Uzun illərdir hər il aprelin 24-də bütün dünyada yaşayan ermənilər və ermənipərəstlər “Erməni soyqırımı”nın ildönümünü qeyd edirlər.

Onlar yürüşlər, mitinqlər konfranslar keçirir, sonra da Türkiyə bayrağına od vururlar (qeyd edək ki, 1915-ci ildə müasir Türkiyə Cumhuriyyəti mövcud olmayıb).

XX əsr ərzində erməni diasporu tərəfindən ABŞ və Qərbi Avropa ölkələrində “soyqırım industriyası” yaradılmışdır. Çoxsaylı təşkilatlar, assosasiyalar, liqalar, fondlar və “elmi mərkəzlər” dünyaya yalan dolu “erməni soyqırımı” haqqında “həqiqəti” çatdırmaqla məşğuldur.

Bunun üçün onlar mütəmadi olaraq kitablar nəşr edir, konfranslar və dəyirmi masalar keçirir, filmlər çəkir və KİV-lərlə aktiv işləyirlər.

Ermənistan müstəqil olduqdan sonra “soyqırım industriyası” bu respublikada genişlənmiş və dərin köklər salmışdır.

Soyqırım faktoru dünyadakı erməniləri birləşdirən ən başlıca amildir. Ermənilər üçün 1915-ci il hadisələri sadəcə faciə və yaxud “soyqırım” deyil, bu onların dünəni, bu günü və sabahıdır. Bütün dünyada qondarma soyqırımın tanıdılması və qəbulu ermənilər üçün artıq nəsildən-nəsilə ötürülən ən ümdə məsələyə çevrilmişdir.

Ermənistandakı ağır sosial-iqtisadi vəziyyət, hər il on minlərlə erməni vətəndaşını ölkələrini tərk etməyə vadar edir. Lakin buna baxmayaraq erməni diasporu hər il on milyonlarla dollar vəsaiti qondarma soyqırımın təbliğinə, xarici siyasətçilərin, tarixçilərin və jurnalistlərin satınalınmasına sərf edir.

Nəsildən-nəsilə ermənilər öz uşaqlarına türklərə nifrət etməyi, onların (türklərin) insan olmadıqlarını öyrədirlər. Bu nifrət 1970-80-ci illərdə bir neçə erməni terror təşkilatlarının yaranmasına və “uğurlu” fəaliyyətinə rəvac verdi.

1970-80-ci illərdə türk diplomatlarını qətlə yetirən, Avropada və ABŞ-da terror aktları törədən erməni qatilləri və terrorçuları Ermənistanda milli qəhrəmanlara və ümummilli pərəstiş obyektlərinə çevrildilər.

Erməni ədibləri onlara şeirlər və epik poemalar həsr etdir, öz əsərlərində qatilləri və terrorçuları vəsf etdirlər.

Lakin gəlin bu məsələni bir neçə yerə bölək və məsələyə daha geniş baxaq. Birinci ondan başlayaq ki, 1915-ci il hadisələrinin dünyada Soyqırım kimi tanıdılması Ermənistana və ermənilərə nə verəcək?

Bu istiqamətdə erməni dövlətinin və diasporunun kifayət qədər aydın planları var. Rüşvət, şantaj və saxtakarlıqla mümkün olduğu qədər çox Avropa ölkəsində və ABŞ-da qondarma soyqırımı rəsmi səviyyədə qəbul etdirmək.

1915-ci il hadisələrinin soyqırım kimi rəsmi dairələr tərəfindən qəbulu, erməni planının yalnız ilkin mərhələsidir.

Növbəti mərhələ “soyqırım” zamanı həlak olanların və mülkiyyətini itirənlərin “varislərinin” Türkiyə dövlətindən təzminat tələbi olacaq.

“Soyqırım” əməliyyatının son mərhələsi Türkiyədən torpaq tələbləridir. Ermənilər Türkiyənin şərqini “Qərbi Ermənistan” əraziləri hesab edir, və bu torpaqlara iddialıdırlar.

Əlbətdə ki, bu iddialar bizim üçün gülüncdür və gülünc olduğu qədər də reallıqdan uzaqdır. Fəqət ermənilər üçün bu belə deyil. Onlar buna inanır və haçansa “Qərbi Ermənistanı” “azad” edəcəklərinə ümid edirlər.

Lakin, əgər onlar faktlara real baxmaq üçün özlərində güc tapa bilsəydilər arzularının nə dərəcədə absurd, səylərinin isə mənasız olduğunu başa düşərdilər. Lakin onlar bunu edə bilmirlər, çünki onilliklərlə türklərə nifrət şəraitində yaşamış insanlara fikirlərindən dönmək çox çətin, faktiki isə mümkünsüzdür. Daşnaklar və bəzi qərb dövlətləri tərəfindən aparılmış antitürk təbliğatı öz bəhrəsini verir, ermənilər yalnız özlərinin uydurduğu “reallığa” inanırlar.

Unutmaq olmaz ki, türklər ermənilərdən fərqli olaraq imperiya yıxmış və imperiya yaratmış, məhv olmuş imperiyanın xarabalıqları üzərində güclü müstəqil dövlət yarada bilmiş bir millətdir. Belə millətlə təhdid və hədə-qorxu yolu ilə danışmaq mənasızdır.

Tarixləri boyu güclülərin əlində oyuncaq olmuş ermənilərə bunu anlamaq çətindir.

Əfsuslar olsun ki, Azərbaycanda da çox adam 1915-ci ildə Osmanlı İmperiyasında nələrin baş verdiyindən xəbərsizdir.

Birinci Dünya Müharibəsi zamanı ermənilərin Osmanlı İmperiyasında oynadığı rol, göstərdikləri fəaliyyət bizim təhqiqatçılar tərəfindən demək olar ki, araşdırılmayıb.

Əsrlər boyu ermənilər Osmanlı İmperiyasında digər xalqlarla baş-başa, dinc bir şəraitdə yaşayıblar. İmperiyanın dincliyini pozan XIX əsrdə bura ayaq açmış qərbli missionerlər oldu. Belə ki, missionerlər missionerlik fəaliyyətindən daha çox, siyasi fəaliyyətlə məşğul olurdular. Daha dəqiq desək, onlar buradakı qeyri müsəlman xalqları hökumətə qarşı üsyana təşviq edirdilər.

Missionerlər Osmanlı İmperiyasında onların arxasında duran Avropa dövlətlərərinin maraqlarını qorumaq və təsir gücünü artırmaq üçün gecə-gündüz çalışırdılar. Bu məqsədə çatmaq üçün Osmanlı dövlətini zəiflətmək, Qərbdən asılı vəziyyətə salmaq lazım idi. Yunanlarla, bolqarlarla, ermənilərlə və digər qeyri müsəlman xalqlarla işləyən missionerlər tez bir zamanda anladılar ki, Osmanlı İmperiyasının şərqində yaşayan ermənilər ölkə daxilində “V kolon” rolunu oynaya bilər ki, bu da Avropa dövlətlərinin Osmanlını zəiflədib özünə tabe etmək planına əsaslı kömək edər.

XIX əsrin ikinci yarısından etibarən, missionerlərin fəaliyyəti əsasən ermənilərə yönəlir. Missionerlərin açdığı məktəblərdə təhsil alan erməni gəncləri antitürk təbliğatının hədəfinə çevrilirlər. Beləliklə, bu məktəbi bitirənlər türklərə və Osmanlı dövlətinə nifrət edir və düşmən münasibət bəsləyir.

Missionerlərin ermənilərə yönəlmiş fəaliyyəti XIX əsrin ikinci yarısında öz bəhrəsini vermiş, erməni üsyanlarının başlanmasına səbəb olmuşdu. Bu üsyanlar əsrin sonuna yaxın daha da çoxalmış və kütləvi xarakter almışdır.

Ermənilərin kompakt şəkildə yaşadığı heç bir vilayətdə onlar say nisbətində çoxluq təşkil etmədiyinə baxmayaraq, missionerlər ermənilərin arasında “azad, müstəqil, xristian Ermənistanı” haqqında ideyanı yaymaq işində xeyli uğur qazana bilmişdilər.

Ermənilərin planlarına əsasən, Osmanlı İmperiyasının şərqində 7 vilayətin ərazisində müstəqil Ermənistan dövləti qurulmalı idi. Bu ərazidə yaşan digər xalqların nümayəndələri isə ya burdan qovulmalı, ya da fiziki məhv edilməli idi.

Qərb dövlətləri, erməni üsyanlarından Osmanlı dövlətinin iç işlərinə qarışmaq və bununla öz mövqeyini möhkəmlətmək üçün məharətlə istifadə edirdi. Təsadüfi deyil ki, erməni üsyançıları üçün silahları ilkin mərhələdə Avropa dövlətləri (sonradan onlara Rusiya da qoşuldu) göndərirdi. Çox vaxt silahların paylanmasını avropalı və amerikalı missionerlər həyata keçirirdi. Bəzən erməni kilsələri, monastırları və missionerlərin açdığı erməni məktəbləri silah anbarları kimi istifadə olunurdu.

Üsyanlara və ermənilərin törətdiyi terror aksiyalarına baxmayaraq, Osmanlı İmperiyasında ermənilər kifayət qədər yaxşı yaşayırdılar. Bir çox ermənilər dövlət qulluğunda xidmət edirdi. Onların arasında səfirlər, konsullar, müxtəlif dövlət idarələrinin rəhbərləri, eləcə də nazirlər var idi. Ticarət sahəsində ermənilər yunanlar və yahudilərlə yanaşı aparıcı mövqelərə malik idilər.

Lakin buna baxmayaraq antitürk təbliğatı öz işini görürdü. Bu təbliğatın bir nəticəsi də onda idi ki, “Ermənistanın azadlığı uğrunda vuruşan” bir çox erməni təşkilatları yaranmağa başladı. Bu təşkilatların yaranmasında qərbdən qəlmiş missionerlərin, diplomatların rolu böyük idi. İlkin vaxtlarda bu təşkilatların demək olar ki, hamısı xarici maliyyə vəsaiti ilə maliyyələşirdi. Lakin sonralar bu təşkilatların rəhbərləri özünə yeni maliyyə mənbəyi tapdılar. Bu mənbə varlı ermənilər idi. Erməni millətçiləri varlı erməniləri özlərinə xərac verməyə məcbur edirdilər. Xərac vermək istəməyənlər isə ciddi şəkildə cəzalandırılırdı. Bəzi varlı ermənilər millətçilərə xərac vermədikləri üçün sonuncular tərəfindən qətlə yetirilmişdi.

XIX əsrin ikinci yarısının mənzərəsi belə idi. Məşhur “erməni məsələsi” termini də məhz bu dövrdə işlənməyə başlayır.

Osmanlı İmperiyası kiçildikcə və zəiflədikcə ermənilərin də aktivliyi artır, daha çox sui-qəsd, daha çox terror aktı və üsyanlar baş verir.

1905-ci ildə erməni terrorçuları Sultan Əbdülhəmidə sui-qəsd təşkil edir. Bu sui-qəsd nəticəsində 26 nəfər həlak olur, 58 nəfər isə yaralanır. Xoşbəxtlikdən sultan xəsarət almır. Hökumət terrorçuları həbs etsə də bir müddət sonra qərb dövlətlərinin təzyiqi ilə azadlığa buraxır. Avropanın “xəstə adam” adlandırdığı Osmanlı İmperiyası, erməni separatizminə və terrorizminə qarşı effektiv mübarizə apara bilmirdi.

XX əsrin əvvəllərindən etibarən aparıcı dünya dövlətləri arasında kəskinləşən münasibətlər Osmanlı İmperiyasını da seçim etməyə məcbur etdi: İmperiya Almaniya və Avstriya-Macarıstan ittifaqına qoşuldu.

XX əsrin əvvələrində Osmanlı İmperiyası apardığı demək olar ki, bütün müharibələri uduzan, xeyli ərazi itirən, zəif və nizamsız orduya malik bir dövlət idi. Həmçinin Balkanlardakı torpaqlarını bir-birinin ardınca itirən Osmanlı dövlətinə, itirilən torpaqlardan çox sayda qaçqınlar qəlməkdə idi. Aqrar və zəif inkişaf etmiş bir iqtisadiyyata malik olan dövlət üçün bütün bunlar məhvedici təsir göstərirdi.

1914-cü ildə Osmanlı İmperiyası Almaniyanın müttəfiqi kimi Birinci Dünya Müharibəsinə qoşuldu. Eyni vaxtda bir neçə cəbhədə döyüşməyə məcbur olan Osmanlı ordusu Yaxın şərqdə, Qafqazda və Balkanlarda ağır itkilər verirdi. Amma itkilərə baxmayaraq türklər rəşadətlə vuruşurdu. Müttəfiq orduları heç gözləmədikləri bir dirənişlə qarşılaşmışdılar. Türklərin bu dirənişi müttəfiqlərin tez bir zamanda Osmanlı ordusunu əzmək, körfəzlərə nəzarəti ələ almaq və bütün güclərini Almaniya və Avstriya-Macarıstana qarşı səfərbər etmək planını pozdu. Bünu görən müttəfiq dövlətlərin rəhbərləri Osmanlını məğlub etməyin başqa yollarını axtarmağa başladılar.

Bu zaman hələ XIX əsrdən öyrədib silahlandırdıqları ermənilər onların işinə yaradı. Müttəfiqlərin planı çox sadə idi: Osmanlı İmperiyasında (özəlliklə onun şərqində) yaşayan ermənilərdən partizan kimi istifadə etmək, onları arxa cəbhədə diversiya aktlarının keçirilməsinə cəlb etmək, daha sonra isə üsyan yolu ilə türk ordusu ilə açıq döyüşə sövq etmək idi.

Bu məqsədlə müttəfiqlər ermənilərdən nə pul, nə də silah əsirgəmirdi. Erməni millətçi-terrorist partiyaları olan Hnçaq və Daşnaksütun İngiltərə, Fransa və Rusiyanın bu məsələdə ən başlıca əlaltısı oldu.

Bu partiyaların iştirakı ilə ermənilərdən ibarət silahlı dəstələr yaradıldı. Bu dəstələr əsasən ölkənin şərqində fəaliyyət göstərirdi. Onların başlıca vəzifəsi cəsusluq, təxribat və terror aktları törətmək idi. Lakin türk ordusunun cəbhədə olmasından və kəndlərin, eləcə də digər yaşayış məntəqələrinin faktiki müdafiəsiz qalmasından istifadə edən azğınlaşmış erməni quldurları müsəlman kəndlərinə hücum eləməyə başladılar. Erməni silahlı dəstələrinin və müttəfiq ordularının nəznində (xüsusən rus ordusunun) yaradılmış erməni könüllü hərbi dəstələrinin fəaliyyəti nəticəsində yüz minlərlə müsəlman (əsasən türklər və kürdlər) vəhşicəsinə qətlə yetirilmiş, bir neçə milyonu isə doğma yurdlarını tərk etməyə məcbur olmuş, əmlakları talan olunmuşdur.

Arxa cəbhədə fəaliyyət göstərən erməni dəstələri dinc əhaliyə divan tutmaqla yanaşı, kiçik hərbi dəstələrə də hücum edir onları amansızlıqla qətlə yetirirdilər. Ermənilər hətta şərq vilayətlərindən birində hərbi hospitala hücum edib oradakı yaralıları və həkimləri vəhşicəsinə qətlə yetirməkdən belə çəkinmədilər.

Erməni quldurlarının bu fəaliyyəti ön xətdə olan türk ordusunun əməliyyatlarını çətinləşdirirdi. Ordunun təchizat məsələləri xeyli müşgülləşmişdi. Dinc əhali arasında xeyli ölən və qaçqın vəziyyətinə düşmüş insanlar var idi. Ermənilər yaşadıqları ölkəyə xəyanət etmiş, onsuz da çökməkdə olan imperiyanı var gücləri ilə içəridən dağıdırdılar.

Belə bir şəraitdə ənənəvi üsullarla ermənilərin öhtəsindən qələ bilmədiyini görən Osmanlı hökuməti 1915-ci ildə cəbhəyə yaxın yerlərdən erməni əhalisini imperiyanın digər ərazilərinə, yəni müasir Suriya və İraq ərazisinə köçürmək qərarını alır. Köçürülmə ilə yanaşı İstanbulda və imperiyanın başqa böyük şəhərlərində erməni komitələrinin və başqa millətçi erməni təşkilatlarının rəhbərləri, eləcə də fəal üzvləri həbs olunur, onlardan bəziləri edam edildi. Həbslər 1915-ci il aprelin 24-də baş verir. Məhz bu günü ermənilər yalançı soyqırım günü hesab edir.

Hökumətin qərarına əsasən (Tahcir Kanunu) ermənilərə məxsus olan mülklər, torpaq sahələri və digər əmlakın dəyəri müəyyənləşdirilməli və təzminat şəklində sahiblərinə ödənməlidir. Həmçinin dövlət daşınan əmlaklarının yeni yaşayış yerlərinə aparılması üçün ermənilərə imkan yaradır və vəsait ayırırdı. Köç etdirilən ermənilərin yolda qorunması üçün onlara mühafizə ayrılırdı həmçinin onları həkimlər də müşayət edirdi.

O zaman Osmanlı İmperiyasının bir neçə cəbhədə müharibə apardığını nəzərə alsaq, belə bir şəraitdə bu qədər insanın köçürülməsinin nə dərəcədə çətin iş olduğunu təsəvvür etmək olar. Köçürülən insanların yolda keçirdiyi vaxt ərzində onların arasında ərzağın çatışmamazlığı, tibbi yardımın vaxtında göstərilə bilməməsi ucbatından vəfat edənlər var idi.

Bununla belə bir çox erməni yolda kürd və çərkəz silahlı dəstələrinin hücumuna məruz qalır, qarət edilir, qətlə yetirilirdi. Qeyd edək ki, bu hücum zamanı köç etdirilən erməniləri qoruyan türk əsgərləri də qətlə yetirilirdi.

Bəzən köçürülmə yerinə sağ-salamat çatan ermənilər, qarət məqsədi güdən yerli ərəb tayfalarının da hücumuna məruz qalırdılar ki, bu da çox vaxt tələfatla müşayət olunurdu.

Bütün bu tələfatlara erməni təbliğatçıları “soyqırım” donu qeyindirmək istəyir. Onların iddiasına görə türk hökuməti ermənilərin köçürülməsi ilə yox, onların kütləvi qətlləri ilə məşğul idi. Lakin türk hökumətinin erməniləri fiziki məhv etmək istəməsini yalanının heç bir sübutu yoxdur.

Ermənilər sübut kimi özlərinin 1920-ci illərdə saxtakarlıq yolu ilə düzəltdikləri “Tələt Paşanın teleqramlarını”, Osmanlı İmperiyasında o zaman fəaliyyət göstərən və türklərə düşman münasibət bəsləyən xarici missioner və diplomatların yazdıqlarını, eləcə də müttəfiq dövlətlərinin Osmanlıya qarşı təbliğat vasitəsi kimi çap edilmiş bir sıra kıtabları göstərir.

Erməniləri müdafiə edən qərbli tarixçılərin demək olar ki, hamısı “erməni soyqırımını” araşdırarkən müraciət etdiyi mənbələr yuxarıda adı çəkilənlərdir.

“Erməni soyqırımı” məsələsində ermənilərin və onların tərəfdarlarının ən çox müraciət etdiyi “faktlardan” biri 1,5-2 milyon erməninin qətlə yetirilməsi yalanıdır. Onu da deyim ki, qərbli tarixçilər bir qayda olaraq, bu hadisələr zamanı qətlə yetirilmiş müsəlmanlar haqqıda ən yaxşı halda susmağa üstünlük verirlər. Bəziləri isə daha irəli qedib, müxtəlif yollarla ermənilərin qətlə yetirdiyi müsəlmanların əslində, türklər tərəfindən qətlə yetirilmiş ermələr olduğunu “sübut” etməyə çalışır. Əfsuslar olsun ki, bəzən tarixçiyə və elm adamına yaraşmayan bu cür üsullar qarşı tərəf üçün faydalı olur və erməni təbliğatının işinə yarayır.

Erməni təbliğatçıları köç zamanı ərəblər, çərkəzlər və kürdlər tərəfindən öldürülmüş erməniləri də türklərin ayağına yazır, bunu Tələt Paşanın planı kimi qələmə verir.

Oxucuda sual yarana bilər ki, kürdlər və çərkəzlər niyə ermənilərə hücum edib, onları qətlə yetirirdilər? Ərəblərin bunu niyə etməsini yuxarıda göstərmişəm. Kürd və çərkəzlərə qəldikdə isə, onlar sadəcə olaraq özlərinin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş soydaşlarına görə qisas alırdılar. Məsələ orasındadır ki, müttəfiqlərin ermənilərə öz dövlətlərini qurmaq üçün vəd etdiyi torpaqlarda əhalinin böyük hissəsi müsəlmanlardan ibarət idi. Yəni heç bir vilayətdə ermənilər çoxluq təşkil etmirdi. Bu vilayətlərin əhalisinin böyük hissəsi kürdlərdən ibarət idi. Həmçinin burada çərkəzlərin də yaşadığı kəndlər az deyildi.

Qurulacaq Ermənistan dövləti üçün bu torpaqlar müsəlmanlardan təmizlənməli idi və ermənilər buraları müsəlmanlardan təmizlənməyin yeganə yolu kimi kütləvi qətllər və qırğınlar törədirdilər.

Ermənilərin əlindən qısa zaman ərzində minlərlə türk, kürd və çərkəz həlak olmuş, talanmış, ya da qaçqın vəziyyətinə düşmüşdü.

Hökumətin 1915-ci ilin mayında çıxardığı köç haqqında qanun dövlətə tabe olmayan kürd və çərkəz silahlılarına ermənilərdən qisas almaq üçün əlverişli məqam oldu.

Ermənilərin başqa bir yalanı Osmanlı İmperiyasında yaşayan ermənilərin sayı haqqındadır. Beləki erməni müəlliflərinə inansaq, Osmanlı dövlətində 2,5-3,5 milyon erməni yaşayırmış. Lakin imperiyanın rəsmi statistikası 1914-cü ildə bütün imperiyada 1 219 323 nəfər erməninin yaşadığını xəbər verir (Osmanlı dövlətinin statistika idarəsinə bir erməni məmur rəhbərlik edib).

Mənim Osmanlı dövlətinin rəsmi statistikasına inanmamağa əsasım yoxdur. Ancaq mən bilərəkdən bu statistikadan deyil, yumşaq desək Osmanlı dövlətinə yaxşı münasibət bəsləməyən mənbələrin göstərdiyi məlumatlardan istifadə edəcəyəm.

Beləliklə, Fransada mütəmadi nəşr olunan “Sarı Kitab” (Livre Jaune) ermənilərin sayını 1 475 011 nəfər, Britaniya ensiklopediyası (Britannica) 1 500 000 nəfər, məşhur almaniyalı missioner, “Şərqdə xristianlara yardım” təşkilatının qurucusu, müsəlmanlara və başlıca olaraq türklərə düşmən münasibət bəsləyən İohannes Lepsius öz kitablarında Osmanlıda ermənilərin sayı haqqında yazarkən imperiyada 1 600 000 erməninin yaşadığını göstərir.

Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu rəqəmlər bütün imperiyada yaşayan ermənilərin sayıdır. Köç qanunu isə əsasən şərqdə yaşayanlara şamil edilirdi.

Bu rəqəmlərdən aydın olur ki, ermənilərin iddia etdiyi 1,5-2 milyon qurban olmayıb, ola da bilməzdi.

Bunu sübut edən bir çox tarixi sənəd də var. Məsələn, Fransada ermənilərin nümayəndəsi olan Boqos Nübar paşa 1918-ci ilin dekabrında Fransa Xarici İşlər Nazirliyinə yazdığı məktubda köç qanununa əsasən köçürülən ermənilərin sayı haqqında məlumat verir.

O, bu sayın 600-700 min nəfər olduğunu yazır. Boqos Nübar paşa xeyli erməninin ərəb vilayətlərində (müasir Suriya və İraq ərazisi) səhrada olduğunu əlavə edir. Erməni və ermənipərəst qərb tarixçilərinin dediklərinə inansaq “soyqırım” 1915-ci ildən 20-ci illərin əvvəlinə kimi davam etmişdir. Onda sual yaranır, necə olur ki, üç ildir ki, “soyqırım davam edir”, və köçürülən əhalinin böyük hissəsi sağ-salamatdır.

Bu suala qarşı tərəf məntiqi və əsaslandırılmış cavab verə bilmir.

Gördüyümüz kimi, əgər türklər istəsəydilər də 1,5-2 milyon ermənini qətlə yetirə bilməzdilər. Amma ermənilərin və onların havadarlarının təbliğat maşını belə kiçik, əhəmiyyətsiz detallara fikir verməməyi üstün tutur.

Nəhayət, Birinci Dünya Müharibəsi bitəndən və Osmanlı İmperiyası süqut edib tarixə qovuşandan sonra, müttəfiqlər Osmanlıdan qalmış mirasın bölüşdürülməsinə başladılar.

Bu bölüşdürmə zamanı əlbətdə ki, onlar ermənilərə verdikləri bütün vədləri yaddan çıxardırlar. Ermənilər öz işlərini görmüşdülər, müttəfiqlər üçün onlar artıq maraqlı deyildi.

Erməni məsələsi demək olar ki, uzun müddətlik gündəmdən düşür, ikinci, üçüncü dərəcəli məsələyə çevrilir.

Birinci Dünya Müharibəsindən sonra bir çox erməni Avropaya və ABŞ-a köçmüşdü. Daşnaksütun və digər millətçi erməni təşkilatları öz fəaliyyətlərini Avropa və ABŞ-a köçürmüşdü. Qərbdə yaşayan ermənilər surətlə assimilyasiyaya uğrayırdılar. Millətçi təşkilatların, xüsusən Daşnaksütunun rəhbərləri anladılar ki, əgər bir az da belə qetsə, onlara idarə etmək üçün erməni qalmayacaq və onlar tarix səhnəsindən tamam silinəcək.

Bunun qarşısını almaq və erməniləri öz ətraflarında birləşdirmək üçün daşnaklar “erməni soyqırımından” aktiv istifadə etməyə başladılar.

Qondarma soyqırımdan bəhs edən çoxlu kitablar və filmlər işıq üzü görməyə başladı, amma bunlar az idi. Daha ciddi, daha təsirli nəsə lazım idi. Bu elə bir şey olmalı idi ki, həmin an təsir göstərə bilsin. Ermənilərin “effektiv təsir vasitələri” axtarışı uzun çəkmədi. Onlar terora əl atmaq qərarına qəldilər.

1970-ci illərdən ABŞ və Avropa, eləcə də Yaxın Şərq ölkələri erməni terroru ilə tanış oldular. Bu terror 90-cı illərə kimi davam etdi. Bu zaman ərzində erməni terrorçuları tərəfindən xeyli insan öldürüldü və ya əlil oldu. Ermənilər Avropada onlarla terror aktı keçirdi, hava limanları, dəmir yolu vağzalları, səfirliklər, müxtəlif şirkətlərin ofisləri erməni terrorçularının hücumuna məruz qaldı. Onlarla türk diplomatı və onların ailə üzvləri vəhşicəsinə qətlə yetirildi.

Bir çox erməni terror təşkilatı arasında ASALA təşkilatı öz qəddarlığı və çoxsaylı əməliyyatları ilə ön plana keçdi.

Erməni millətçiləri öz çirkin əməllərini qerçəkləşdirmək üçün hər zaman olduğu kimi Erməni Kilsəsindən aktiv istifadə edirdilər. SSRİ-dən kənarda olan erməni kilsə təşkilatları, Daşnaksütuna tabe olunmuş, onun əmr və göstərişlərini icra edirdi.

Terror vasitəsilə daşnaklar və onlara yaxın olan dairələr erməni diasporu üzərində nəzarəti ələ ala bildi. Terrorun digər məqsədi isə dünya ictimayyətinin diqqətini qondarma erməni soyqırımına cəlb etmək idi.

Ermənilər öz “soyqırımlarını” dünyaya qəbul etdirmək üçün onu tez-tez Holokost ilə müqayisə edirlər. Halbuki, ikinci dünya müharibəsi zamanı faşistlərin yahudilərə qarşı törətdiyi soyqırımla, 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələri heç müqayisə etmək olmaz.

Lakin erməni millətçiləri başqa fikirdədirlər. Onların fikrincə dünyada qəbul olunmuş bir fakt olan yahudi soyqırımı ilə özlərinin yalançı soyqırımlarını hallandırsalar onların yalanına daha çox insan inanar.

Ermənilərin öz uydurma soyqırımlarının Holokostla heç bir əlaqəsi olmadığını sübut edən bir çox tarixi faktlar və sənədlər var.

Bu haqda “Ölüm-Almaniyalı xanım” (Der Tod ist ein Meister aus Deutschland, 1991 il) kitabında alman tədqiqatçıları – tarixçı Eberxard Ekkel və jurnalist Lea Roş yazır.

Onların fikrincə: “Avropa yahudilərinin məhvi unikal bir haldır. Ondan əvvəl heç bir dövlət heç zaman bir qrup insanı, o cümlədən qadınları, qocaları və uşaqları heç bir araşdırma və yoxlama aparmadan qətlə yetirməmiş və bunun üçün dövlət hakimiyyətindən istifadə etməmişdir”.

2001-ci ilin aprel ayında qondarma erməni soyqırımı ilə Holokostun müqayisəsi məsələsinə dair fikrini bildirərkən İsrailin indiki prezidenti Şimon Peres bunları demişdir: “Ermənilərin yahudilər kimi soyqırıma məruz qalmasını demək mənasızdır. Soyqırım məsələsində ermənilərlə yahudilərin eyniləşdirilməsi qəbuledilməzdir”.

Lakin erməni millətçiləri bütün bunlara fikir vermir, onlar öz yalan təbliğatları ilə məşğuldurlar.

Maraqlı faktlardan biri də odur ki, Türkiyə hökumətinin 1915-ci il hadisələrini araşdırmaq üçün tarixçilərdən ibarət birgə komissiyanın qurulması təklifini həm Ermənistan, həm də erməni diasporu qətiyyətlə rədd edir. Bu da ermənilərin həqiqətin ortaya çıxmasında maraqlı olmadıqlarını göstərir. Onu da qeyd etmək yerinə düşər ki, 1915-ci il hadisələrinə dair Ermənistan arxivlərində demək olar ki, material yoxdur. Bu dövrə aid materialların böyük hissəsi İsveçrə və ABŞ-da Daşnaksütunun arxivlərində, eləcə də Livanda Kilikiya katalikosluğunun və İsraildə Qüds patriarxatının arxivlərində saxlanılır. Eləcə də müttəfiq dövlətlərin arxivlərində (Fransa, İngiltərə, ABŞ) Birinci Dünya Müharibəsi zamanı Osmanlı dövlətində baş verənlər haqqında qiymətli materiallar saxlanılır.

Lakin əfsuslar olsun ki, “erməni soyqırımı” yalanı tarixi deyil, siyasi məsələyə, hətta mən deyərdim ki, siyasi alver məsələsinə çevrilib. Bu vəziyyətdə biz susmamalı və öz etirazımız bildirməliyik, etiraz formaları isə müxtəlifdir…

Qaynaq: Əli Hacızadə, BozQurd.info

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın