“Minsk Qrupunun 27 illik səmərəsiz vasitəçiliyindən sonra, keçən ilin 27 sentyabrında başlayan və münaqişənin mahiyyətini kökündən dəyişdirən 44 günlük müharibə zamanı Azərbaycan birtərəfli qaydada status-kvonu ləğv etdi”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin keçmiş sözcüsü, eks-səfir və indi lobbiçilik fəaliyyəti ilə məşğul olan amerikalı diplomat Adam Ereli nüfuzlu “The Washington Times” jurnalında yayımlanan məqaləsində qeyd edib.

“2021 çoxtərəfli diplomatiya tərəfdarları üçün uğursuz bir ildir. Məsələn, NATO-nun Əfqanıstandakı missiyası nəzarətsiz bir xaosa çevrildi.

BMT-nin himayəsi altında münaqişənin həlli üçün edilən səylərə baxmayaraq, Yəmən dünyanın ən acınacaqlı humanitar böhranı olaraq qalır. Birləşmiş Ştatların Qərbi Saxara üzərində Mərakeşin suverenliyini tanıması, onilliklərdir BMT-nin himayə etdiyi vasitəçiliyi pozdu. Beynəlxalq əməkdaşlıq qlobal “COVID-19” pandemiyasına cavab olaraq müəyyən qədər millətçiliyə yol verdi.

Çoxtərəfli diplomatiya “ölü” olmasa da, bu uğursuzluq siyahısı onu dəstəkləyən beynəlxalq forumun artıq məqsədlərə uyğun olmadığını göstərir.

Xüsusilə də, Minsk Qrupunun fəaliyyətsizliyini simvolizə edən nümunələr arasında Qarabağ münaqişəsininin idarə edilməsindən daha yaxşısı o qədər də çox deyil. 1992 -ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılan Minsk Qrupu, mövcud çoxtərəfli vasitəçilik mexanizmlərinin uğursuz fəaliyyətinə ən önəmli örnəklərdən biridir.

Belə ki, 1994-cü ildə razılaşdırılan atəşkəs, Qarabağın kiçik bir hissəsi üçün mübarizəyə başlayan Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlamasına səbəb oldu. Nəticədə, Minsk Qrupunun 27 illik səmərəsiz vasitəçiliyindən sonra, keçən ilin 27 sentyabrında başlayan və münaqişənin mahiyyətini kökündən dəyişdirən 44 günlük müharibə zamanı Azərbaycan birtərəfli qaydada status-kvonu ləğv etdi. Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin böyük hissəsini, o cümlədən “Dağlıq Qarabağ” adı ilə qeyd olunan ərazinin 40% -ni geri aldı.

Ancaq daha da önəmlisi, münaqişə Minsk Qrupu üçün ağır zərbə oldu. Belə ki, Fransanın qərəzli mövqeyi, Minsk Qrupunun 3-cü həmsədri olan Rusiyanın öz maraqlarına uyğun formada atəşkəsi təmin etməsinə səbəb oldu.

Jamestown Vəqfinin son hesabatında Minsk Qrupu haqqında cəlbedici bir nekroloq verilib: “Çoxtərəfli diplomatiya, münaqişənin həlli üçün bir vasitə olaraq keçmiş SSRİ məkanında və Rusiyanın mövcudluğunu qoruduğu bölgələrdə uğursuzluğa düçar oldu. Qərb çoxtərəfli diplomatiya ilə Gürcüstanda, Moldovada, Ukraynada, Suriyada və indi Ermənistan-Azərbaycan Qarabağ münaqişəsində məqsədinə nail olmağa yalnızca cəhd etdi”.

Minsk Qrupunun bir çox uğursuzluqları başqa beynəlxalq münaqişələrin həlli səyləri üçün olan problemlərdə də özünü göstərib. Buna uyğun olaraq Rusiya, Çin və digərləri (Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri) dünyanın yeni güc dinamikasına məhəl qoymurlar.

Belə olan halda isə, ölkələrin ərazisinə müdaxilənin yeni səviyyəsi uzunmüddətli öhdəliklərə, “sürünən” konfliktlərin meydana gəlməsinə və danışıqlar yolu ilə uzlaşma perspektivlərinə qarşı çıxan yeni ideyaların inkişafına gətirib çıxarır. Durumu daha da ağırlaşdıran başqa bir amil isə, beynəlxalq diplomatiyanın aparıcı forumlarında, onların effektivliyini pozan konsensusa ehtiyacdır. Belə ki, ATƏT, AB, NATO və hətta BMT Təhlükəsizlik Şurasının üzvləri çox müxtəlifdir və onların mexanizmləri vaxtında qərar verməyə imkan vermir.Və buna rəğmən, bu struktur çatışmazlıqlarına və geosiyasi reallıqlara baxmayaraq, ABŞ liderləri və müttəfiqləri “ölü atı döyməyə” davam edirlər.

Belə ki, Azərbaycan-Ermənistan sərhədi yaxınlarında baş verən proseslərə cavab olaraq ABŞ Dövlət Departamenti tərəfləri 28 iyul tarixində “ATƏT-in Minsk Qrupunun himayəsi altında əsaslı müzakirələrə qayıtmağa” çağırdı.

Dövlət katibi Blinken, bir neçə həftə öncə erməni həmkarına yazdığı məktubda “Minsk Qrupunun həmsədrlərinin himayəsi altında əsaslı danışıqlara yenidən başlamağa” dəvət edəndə bu çağırış ikiqat artdı.

Böyük Britaniya da bu yaxınlarda “Minsk Qrupun münaqişələrin həllində müraciət olunmalı olan əsas format olaraq qaldığını” iddia etdi.Əsas reallıq isə bundan ibarətdir ki, Qarabağda və başqa regional qaynar nöqtələrdə köhnəlmiş və qüsurlu münaqişələrin həlli mexanizmlərinə kölə bağlılığı Qərbi artan diqqətsizliyə və uğursuzluğa məhkum edir. Eyni zamanda fürsət gözləyən rəqiblər vəziyyətdən öz xeyirlərinə istifadə edərək ABŞ -ın etibarını daha da aşağı salırlar. Qəribə dəyərlərə və maraqlara uyğun, effektiv çoxtərəfli vasitəçiliyi uğurla yenidən canlandıra biləcək yeni bir alternativ varmı? Yoxsa sürətlə dəyişən dünya ilə yaxından maraqlanan və uzaq ölkələrdəki açıq münaqişələrə səbirsiz qalmış yerli auditoriya ilə üzləşən ABŞ siyasətçiləri təsirli cavab vermək üçün yetərli iradə və təsəvvürə malik deyillərmi? 

Bu suallar müzakirə üçün açıqdır, ancaq bir şey dəqiqdir: Amerikanın hərəkət etməməsi yalnız düşmənlərimizi cəsarətləndirəcək və müttəfiqlərimizi sarsıdacaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın