Böyük texnoloji şirkətlərin də təşkilatçılığı ilə keçirilən The Game Awards tədbiri çərçivəsində Google şirkəti önəmli elan edib. Google Play Games servisinin direktoru Qreq Hartnelin sözlərinə görə, 2022-ci ildə Android oyunlarını Windows əməliyyat sistemi iə çalışan kompüterlərdə işə salmaq olacaq. Google bildirib ki, bu, Microsoft ilə olan əməkdaşlıq nəticəsində əldə olunmayıb.

Microsoft ilə razılaşaraq öz uyğulamalar dükanını Windows 11-də işə salan Amazon-dan fərqli olaraq Google şirkəti müstəqil məhsul təqdim edəcək. Layihə ilə bağlı məlumat hələ çox azdır. Ancaq güman olunur ki, Android oyunlarını Windows əməliyyat sistemli kompüterdə işə salmaq üçün xüsusi uyğulama yükləyib kompüterə quraşdırmaq lazım gələcək.

Söhbətin Google Play Games-dən getdiyini nəzərə alsaq, həmin uyğulamada Google istifadəçi hesabı ilə giriş etmək gərək olacaq. Google təmsilçisinin sözlərinə görə, əgər istifadəçi hər hansısa Android oyununu mobil cihazında oynayıbsa və oyunda müəyyən yerdə qalıbsa, o, həmin oyunu kompüterdə işə salandan sonra qaldığı yerdən davam edə biləcək.

Yəni bir platformanın yaddaşında saxlanılan oyun təcrübəsinə başqa platformalarda geri qayıtmaq mümkün olacaq. Böyük ehtimalla ilkin mərhələdə istifadəçilər yalnız seçilmiş oyunları kompüterlərdə oynaya biləcəklər. Bu yeni imkanın yalnız Windows 11-də, yoxsa eyni zamanda Windows 10-da da təqdim edilib-edilməyəcəyi bilinmir. 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın