“Türkiyə öz bölgəsində barış, əmin-amanlıq və rifah istəyən bir ölkədir. İraqdan, Suriyadan, Qafqazdan, Qara dənizdən, Aralıq dənizindən Balkanlara qədər hər bir bölgədə bu mövqeyimizi nümayiş etdirmişik. Qara dənizin şimalındakı böhranda biz dost kimi gördüyümüz Rusiya və Ukraynanı problemlərini dialoq yolu ilə həll etməyə çağırırıq”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin nazirlər kabinetinin toplantısından sonra verdiyi açıqlamasında deyib.

Dövlət başçısı Türkiyənin bu məsələdə çoxşaxəli diplomatik təşəbbüslərini fasiləsiz davam etdirdiyini vurğulayıb: “Rusiya ilə Ukrayna arasında sülh və sabitliyin təmin edilməsi üçün çoxşaxəli diplomatik təşəbbüslərimizi davam etdirmişik və davam etdirəcəyik. Biz Rusiyanın Ukrayna torpaqlarına hücumunu qəbuledilməz hesab edirik. Ukrayna administrasiyası və xalqının mübarizəsini yüksək dəyərləndiririk”.

Onun sözlərinə görə, rəsmi Ankara Montro Konvensiyasının Türkiyəyə verdiyi səlahiyyətdən böhranın böyüməsinin qarşısını almaq üçün istifadə etməklə bağlı qərar qəbul edib:

“Bu günə kimi 5 min vətəndaşımız Ukraynanı tərk edərək ölkəmizə və başqa ölkələrə köçüb. Tələblərə uyğun olaraq evakuasiya prosesini davam etdirəcəyik. Türkiyə başda BMT, NATO və AB olmaqla, iştirak etdiyi qurumlar və birliklər çərçivəsində üzərinə düşən vəzifələri ciddi şəkildə yerinə yetirib”.

Onu da bildirək ki, Montro Konvensiyası 1936-cı il iyulun 20-də imzalanmış və həmin il noyabrın 9-da qüvvəyə minib. Konvensiya Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenliyini gücləndirib.

Montro Konvensiyasına görə, Qara dəniz dövlətlərinin Türkiyə hakimiyyət orqanlarını öncədən xəbərdar etmək şərti ilə sülh dövründə istənilən sinifdən olan hərbi gəmiləri boğazlardan keçə bilər. Bu regiondan olmayan dövlətlərin dəniz güclərinin döyüş gəmiləri üçün sinif və tonaj üzrə önəmli məhdudiyyətlər tətbiq edilib.

Bununla belə, konvensiyanın mətnində müharibə vaxtı ilə bağlı bəndlər var. Türkiyənin münaqişə tərəfi olub-olmamasından asılı olaraq, boğazlardan keçidi tənzimləmək üçün əlavə səlahiyyətləri var. Bir sıra hallarda Ankara bunun regionda güvənliyi pozacağını, ya da özünə təhlükə yaradacağını düşünərsə, hər hansı ölkəyə boğazlardan istifadəni qadağan edə bilər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın