Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına (NATO) qoşulması məsələsində Ankaraya verdiyi vədlər yerinə yetirilənə qədər öz mövqeyində qalacağını bildirib.

“Ölkəmizə verilən vədlər yerinə yetirilənə qədər biz bu məsələdə prinsipial və qətiyyətli mövqeyimizə sadiq qalacağıq”, – Türkiyə lideri şənbə günü parlamentdə çıxışında bəyan edib.

Qeyd edək ki, hələ mayın 18-də Finlandiya və İsveç alyansa qoşulmaq üçün müraciət edib. Ancaq Türkiyə dərhal bu ölkələrin kürd terror təşkilatlarını tanımalarını, terrorizmdə və ya 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin təhvil verilməsini və Ankaraya silah satışına qoyulan qadağaların aradan qaldırılmasını tələb edərək giriş prosesini əngəlləyib.

İyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə, Finlandiya, İsveç liderləri ilə NATO-nun Baş katibi arasında danışıqlar aparılıb. Nəticədə Stokholm və Helsinkinin NATO-ya üzv olmasına icazə verən memorandum imzalanıb. Türkiyə liderinin sözlərinə görə, İsveç terror fəaliyyətində iştirak edən 70-dən çox adamı ekstradisiya edəcəyinə söz verib. Sentyabrın 30-da İsveç Türkiyəyə hərbi texnikanın ixracına 2019-cu ildə tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın