Yaxın Şərqə səfər edən Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden qalmaqallı turnesi ilə dünyanın diqqət mərkəzindədir. Dünya mediasında yayımlanan şərhlərə əsasən, ABŞ prezidentinin Yaxın Şərqə səfərinin İsrail hissəsi o qədər də maraq doğurmayıb. Bayden hədəfinə çata bilməyib – İsraili Ukraynanı silah-sursatla daha fəal dəstəkləməyə inandırmaq cəhdləri heç bir nəticə verməyib. İsrail siyasi gücləri yaxşı bilirlər ki, bu, yəhudi dövlətinin təhlükəsizliyi üçün baha başa gələ bilər. Moskvanın Təl-Əvivi incitmək, ya da şantaj etmək üçün çoxlu imkanları var. İsraildə bunu yaxşı anlayırlar. 

Bayden Səudiyyədə hədəflərə çata bilməyib?

Öncədən aydın idi ki, onun səfərində başlıca məqsəd Rusiyaya alternativ karbohidrogenlərin axtarışı, İsraillə ərəb ölkələri arasında İrana və “Müqavimət oxu”na qarşı koalisiya yaratmaqdır. Bunlara isə nail ola bilməyib. Amerika prezidentinin diqqəti indi ölkəsində keçiriləcək aralıq seçkilərinə yönəlsə də, Rusiya və Çin də prioritetdir. Onun administrasiyası hesab edir ki, bir sıra problemlərin həlli Səudiyyə Ərəbistanı ilə davranışdan çox asılıdır.

Krallıq “soyuq müharibə” zamanı ABŞ-ın yaxın müttəfiqi və 1991-ci il Körfəz Müharibəsi zamanı ABŞ qoşunları üçün yerləşmə mərkəzi olub. Ancaq zaman dəyişib. Bayden Ağ Evə gəldikdən sonra ABŞ və Səudiyyə arasında münasibətlər pisləşib. Seçki kampaniyası zamanı o, insan hüquqlarının pozulması və jurnalist Camal Qaşıqçının öldürülməsi səbəbindən krallığı hədəfə alacağını söz vermişdi. 

Amerikalılar arasında artan narazılıq

Lakin benzin, elektrik və ərzağın artan qiymətləri və sadə amerikalılar arasında narazılıq Baydenin ətrafındakıları ciddi şəkildə düşünməyə vadar edib. Onlar şahzadəyə açıq-aşkar etinasızlığın nəyə səbəb ola biləcəyini başa düşməyə başladılar. Nəhayət, bu yaxınlarda Bayden administrasiyası prezidentin vəliəhd şahzadəyə qarşı şəxsi kin-küdurətini aradan qaldırması və onunla görüşməsi üçün səy göstərməyə başladı. Səfər ərəfəsində Vaşinqton açıq bildirdi ki, Baydenin vəzifəsi səudiyyəliləri neft hasilatını artırmağa inandırmaq və BƏƏ-də də analoji artımı dəstəkləməkdir. Amerikalıların fikrincə, bu, neftin qiymətini aşağı sala, ABŞ-da inflyasiyanın artımını ləngidə və Rusiyanın mövqeyini sarsıda bilər.

Normallaşma üçün edilən cəhdlər 

Düzdür, son aylarda Vaşinqton və Ər-Riyad müəyyən məsələlərdə yaxınlaşma istiqamətində addımlar atıb. Tərəflər Baydenin Səudiyyə Ərəbistanına səfərinin hazırlanması üçün görüşlər keçirib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns aprel ayında Ciddədə şahzadə ilə görüşüb, müdafiə nazirinin müavini Xalid bin Salman mayda Vaşinqtona səfər edib, Ağ Ev, Pentaqon və Dövlət Departamentində məsləhətləşmələr aparıb. ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk krallığa gəlib. Danışıqlar nəticəsində bir sıra sazişlər ictimaiyyətə açıqlanıb. Onların arasında İsrailin kommersiya təyyarələri üçün Səudiyyənin hava məkanının açılması, Yəməndə atəşkəsin uzadılması və 5G telekommunikasiya şəbəkəsinin qurulması var.

Bayden niyə soyuq qarşılandı?

Bu arada, Vaşinqton bürokratiyasının bütün səylərinə baxmayaraq, Baydenin Ciddədə kifayət qədər soyuq qarşılanması da müzakirə mövzusudur. Səudiyyə artıq ABŞ-ın əsas “yanacaq tankeri” olmağa razı deyil. Ər-Riyadda başa düşürlər ki, dəyişən dünyada krallıq Rusiya və Çinlə əməkdaşlıqdan daha çox faydalanacaq. Bəzi Səudiyyə rəsmilərinin dediyi kimi, ABŞ indi mühazirə oxumaq iqtidarında deyil. Çətin ki, krallıq Baydenin istəklərini yerinə yetirsin və neft hasilatını kəskin şəkildə artırsın. Bu, neftin bahalaşması kontekstində Ər-Riyada sərfəli deyil.

Böyük ehtimalla, səudiyyəlilər kollektiv Qərbə Rusiyanı cəzalandırmaqda kömək etmək üçün pul itirmək istəməyəcəklər. Bunun sübutu Baydenin kralla görüşündən sonra verilən bəyanatdır. Ər-Riyad dayanıqlı iqtisadi artım üçün qlobal neft bazarının tarazlaşdırılmasını dəstəkləyəcək. Eyni zamanda, səudiyyəlilər və BƏƏ-nin payızdan başlayaraq nə qədər əlavə neft hasil edəcəyi də dəqiqləşdirilməyib. Buna avqustda OPEC+ çərçivəsində qərar veriləcək.

Kral Rusiya ilə münasibətləri gücləndirib

Unutmaq olmaz ki, kral ilə Rusiya prezidenti V.Putin arasında yaxşı şəxsi münasibətlər yaranıb. Gənc şahzadə təcrübəli rus liderinin ona olan hörmətli münasibətini yüksək dəyərləndirir. Bu kontekstdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə son səfəri diqqət çəkir. Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının (KƏŞ) üzvü olan ölkələrin xarici işlər nazirləri onunla görüşdə enerji sahəsində əməkdaşlığa dair mövcud sazişləri dəstəkləyiblər.

OPEC-in son toplantısında neft hasilatının gündə cəmi 200 min barel artırılması qərara alınıb. Belə ki, ABŞ-ın hasilatı ən azı 1 milyon barel artırmaq tələbinə məhəl qoyulmayıb. Sergey Lavrovun səfəri təsdiq etdi ki, Körfəz Əməkdaşlıq Şurası dövlətləri Rusiya-Ukrayna münaqişəsində Qərbin təzyiqlərinə baxmayaraq neytral qalmağa üstünlük verirlər. Beləliklə, indi dünya genişmiqyaslı hibrid müharibəsinin ortasındadır. Səhvlər milli suverenliyin itirilməsinə qədər baha başa gələ bilər. Ona görə də, Yaxın Şərq ölkələrinin bütün məsul rəhbərləri diqqətli təhlil əsasında və milli maraqları nəzərə alaraq qərarlar qəbul edirlər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın