“İlk növbədə nəzərə alınmalıdır ki, Ermənistan XİN mətbuat katibi tərəfindən qondarma “DQR” kimi təqdim edilən torpaq, bu gün Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi işğalı altında olan, beynəlxalq tanınmış Azərbaycan əraziləridir. Bunu BMT TŞ-nin qətnamələri və beynəlxalq qurumların çoxsaylı qərar və qətnamələri təsdiq edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan hər hansı birinin ilk öncə bu sənədlərlə tanış olması önəmlidir”.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Ermənistan XİN-in mətbuat katibinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədikləri ilə bağlı KİV-in sualını cavablandırarkən deyib.

“Münaqişənin həlli üzrə aparılan danışıqlara Dağlıq Qarabağın erməni icmasının da salınması məsələsi ilə bağlı dəfələrlə mövqeyimiz, həmçinin ən yüksək səviyyədə səsləndirilib. Bir daha təkrar etmək istərdik ki, danışıqlar münaqişənin birbaşa iştirakçıları – Ermənistan və Azərbaycan arasında aparılır, o ki qaldı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarına, danışıqların müəyyən mərhələsində əsas tərəflərin razılığı ilə hər iki icmanın nümayəndələri prosesə cəlb oluna bilər. Bununla bağlı ATƏT-in qərarı ilə tanış olmaq istəyənləri qurumun 1992-ci il Helsinki qərarını oxumağa çağırıram.

Beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş torpaqları boşaldıqdan və bu torpaqlarda etnik təmizləməyə qalaraq didərgin salınmış azərbaycanlılar öz evlərinə şərəflə geri qayıtdıqdan və Dağlıq Qarabağın hər iki icmasının birgə yaşayışı təmin olunduqdan sonra Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər və bununla bağlı rəsmi Azərbaycanın mövqeyi bilinir.

Təəssüflə vurğulamalıyam ki, bu gün məhz işğalçı Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin yalnız sülh yolu ilə həllindən danışıb, başqa tərəfdən Azərbaycanlı hərbi qulluqçuların yox edilməsi əmrini verir.

Sözdə sülhməramlı bəyanatlar verərək, əməldə qanunsuz hərbi işğalı davam etdirən və gücləndirməyə çalışan Ermənistanın əsl istəyini hər kəs bilir. Ermənistan tərəfi ilk dəfə deyil ki, bu kimi bəhanələrlə danışıqlarda irəliləyişin əldə edilməsinə maneçilik törədir”, – L.Abdullayeva deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın