ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer bu həftə regiona səfəri çərçivəsində Ermənistanda olub. Ermənistan mətbuatı onu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi təqdim etməyə çalışsa da, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu Twiter-də onu Qafqazda danışıqlar üzrə baş müşavir kimi təqdim etməklə ATƏT-in Minsk qrupunun taleyi məsələsinə “yağlı nöqtə” qoydu.

Qərb ölkələrinin nümayəndələri ilə postmünaqişə məsələlərini müzakirə edərkən Ermənistan İkinci Qarabağ müharibəsindən sonra formalaşmış reallıqları qəbul etməkdən imtina edir. Qeyd etmək lazımdır ki, Endryu Şoferdən əvvəl fransız diplomat Bris Rokfey də Ermənistanda isti qarşılanmışdı. Halbuki o da İrəvana ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, Fransa XİN-in Şərq Tərəfdaşlığı məsələləri üzrə nümayəndəsi kimi səfər etmişdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər” deməsindən sonra bu səfərlərdə artım müşahidə olunur. Bu isə ATƏT-in Minsk qrupunun mövcud olmadığından xəbər verir.

Bunu başa düşən rəsmi Moskva İqor Xovayevi Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması üzrə xüsusi nümayəndəsi təyin edib. Bu bir daha göstərir ki, ATƏT-in Minsk qrupunun ömrü çoxdan başa çatmışdı. Onun mövcudluğu praktiki deyil, məcazi məna daşıyırdı.

Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bu formatın səmərəsizliyi barədə bəyan etmişdi. “Minsk qrupu ATƏT-in mandatına uyğun olaraq, 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Onlar ötən il noyabrın sonunadək, biz 44 gün ərzində əraziləri azad edənədək 28 il ərzində fəaliyyət göstərdilər. Mənim Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbaycan xalqının fikrindən fərqlənmir. Bu, uğursuzluq idi”, – o, Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.

Bir çox xarici KİV bu təşkilatın iş bacarığının olmadığını dəfələrlə bəyan etmişdilər. Hələ 2021-ci ildə ABŞ-ın tanınmış siyasi nəşri olan “Foreign Policy”də yayımlanmış məqalədə bu təşkilatın “fəaliyyəti” ifşa edilirdi. “Otuz il ərzində ATƏT-in Minsk qrupu nəticə verməyib… Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi qələbə, Ermənistanın işğalının sona çatması onun gələcək fəaliyyəti üçün heç bir anlam qoymur. İndi bu, ölü strukturdur”, – məqalədə deyilirdi.

Bir çoxları təşkilatı Fransanın birtərəfli mövqeyinə görə qınalayır. Açıq bəyanatlarında Ermənistan tərəfindən çıxış etməklə diplomatik neytrallığı pozan Prezident Emmanuel Makron ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanı nüfuzdan saldı.

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard E.Hoqland “Minsk qrupunun rolu varmı?” adlı məqaləsində yazırdı: “Biz beşulduzlu hotellərdə qaldıq, bizə nümayəndəlik mərtəbələrində nömrələr verirdilər. Bununla da əlavə xərcə düşmədən özəl yeməkxanalara və tam təmin olunmuş barlara çıxış əldə edirdik. Həmişə şəhərlərdə ən yaxşı restoranları axtarırdıq. Ancaq, düzü, çox az şey əldə edilib”.

Əgər bu strukturun nümayəndələri belə bir bəyanatla çıxış edirlərsə, onu “diriltmək” cəhdlərinin uğursuzluğa düçar olacağını təxmin etmək olar. Ermənistan artıq mövcud olmayan ATƏT-in Minsk qrupunu danışıqlar prosesinə cəlb etməyə nə qədər çalışsa da, reallıqlarla barışmalı və diqqətini münasibətlərin normallaşdırılmasının postmünaqişə mərhələsinə yönəltməlidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın