“Qismət olarsa, sentyabrın 29-da cənab Vladimir Putinlə Soçidə keçirəcəyim ikitərəfli görüş doğurdan da böyük önəm daşıyır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, səfər zamanı Türkiyə Respublikası və Rusiya Federasiyası nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olmayacaq:

“Sadəcə, cənab Putinlə ikitərəfli görüşümüz olacaq. Təbii ki, bu, sadəcə İdlib məsələsinə həsr olunan danışıqlar olmayacaq. Eyni zamanda, Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcəyik. Hər hansı üçüncü şəxsin iştirakı olmadan müzakirələr aparacağıq”.

Ərdoğan əlavə edib ki, Türkiyə-Rusiya əlaqələrində önəmli bir qərar qəbul ediləcək: “Türkiyə və Rusiya bölgədə iki önəmli ölkədir. Biz bu günə qədər Rusiya ilə münasibətlərdə hər hansı bir səhv görməmişik. İki ölkə arasında ticarətin həcminə baxsaq, bu, çox müsbətdir və daim inkişaf edir. Suriya məsələsi ilə bağlı bəzi zamanlarda çətinliklərlə üzləşirik. Ancaq istər özüm, istərsə də müdafiə və xarici işlər nazirlərimiz atdığı addımlarla dərhal gərginliyi aradan qaldıra bilirik”.

Ərdoğan: “İğdırdan Azərbaycana yol çəkəcəyik”

“Əgər cənab Vladimir Putin dövlət xadimi keyfiyyətlərini tam anlamında ortaya qoymasaydı, Azərbaycandan bu formada çıxmaq mümkün olmazdı. Ancaq öz dövlət xadimliyi, dövlətçilik təcrübəsini dəqiq qərarlarla ortaya qoyduğu üçün, Azərbaycandan çox müsbət şəkildə çıxma şansı qazandıq.

İndi Azərbaycanda intensiv fəaliyyət davam edir. Məsələn, cənab Prezident İlham Əliyev istədiyi vaxt, istədiyi formada Putinlə danışır, görüşür. Çox qısa zamanda əlaqələrimizi qurub müzakirələrimizi apara bilirik”, – Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, İğdırdan Azərbaycana yol çəkiləcək: “Bura dəmir yol xətləri də daxildir. Bu yolun çəkilməsi çox önəmli bir addım olacaq”.

Türkiyə Prezidenti: “Paşinyandan müsbət mesajlar alırıq”

“Bizim beşlik, ya da altılıq platforması adlandırdığımız əməkdaşlıq variantı var idi. İndi bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyandan müsbət mesajlar alırıq. Bu müsbət mesajlarla birlikdə bu məsələdə bəzi addımlar da atacağıq.

Bölgədə sülhün yaradılması məsələsini önəmli bir nöqtəyə qədər inkişaf etdirmək fürsəti qazanmış olacağıq. Ayın sonunda cənab Vladimir Putinlə keçirəcəyim görüşdə bunlar da müzakirə edilən məsələlər arasında yer alacaq. Bununla da, Türkiyə-Rusiya əlaqələrində daha güclü və daha fərqli dönəmə qədəm qoymuş olacağıq”, – Ərdoğan qeyd edib.

R.T.Ərdoğan: “İndi ABŞ-la münasibətlərdə yaxşı zaman deyil”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti vəzifəsinə başladıqdan sonra Cozef Baydenlə münasibətlərin elə də yaxşı olmadığını bəyan edib.

“İstəyirəm ki, iki NATO ölkəsi olaraq biz düşmən yox, dost olaq. Ancaq indiki durum o qədər də yaxşı deyil. Baş nazir və Prezident kimi təxminən 19 illik fəaliyyətimə əsaslanaraq deyə bilərəm. Əfsuslar olsun ki, ABŞ-la münasibətlərdə yaxşı zaman deyil. Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim, amma Cozef Bayden ilə yaxşı başladığımızı deyə bilmərəm”, – Ərdoğan qeyd edib.

Ərdoğan: “S-400 səbəbindən Türkiyəyə davamlı təzyiq qəbuledilməzdir”

“Türkiyə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı ABŞ-ın davamlı təzyiqləri ilə razılaşa bilməz, Rusiya ilə müqavilə tamamlanıb və yenidən nəzərdən keçirilməyəcək.

ABŞ öncə S-400-ləri bəhanə edərək bizə F-35 satmaması ilə bağlı səhvini düzəltsin. S-400 səbəbindən üzərimizə davamlı təzyiq qəbuledilməzdir, bununla razılaşa bilmərik, geriyə dönüş yoxdur”, – Ərdoğan vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın