Noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya səfər edərək həmkarı Aleksandar Vuçiçlə təkbətək və geniş tərkibdə görüşlər keçirdi. Əliyevin səfəri Azərbaycandan Avropaya qaz marşrutlarının diversifikasiya edilməsində və bununla Rusiyanın regiondakı enerji bazarlarından sıxışdırılıb çıxarılmasında maraqlı olan ABŞ, Böyük Britaniya və Avropa Birliyi triosu üçün perspektiv fürsətlərdir.

2008-ci ildə qaz və neft sektorlarını Rusiya şirkətlərinin ixtiyarına verən, eyni zamanda Avropa Birliyinə daxil olmağı qarşısına məqsəd qoyan Serbiya belə ziddiyyətli siyasət blokunu kəsişən qlobal maraqlar platforması ilə ayaqlaşdırmaq istəyirdi.

Serbiyada Rusiyaya aşırı pərəstişkarlıq var və Ukraynada müharibə başlayandan sonra bu simpatiyanın təzahürləri Avroatlantik məkan üçün daha təhlükəli hal almağa başlayıb. Qərbin qavrayışına görə, Serbiya, başlıca olaraq, iki istiqamət üzrə təhdidləri körükləyir:

  1. Serbiya Kosovanın müstəqilliyini tanımır, onu hələ də özünün bir ərazi subyekti kimi görür və Rusiya-Ukrayna müharibəsi fonunda Avropada yeni münaqişə ocağı qalanır.
  2. Serbiya Bosniya və Herseqovinanın ərazisi olan Serb Respublikasındakı serblərin hüquqlarını müdafiə adı altında millətçilik hisslərini qabardır.

Qərb üçün ən təhlükəli tərəf isə Serbiyanın Moskva episentrli ideyalarla meydana atılıb münaqişələri diriltməyə çalışmasıdır. Serbiyanın “qazını almaq” üçün ən optimal variant onun Rusiya qazından asılılığını azaltmaqdır. Bu, özünü Avropa Birliyində görmək istəyən Serbiyanın özü üçün də unikal şansdır.

Bildirək ki, 2021-ci ildə Azərbaycan Avropa ölkələrinə təbii qaz ixracını 8,1 milyard kubmetrə çatdırıb, 2022-ci ildə isə uyğun göstəricinin 12 milyard kubmetrə çatdırılması planlaşdırılır. Azərbaycandan Avropaya qaz təchizatını hər il artıraraq 2027-ci ilə qədər bu rəqəmi 20 milyard kubmetrə çatdırmaq üçün öhdəlik var.

Serbiya Azərbaycan qazı vasitəsilə Rusiyadan olan asılılıq dərəcəsini azaltmaq üçün Yunanıstan-Bolqarıstan interkonnektorunu həyati əhəmiyyətli marşrut kimi görür. Ancaq bu, Rusiyanın Serbiya bazarlarındakı dominantlığını hələlik şübhə altına qoyan ixrac həcminə malik deyil.

İstənilən halda, Azərbaycanın Avropa bazarlarındakı ixrac həcmini genişlətməklə bağlı öhdəliyi yerinə yetirilir və Qərb tədrici proseslərlə Rusiyanı oyundan kənarda tutmaq üçün əlindən gələni edir. Üstəgəl Azərbaycanın hansı mənbələr hesabına qaz bazarlarındakı ehtiyacları dolduracağı da aktualdır, hərçənd ki, Bakı hər necə olursa-olsun öz öhdəliklərinə sadiqlik nümayiş etdirəcək.

İlham Əliyev Azərbaycanla Rusiyanın yeni razılaşması fonunda məharətli oyunçu olmaq qabiliyyətini göstərir. Bakı Moskva ilə imzalanan yeni sənədə uyğun olaraq, bu ilin noyabrın 15-dən Rusiyadan qaz tədarük edir və mümkündür ki, bununla daxili tələbat üçün yaranacaq riskləri aradan qaldırır.

Azərbaycanın daxili tələbatı ödəmək üçün ikinci mənbəsi Türkmənistan qazıdır və lazım olan miqdarı (1,5-2 milyard kubmetr) İran üzərindən idxal edir. Ancaq Azərbaycanla İran arasında yaranan gərginliklər həmin marşruta risk yarada və Tehran həmin sazişdən çıxa bilər. Ona görə də Azərbaycan ehtiyat variant kimi Rusiya ilə energetika sahəsindəki əməkdaşlığı format edərək ona yeni “proqram” yükləməyə nail oldu.

Ancaq Qərb Rusiyanın hiyləgər davranmaq təcrübəsinə istinad edə bilər, çünki Moskva öz qazının Azərbaycan üzərindən Avropaya satılmasında maraqlı tərəf olmaq qabiliyyətinə malikdir. İlham Əliyevin Aleksandar Vuçiçlə görüşlərinin fonu məhz qeyd etdiyimiz enerji amilləri ilə rənglənir və görünür ki, Moskva da Serbiyanı əldən buraxıb onu rəqiblərinə yem etmək istəmir.

Rusiya Qərbin idealları əsasında yaranan enerji dəhlizlərini sabotaj etmək üçün müxtəlif vasitələrə əl atacaq, lakin Vuçiç bilir ki, Azərbaycanın Moskva ilə yaxşı əlaqələri Kremlin müəyyən ambisiyalarını müvəqqəti də olsa təxirə sala bilər. Serbiya lideri İlham Əliyevə ona görə dərin ehtiram göstərir və etibarlı tərəfdaş olduğunu vurğulayır.

Qurulan platforma və Əliyevin səfəri zamanı Azərbaycanla Serbiya arasında imzalanan bir sıra sənədlər iki ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşılması ideyalarını da davam etdirəcək. Strateji tərəfdaşlıq Azərbaycanın bundan sonra da beynəlxalq təşkilatlarda Ermənistan əleyhinə Serbiyanın dəstəyini qazanması üçün əla zəmindir. Üstəgəl iki ölkə arasında hərbi-texniki əməkdaşlıq da gündəlikdə özünə yer tutacaq.

Əliyev-Vuçiç danışıqları Balkan yarımadasını xüsusi həssaslıqla strateji süzgəcindən keçirən Türkiyə üçün də önəmlidir. Ankara Balkan yarımadasında münaqişə qazanlarının qaynaması riskində Serbiyanın mövqeyini diqqətdə saxlayır, regionun sabitliyinin daha çox Serbiyadan asılı olduğunu başa düşür. Bu baxımdan Ankara Serbiyanın Avropa Birliyinə inteqrasiyasını dəstəkləyir ki, Belqrad gələcəkdə Rusiya mərkəzli oyunlarda yer almasın.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın