Yalan insanları hər zaman düşündürən və ən çox rahatsız edən mövzulardan biridir. “Yalan ayaq tutar, ancaq yeriməz” deyimi artıq bu gün əksinə, həyatımızı tamamilə bürüyərək sosial, siyasi, iqtisadi sahələrdən tutmuş özəl həyatımıza qədər yol alıb. Tanınmış yazıçı Mark Tven yalanı bir cümlə ilə çox gözəl anlatmışdır:

“Doğru ayaqqabılarını geyinməmiş yalan dünyanı artıq üç dəfə gəzir…”

Bəs nə üçün biz yalan danışırıq, bunu etməyə bizi nə vadar edir? Bu gün yalan danışmağın adi bir hal almasının səbəbi nədir? Maraqlıdır, görəsən, gün ərzində orta hesabla nə qədər yalan danışırıq? Bir dəfəmi, yoxsa beş dəfəmi..? Cavab, əlbəttə ki, “yox” olacaq. Statistik hesablamalara görə, bu, gün ərzində 50 dəfə baş verir. Təbii ki, biz bu yalanların bəzilərini fərqinə varmadan belə söyləyirik. Buna sadə bir misal gətirək. Səhər evdən çıxıb işə gedirik. Və bir tanışımız, ya da iş yoldaşımız bizdən soruşur: “Necəsən, hər şey yaxşıdırmı?” Biz də düşünmədən, özümüzdən asılı olmayaraq “Çox sağ ol, hər şey yaxşıdır”, – deyə cavab veririk. Hətta həmin an kefimiz yaxşı olmasa da… Bəs bizim səmimi, dürüst olmağımızın qarşısını nə alır? Gəlin problemə başqa-başqa prizmalardan (elmi və praktik) yanaşaq.

Öncəliklə, hər şey uşaq yaşlarımızda söylədiyimiz yalanlardan başlayır. Hardasa 3-4 yaşında olan uşaqların öz iç dünyaları olur və onlara elə gəlir ki, heç kim onların düşüncələrini oxuya bilməz. Və həmin çağlarda o, ilk yalanı danışmağa çalışır. Adətən, bu yalanlar çox qəribə və gülməli səslənirlər. Ancaq sonra – 5-6 yaşlarında söylənilən yalanlar artıq dərk olunmuş və ən önəmlisi mühakimə olunmaq, cəzalandırılmaq qorxusundan doğan yalanlardır. Buradan uşaq belə nəticəyə gəlir ki, o, yaxşı uşaq deyil. Ona görə yox ki, yalan danışdığı üçün özünü təqsirkar sayır, əksinə, yalanının üstü açıldığına, onu gizlədə bilmədiyinə görə. Və ən önəmlisi də odur ki, uşaqlar hər zaman böyüklərin etdiklərini təkrarlamağa çalışırlar. Əgər uşaq hər gün evdə ata-anasının daim bir-birinə, ya da yanlarındakılara yalan danışdığını görürsə, o, bu hərəkətin normal bir hal olduğunu düşünəcək və özü də başqalarına qarşı eyni hərəkəti təkrarlayacaqdır.
Elmi cəhətdən araşdırdıqda yalan – insana doğuluşdan xas olan psixoloji özünümüdafiə vasitəsidir. İnsan bir qayda olaraq, şüurlu şəkildə nəticəsi yalan üzərində qurulan qərarlar qəbul edir. Əxlaq baxımından yanaşdıqda isə yalan – mənfi, etik olmayan bir hal kimi dəyərləndirilir. Ancaq bunun ictimai qınaq kimi qarşılanmasına baxmayaraq, biz həyatımızda hər gün yalandan dəfələrlə yararlanırıq.

Ümumiyyətlə, insanlar yalandan müxtəlif məqsədlər üçün “bəhrələnirlər”. Bəziləri özəl ambisiyalarını, maraqlarını güddüyü üçün, bəziləri tənqid obyekti olmaqdan qorxduğu üçün, bəziləri özünə qarşı gərəkli diqqəti görmədikdə, bəziləri də  heç bir şərtsiz, özlərindən asılı olmayaraq yalanlar uydururlar. Əksər insanlar isə başqalarının gözündə daha yaxşı, daha sayğılı görünmək üçün yalan danışır. Bununla bağlı ekspertlər hesab edir ki, bu yolla, yəni yalan danışarkən, biz nəinki başqalarının gözündə, eyni zamanda öz gözümüzdə də yaxşı bir insan kimi görünməyə çalışırıq. ABŞ-ın Massaçusets ştatı Universitetinin psixoloqu Robert Feldman durumu belə açıqlayır: “Biz güman edirik ki, insanlar özünüdəyərləndirmə dərəcələrinin təhlükə altına düşdüyünü duyanda ən eybəcər, çirkin yalanlardan yararlanmağa başlayırlar”.

Sıradakı bir sual da bizləri düşündürə bilər. Görəsən, daha çox kişilər, yoxsa qadınlar yalana can atırlar?! Təbii ki, kişi yalanları ilə qadın yalanları müəyyən məqamlarda bir-birindən fərqlənir. Kişilər demək olar ki, heç də qadınlardan az yalan danışmırlar. Əksər kişilər bir qayda olaraq, özlərini daha yaxşı təqdim etmək, əlverişli məqamlardan müəyyən qədər yararlanmaq üçün, qadınların çoxu isə başqalarının özlərini yaxşı duymaları üçün yalan danışırlar. Əlbəttə, insanların fərdi keyfiyyətlərindən, şəxsiyyət kimi formalaşmasından da çox şey asılıdır. Bütün bu deyilənlərlə birlikdə, eyni zamanda elə yalanlar da vardır ki, onları heç də təhlükəli saymaq olmaz. Bir çox araşdırmaçılar belə sayır ki, bəzən yalan insanın özünü, özəl həyatını hər hansı bir təhlükədən qorumaq üçün ən yaxşı variantdır. Belə ki, nəzakət xətrinə deyilən, kiminsə həyatına çətinlik yaratmamaq üçün deyilən və başqa yalanları bunlara misal göstərmək olar. Ancaq “ağ yalan” ən zərərli yalanlardan sayılır. Bu cür yalanlar insanların bir-birinə olan inamını azalda, eyni zamanda yaxın münasibətlərin üstündən ömürlük xətt çəkə bilər.

Əks cinslər arasında yalan necə baş verir?

İnsanların sevgi münasibətlərində bir-birlərinə nə üçün yalan söylədiyini anlamaq, yəqin, çox çətindir. Belə güman etmək olar ki, bunun başlıca səbəblərindən biri tərk edilmək qorxusudur. Yəni insanlar yalnış anlaşılmaqdan, qarşı tərəfin onu qəbul etməməsindən qorxduğu üçün, həmçinin əsl doğrunu ört-basdır etməklə, ya da yalnız özəl neqativ aspektləri gizlətməklə yalan danışırlar. Bu, ona görə baş verir ki, həmin insanların özünə qarşı kompleksləri var və o, qarşı tərəfin bunu bilməsini istəmir. Ən qəribəsi də odur ki, insanlar həyatlarının hansısa anında yalanının üstünün açılacağını bildiyi halda yenə bunu edirlər. Buradan da belə nəticəyə gəlmək olar ki, yalan insanlarda haradasa müvəqqəti rahatlıq, “toxluq”, özünüqoruma duyğusu yaradır.

İnsanlar işdə nə üçün yalan danışırlar?

İnsanların işdə yalan danışmaqlarının bir neçə səbəbi var. İxtisarlar və tapşırıqların yerinə yetirilməsi zamanı şiddətlənən rəqabət və insanların daha yüksək postlar tutmağa can atması çox vaxt onları yalan danışmağa sövq edir. Yalan həm də bəzi insanlar tərəfindən həmkarına – rəqibinə zərbə vurmaq, onu ötüb keçmək məqsədilə, qara yaxmaqla da müşahidə olunur. İnsanlar, həmçinin öz mənfi imiclərini müsbətə doğru dəyişdirmək yönündə də yalana gedirlər.

Mütəxəssislər işdə yalanın baş vermə səbəbini insanın özünəhörmət və hissiyyatına olan təhlükə və hədələrdə görürlər. “İşdə öz həmkarlarımıza yalan danışan zaman özünəhörmət və hissiyyatımıza olan təhlükələr, hədələr bizim üzərimizdə hakim olur”, – deyə Albert Univeristetinin əməkdaşı Cennifer Arqo söyləyir. Onun həmmüəllif olduğu son araşdırmalar belə deməyə əsas verir ki, insanlar işdə – öz həmkarlarına qarşı yalan danışmağa daha çox can atırlar, nəinki başqalarına qarşı. “Biz başqa insanların əhatə dairəsində olanda (özəlliklə də bu, ya da başqa səbəbdən bizim biganə qalmadığımız insanların əhatəsində olanda) özümüzlə bağlı həm də yaxşı təəssürat oyatmaq istəyirik, eyni zamanda özümüzə dəyəri və sayğını da saxlamağa çalışırıq”, – deyə Arqo bildirir.

Sonda isə, gəlin yalan danışıb imicimizi, şəxsiyyətimizi təhlükə altına atmayaq. Əgər hansısa səbəbdən məcbur olub birinə yalan söyləyəriksə, bunu özəl bir qeyd kitabçamıza qeyd edək. Çünki haçansa həmin mövzü açılanda, eyni yalanı söyləyə bilək. Deməli, yalanlar müxtəlif çeşidli ola bildiyi halda, doğru yalnız bir ola bilər. Və ona görə də, biz öz üzərimizdə çalışmalıyıq ki, bu pis vərdişdən uzaq olaq… Feldman söyləyir ki, insanlar hər bir şəxsin yalana olan meyillilik dərəcəsindən daha artıq xəbərdar olmalıdırlar. Və yalnız düzgünlük, əsl səmimi münasibətlərin və güvənin yaranmasına vasitəçilik edir. Düzgünlük toplumumuzda normaya çevrilə bilsə, biz ən yaxşılardan olacağıq. Tanınmış bir məsəldəki kimi, düzgünlük – ən yaxşı siyasətdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın