“Suriyadakı terror təşkilatı PKK/PYD-nin Amerikadan dəstək almaları ilə bağlı təəssüfümüzü bildirdik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Böyük İyirmilik” (G20) sammitinin sonları ilə bağlı keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Cozef Baydenlə görüşündən danışarkən deyib.

ABŞ-ın terror təşkilatlarına silah dəstəyindən danışan Türkiyə lideri bu problemə son qoyulacağına inamını ifadə edib.

“Bundan sonrakı prosesin belə davam etməyəcəyinə inanıram”, – Türkiyə Respublikasının rəhbəri vurğulayıb.

Ərdoğan Əfqanıstandan yeni miqrasiya dalğasına da toxunub. “Biz tədbirlərimizi görürük və bu nöqtədə qapılarımızı kütləvi miqrasiyaya açmaq niyyətində deyilik”, – Türkiyə Prezidenti bildirib.

Türkiyə rəhbəri Avropa Birliyinin öz ordusunu qurmaqla bağlı müzakirələrin nəticəsinə inanmadığını qeyd edib. “Bu mümkün bir layihə deyil, mümkün deyil”, – Ərdoğan AB ordusunun yaradılacağı ilə bağlı suala cavabında deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada G20 liderlərinin samitinin sonlarına dair keçirdiyi mətbuat konfransında 3+3 platformasına da toxunub: “Biz dedik ki, Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstan altılıq olaraq addım atmalı və regiona sülh gətirməlidir. Cənab Prezident İlham Əliyev Ermənistanla görüşməyi təklif etdi. Gürcüstanın bu əməkdaşlığa münasibəti mənfidir. Burada belə bir platforma yaradıla bilər. Burada sülh hövzəsi yaradıla bilər. Biz Ermənistanla münasibətlərimizi açıq şəkildə nümayiş etdirəcəyik”.

Onun sözlərinə görə, əgər bütün tərəflər müsbət yanaşma nümayiş etdirsə, bölgədə belə əməkdaşlıq platforması yaradıla bilər. Ərdoğanın bildirib ki, bu platforma yaradılandan sonra bölgədə qısa zamanda sülh təmin olunacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın