Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildən artıq davam edir. Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi mövcud faktın, yəni Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu, həmçinin, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı Hikmət Hacıyev açıqlamasında deyib.

“Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və başqa qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə qulluq edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi halda, Ermənistanın yeni hakimiyyəti Sarkisyan rejiminin hərbi diktatura siyasətini davam etdirərək, bölgəni yeni hərbi avanturalarla və təhlükələrlə üzbəüz qoyur.

Beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur. Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq duyğusunu daha da artırır.

Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulmasına, durumun gərginləşdirilməsinə və “müharibə oyunları” kimi hərbi avanturalara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”, – deyə o bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın