“Brüsseldə Avropa Birliyi (AB) xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Ancaq bu sanksiyalar paketində enerji təchizatına əlavə məhdudiyyətlər nəzərdə tutulmur”.

YALAN.info TASS agentliyinə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto jurnalistlərə açıqlamasında deyib.

“AB-nin Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırılıb. Bu sanksiyalar hələ ki əsasən qaydaların aydınlaşdırılmasına aiddir və enerji resurslarının nəqlinə heç bir məhdudiyyət qoymur”, – deyə o bildirib. Onun sözlərinə görə, AB-yə üzv olan bir sıra dövlətlərin səylərinə baxmayaraq, “Qazprombank”a qarşı sanksiyalar tətbiq olunmayacaq.

Nazir məlumat verib ki, yeni sanksiyalar paketinə 48 fiziki şəxs, o cümlədən Rusiyanın Baş nazirinin müavinlərindən biri, bir neçə regional lider və 9 qurum salınacaq. Sanksiyalar qızıl və ikili təyinatlı malların ticarətini qadağan edəcək. Bunlara həmçinin dövlət satınalmalarına və depozitlərə qoyulan məhdudiyyətlər, mühasibat xidmətlərinin qadağan edilməsi və audit daxildir.

Siyarto bir daha vurğulayıb ki, Macarıstan hökuməti AB-nin Rusiyaya qarşı yeni sanksiyalar layihəsi hazırlamaqdansa, Ukraynada sülhə üstünlük verməli olduğuna inanır. Buna baxmayaraq, Macarıstan “icma birliyini pozmamaq” üçün AB tərəfdaşlarının Brüsseldəki təkliflərini dəstəkləmək qərarına gəlib.

Jozep Borrel: “Sanksiyalar Ukraynadakı münaqişəni bir gecədə dayandırmayacaq”

Avropa diplomatiyasının başçısı Jozep Borrel AB xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün sonlarına dair mətbuat konfransında Rusiyaya qarşı sanksiyaların “işlədiyini” vurğulayıb: “Əlbəttə, Avropa Birliyinin sanksiyaları Ukraynadakı münaqişəni bir gecədə dayandırmayacaq, ancaq onlar Rusiya üçün çoxlu iqtisadi problemlər yaratmalıdır”.

Jozep Borrel bildirib ki, bunun əksini söyləyən xəbərləri dezinformasiya adlandırmaq gərəkdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın