1988-ci ildə Göyçə mahalı Basarkeçər rayonu (Ermənistan Respublikası Vardenis rayonu) Nərimanlı kəndindən qovulmuş 600-ə yaxın ailə Qarabağın işğaldan azad edilmiş Hadrut qəsəbəsinə köçmək istəyir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, YeniSabah.az saytının məlumatına görə, bununla bağlı kənd sakinləri adından Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət olunub.

“Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin siyasi və diplomatik arenadakı fəaliyyətinizi, daxili və xarici siyasətinizi dəstəkləyir, rəhbərliyiniz altında Rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm qələbəsini alqışlayırıq. Qarabağda aparılan məskunlaşma, abadlıq işlərinin inkişafı üçün mümkün olanı etmək və Sizin məcburi köçkünlərə məskunlaşmaya münasibətlərini aydınlatmaq üçün etdiyiniz müraciətə söykənərək bütöv bir kənd olaraq Qarabağın Hadrut qəsəbəsinə köçmək, orada yaşamaq istəyimizi bildiririk. 1988-ci il hadisələrində öz torpaqlarından çıxarılmış Nərimanlı kəndində o dövrdə 600 ailə olub, hazırda 1000 ailə civarındadır.

Kəndimiz birinci Qarabağ müharibəsində Azərbaycan torpaqları uğrunda 18 şəhid verib, bir igidimiz ölümündən sonra Milli Qəhrəman adına, bir igidimiz isə Azərbaycan Bayrağı ordeninə layiq görülüb. İkinci Qarabağ – Vətən Müharibəsində Nərimanlı kökənli 70 gəncimiz döyüşlərdə iştirak edib, 3 övladımız şəhid olub, 7 həkimimiz ön cəbhədə çalışıb. Sizin sərəncamlarınızla onlar çoxsaylı orden və medallarla təltif olunublar. 

Hazırda kəndin insanları əsasən Bakı, Gəncədə məskunlaşsa da digər regionlara və xaricə səpələnib. Bizim Sizdən xahişimiz budur ki, dağ Qarabağın tezliklə məskunlaşması, dərin kökləri olan adət – ənənələrimizin itməməsi, insanlarımızın yadlaşmaması naminə 600-ə yaxın Nərimanlı ailəsinin Hadrut qəsəbəsində məskunlaşmasına sərəncam verəsiniz”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın