görə, yoluxma hallarının sayına görə öncəki anti-rekord 134 min 439 nəfərin yoluxduğu yanvarın 11-nə təsadüf etmişdi.

Həmçinin son 24 saat boyunca Argentinada daha 96 nəfər COVID-19 infeksiyasının qurbanı olub.

Dekabr ayında “Omikron” ştamına ilk yoluxanların aşkar edilməsindən sonra ölkədə xəstəlik hallarının kəskin artması izlənilir. Bununla yanaşı, ötən ilin mayında Argentinada pik həddə çatan koronavirusun ikinci dalğası ilə qarşılaşdırdıqda ölüm halları azalıb.

İndi Argentina əhalisinin 73,9 faizi koronavirus əleyhinə tam vaksinasiya olunub. Ötən il noyabrın ortalarında ölkədə demək olar ki, bütün karantin tədbirləri ləğv edilib.

Worldometer portalının son məlumatına görə, indiyədək Argentinada koronavirusa yoluxanların sayı 6 milyon 932 min nəfəri ötüb. Yoluxanlardan 117 min 900 nəfər həyatını itirib, 5 milyon 878 min nəfər isə sağalıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın