Ziyanlı Oyunçaqlar: Stress Çarxı Uşaqlara Qadağan Olunmalıdırmı

Son bir neçə ayın ən geniş yayılmış oyuncağı olan “stress çarxı” bir sıra ölkələrdə qadağan olunsa da, Azərbaycanda getdikcə daha çox yayılmağa başlayır. Uşaqların diqqətinin dağılmasına gətirib çıxardığına görə ABŞ-ın bir neçə ştatında, Böyük Britaniya və Ərəb Əmirliyində satışdan yığışdırılan oyuncaq Bakının, demək olar ki, bütün bazar və alış-veriş mərkəzlərini bəzəyir. Materialından və dizaynından asılı olaraq 5-7 manata satılan çarxlarla yanaşı, satışda daha bahalı, hətta qızıldan düzəldilmiş “stress çarxları” da var.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı virtualaz.org-a qaynaqlanaraq bildirir ki, daha çox məktəblilərin diqqətini çəkən bu oyuncağın, əslində, stress yaratdığını düşünənlər də var. Psixoloqlar hesab edirlər ki, ümumiyyətlə, məktəb yaşlı uşaqlara bu oyuncağın alınması məsləhət deyil.

Güclü piar olunan çarxın paytaxtda ən çox satılan oyuncaq olduğunu satıcılar da doğrulayırlar.

“Sədərək” Ticarət Mərkəzində oyuncaq satışı ilə məşğul olan satıcılar deyirlər ki, çarxın alıcıları təkcə uşaqlar deyil. “Stress çarxı” indiyə qədər ən çox satılan oyuncaqdır. Həm də bunu təkcə uşaqlar almır, böyüklər də alır. Elə buradakı alverçilərin hamısının əlində var. Çox güclü reklam edirlər deyə, bunun üçün hətta ucqar rayonlardan gələnlər var”, – deyə satıcı Osman Şükürov bildirir.

Oyuncaqların Çindən gətirildiyini deyən satıcının sözlərinə görə, əksər uşaqların ağlayaraq ana-atasına aldırdıqları çarxın rəngli kolleksiyasını toplayanlar da var. Ancaq satıcı oyuncağın hər hansı neqativ təsiri ilə qarşılaşmadığını deyir: “Adi fırlanan çarxdır da, nə ziyanı olacaq ki?! 3 aydan çoxdur satıram, hələ hansısa mənfi təsirinə görə gətirib qaytaran olmayıb. Biz heç kimi məcbur eləmirik, kim istəmir, almasın”, – deyə satıcı bildirir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, oyuncaqla bağlı onlara hər hansı şikayət gəlməsə də, zəng edib “stress çarxı”nın ziyanlı olub-olmadığını soruşanlar var. “Bizə çox tez-tez istehlakçılar tərəfindən zənglər olur. Onlar bu “stress çarxı” ilə bağlı mənim fikirlərimi, zərərli olub-olmamasını soruşurlar. Təbii ki, mən insanlara bu cür oyuncaqlardan uzaq olmağı məsləhət görürəm. Çünki uşaqlarda fırlanan cismlərə maraq bəzi beyin xəstəliklərindən xəbər verir. Valideyn də uşağına bunu almaqla onu xəstəliyə cəlb etmiş olur. Əksinə, bu cihazlar daha çox stress gətirir, analitik düşüncəni zəiflədir. Uşaqlar təbiətlə təmasda olsalar, həyətdə oynasalar, onlar üçün daha faydalı ola bilər”, – deyə E. Hüseynov bildirir.

“Stress çarxı”nın zərərli olduğunu psixoloqlar da doğrulayır. Uşaq psixoloqu Narınc Rüstəmovanın sözlərinə görə, valideynlər uşaqlarını belə oyuncaqlardan uzaq tutmalıdırlar. “Valideynlər həmişə asan yollara qaçırlar. Məsələn, düşünürlər ki, “uşaq əsəb keçirib, çarx verim, başını qarışdırsın”. Əslində, müasir dövrdə hər bir uşaq stressə məruz qala bilər. Çünki məktəbə gedir, dərslərə cavab verməlidir, evdə bacısı, ya da qardaşı ilə hansısa konflikti yaşayır. Biz bir vərdişi düzəltmək üçün belə çarxı uşağa almaqla, onu başqa bir zərərli vərdişə adaptasiya etmiş oluruq. Kobud desək, bu içki içən birinin narkotikə öyrəşdirilməsi kimi bir şeydir”, – deyə psixoloq bildirir.

Psixoloq deyir ki, ona “stress çarxı” ilə stressini atan uşaqların valideynləri müraciət edirlər. “Bu yaxınlarda bir valideyn uşağı ilə bağlı müraciət etmişdi. Uşaq əsəbiləşən kimi həmin çarxı istəyir və valideyn tez çantasından çıxarıb oyuncağı uşağa verir. Və ya başqa bir uşaq var idi, onun 40-a yaxın belə “stress çarxı” kolleksiyası var idi. Hələ bu çarxın populyarlaşdığı cəmi bir neçə aydır. Əksinə, valideynlər uşaqları buna öyrətməməlidir. Uşaqda özgüvən hissi yaradılmalıdır. Çünki çarx problemin həlli yolu deyil və uşaqlarda asılılıq yaradır”, – deyə psixoloq bildirir.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Ziyanlı Oyunçaqlar: Stress Çarxı Uşaqlara Qadağan Olunmalıdırmı” üçün bir açıqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir