XXI əsrin hərb tarixində önəmli iz buraxan Mariupol müqaviməti bu gün başa çatıb.

YALAN.info bildirir ki, Ukraynanın Mariupol şəhərini qoruyan müdafiəşilər 81 günlük mühasirədən sonra Rusiya qüvvələrinə təslim olub.

Bu müddət ərzində onlar yüzlərlə rusiyalı hərbçini, o cümlədən yüksəkrütbəli zabitləri məhv edib, işğalçı qoşunların Ukraynanın başqa ərazilərinə hücumunu xeyli ləngidib. Mariupol meriyasının məlumatına görə, Rusiyanın şəhərə təcavüzü sonucunda azı 10 min nəfər həlak olub.

Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayı olub. Şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etməyiblər. Bu səbəbdən Rusiya qüvvələri Mariupolu – özəlliklə şəhərin dörddəbir hissəsini tutan “Azovstal” zavodunu indiyədək tam ələ keçirə bilməmişdi.

Onu da bildirək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər çevrələrini toplaya bilmiş “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.

“Azov”un komandiri: “Ali rəhbərlik Mariupolun müdafiəsini dayandırmaq əmri verib”

“Ali rəhbərlik Mariupolun müdafiəsini dayandırmaq əmrini verib”, – Ukraynanın “Azov” alayının komandiri Denis Prokopenko videomüraciətində deyib. Onun sözlərinə görə, həlak olan hərbçilərin nəşi Ukraynanın nəzarəti altında olan əraziyə təhvil veriləcək:

“Mülki sakinlər təxliyə edilib. Ağır yaralılara gərəkli yardım göstərilib. Onlar gələcəkdə dəyişdirilərək Ukraynanın nəzarətində olan əraziyə çatdırılmaqla təxliyə edilib. Ölən qəhrəmanlara gəlincə, proses davam edir. Ümid edirəm ki, yaxın gələcəkdə döyüşçülərin qohumları və bütün Ukrayna onları şərəflə dəfn edə biləcəklər”.

Şoyqu Putinə Mariupolun nəzarətə alındığı barədə məruzə etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın Mariupol şəhərinin və “Azovstal” zavodunun nəzarət altına alındığı barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə edib. TASS-ın yaydığı xəbərə görə, bununla bağlı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Konaşenkovun sözlərinə görə, sonuncu qrupun tərkibində zavodun 500-dən çox ukraynalı əsgəri cümə günü təslim olub. “Toplam isə isə bu il mayın 16-dan əməliyyat zamanı 2 439 “Azov” üzvü və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu zavodun ərazisində blokadaya alınaraq təslim olublar”, – Konaşenkov deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın