Formula 1” üzrə Dünya Çempionatının ikiqat qalibi və hal-hazırda “McLaren Honda” komandasının heyətində yarışan pilot Fernando Alonso 2016 Formula 1 Avropa Qran Pri yarışının rəsmi elçisi seçilib. Bakı Şəhər Halqasının Əməliyyat Komitəsindən verilən məlumata görə, rəsmi elçi kimi fəaliyyətə başlayan Alonso 8-9 mart tarixlərində Bakıya ikigünlük səfər edəcək.

Alonso Bakıya səfər edəcək ilk “Formula 1” pilotu kimi tikintisi davam edən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə aparılan hazırlıq işlərinin gedişatını yerində izləyəcək. Səfər zamanı ispaniyalı pilot ardıcıl olaraq ensiz yoxuşlardan, İçəri Şəhər divarları ətrafındakı kəskin döngələrdən və avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttindən keçəcək və gözoxşayan mənzərəyə sahib şəhər trekində bu yay baş tutacaq yarışlarda “McLaren” komandasını gözləyən çoxsaylı çətinliklərlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcək.

Məşhur “Formula 1” pilotu rəsmi elçi seçilməsi xəbərinə belə münasibət bildirib: “2016 Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi seçildiyim üçün çox şadam. Bakıya səfər edəcək və yeni trekin xüsusiyyətlərini incələyəcək ilk Formula 1 pilotu olmaq mənim üçün böyük şərəfdir. Bakı haqqında indiyədək xeyli maraqlı məlumat eşitmişəm və oxumuşam. Odur ki, onu əyani şəkildə görməyi səbirsizliklə gözləyirəm. Karyeram ərzində üç dəfə Avropa Qran Pri yarışının qalibi olaraq bu yeni və gözəl məkanda keçiriləcək eyni adlı yarışın “Formula 1″in təqviminə yenidən əlavə olunmasını təbliğ etməyim məqsədəuyğun hesab olunmalıdır. Əslində, Avropa Qran Prisinin Valensiyada keçirilən ən son yarışında qələbə qazanmaq üçün dəf etdiyim yol məni məhz bu yarışa mənəvi olaraq ömürlük bağlayıb. Əminəm ki, şəhər treki hər bir sürücü üçün həmişə həyəcanverici və çətin olub. Əldə etdiyim məlumatlara əsasən, bu trek də həmin cəhətdən istisna olmayacaq və bunu nəzərə alaraq deyə bilərəm ki, rəqiblərim də Bakıda keçiriləcək yarışı texniki cəhətdən çox bəyənəcəklər”.

Əlavə edək ki, Fernando Alonso “Formula 1” tarixinin ən uğurlu və ən məşhur pilotlarından biridir. İspaniyalı pilot iki dəfə dünya çemiponu tituluna yiyələnib, 32 dəfə Qran Pri yarışının qalibi adına layiq görülüb və 97 dəfə podiuma çıxıb. F.Alonso eyni zamanda bir vaxtlar İspaniyada keçirilmiş Avropa Qran Pri yarışlarının qalibi olmuş azsaylı pilotlardan biri kimi tarixə düşüb. O, 2012-ci ildə Valensiyada baş tutmuş sonuncu Avropa Qran Pri yarışı daxil olmaqla məhz bu Qran Pri yarışlarında ümumilikdə 3 dəfə birincilik əldə edib. O, hal-hazırda “McLaren Honda” komandasının heyətində yarışır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın