Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi keçirilir. 28 May 1918-ci ildə qurulan AXC 1920-ci ilin aprelində süquta uğradı. 23 ay yaşayan bu ölkənin ildönümü ilə bağlı Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim “Hürriyet” (Hürriyət) qəzeti üçün məqalə yazıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı sözügedən yazını yayımlayır:

“100 il öncə, 28 May 1918-ci ildə Ana Yurdum Azərbaycan müsəlman şərqinin ilk demokratik respublikasını elan etdi. Bundan başqa, eyni zamanda parlament, universitet və opera qurulması üçün ilk tarixi qərarlar qəbul olundu. Avropa demokratlarından öncə qadınlara ilk səsvermə haqqı verildi.

Azərbaycan Xalq Cümhuriyyəti həyatda qalmağa çalışırdı və bunun üçün öz Silahlı Qüvvələri ilə sistemini qurmağa başladı. Bir çox azərbaycanlı gənc təhsillərini davam etdirmək üçün Türkiyəyə göndərildi və peşəkar türklər azərbaycanlılara təlimlər keçməyə və onları təchiz etməyə başladı. Bu Cümhuriyyət çağının aparıcı gücləri ilə sıx bağlantılar qurdu və böyük paytaxtlara, Paris Konfransına nümayəndələr göndərdi.

AXC tanınmaq və millətlər arasında yer almaq, Osmanlı İmperiyası ilə ən güclü bağlantılar qurmaq istəyirdi. Türkiyə həmin çağda axtarışda idi və həyatda qalmaq üçün mübarizə aparırdı. Fərq bu idi: Osmanlı İmperiyası geniş torpaqlarını qoruyurdu və yeni bir quruluş yaradırdı.

Hədəfləri heç unutmadı

Çətinliklərə baxmayaraq, həm Azərbaycan, həm də Türkiyə bir-birinə qardaş əli uzadıb. Könüllülər çiyin-çiyinə mübarizə aparıb. Çörəklərinin son loxmasını bir-biri ilə bölüşüb və heç bir mücadilədən qaçmayıb.

Azərbaycanda şəhid olan türk əsgərləri şəhərin ən müqəddəs və gözəçarpan yerlərində, Bakıya hakim olan bir təpədə, fərqli zamanlarda həyatlarını itirən Azərbaycan şəhidləri ilə yan-yana uyuyurlar.

Səfir olaraq Türkiyəyə göndərildikdən sonra ilk ziyarət etdiyim yer olan Çanaqqalada da durum belədir. Burada da azərbaycanlılar türk qardaşları ilə birlikdə, hüzur içində yatırlar.

AXC-nin ömrü, sadəcə, 23 ay çəkib, ancaq qoyduğu hədəflər heç unudulmayıb. Zamanı 100 il irəliyə çəksək, dünyəvi və regional məsələlər daha az şiddətli ola bilər. Ancaq heç də daha az qarışıq, ya da daha az gərgin ola bilməz.

1918-ci ildə olduğu kimi, böyük güclərin oyunları bənzər coğrafiyalarda yayılırdı, ancaq indi bu coğrafiyalar geniş yayılmış terrorizm, kütləvi qətllər törədən silahlar, kiber və başqa çağdaş və çox daha ölümcül texnologiyalarla alt-üst olmuş durumdadır.

Ancaq böyük fərq odur ki, Azərbaycan və Türkiyə dünyəvi və regional məsələlərdə artıq çox fərqli bir yerdədir. Bu gün Azərbaycan rəqabətədavamlı iqtisadiyyatı ilə 35-ci, güclü ordusu ilə 53-cü və xalqın savadlılığına görə 11-ci sıradadır.

Türkiyə də güclü ordusu ilə G-20 ölkələri arasında yer alır və bölgədə yüksələn bir “yumşaq güc” mövqeyindədir. Üstəlik, Türkiyə ilə Azərbaycan arasındakı bağ enerji, bağlantı və güvənlik sahələrinə çevrilir.

Xəzər enerji qaynaqları Bakı-Tblisi-Ceyhan və Bakı-Tblisi-Ərzurum boru xətləri ilə Avropaya axır. Açılışı 2017-ci ilin sonunda baş tutan Bakı-Tbilisi-Qars dəmiryolu yüz illər öncə Avrasiyaya barış və rifah gətirən İpək yolunu yenidən canlandıran zəncirin özül halqasıdır.

Yoldaşlıq irəliləyişə çevrilir

Üçtərəfli və dördtərəfli regional əməkdaşlıq formatları həm Ankara, həm də Bakını ehtiva edir və çalışmalarının əhatə çevrəsi ilbəil genişlənir.

4 iyun 1918-ci ildə AXC Türkiyə ilə yoldaşlıq, əməkdaşlıq və qarşılıqlı hərbi dəstək müqaviləsi bağlayıb. Bu müqavilə yeni qurulmuş AXC-nin ilk dəfə tanınması anlamına gəlirdi.

İndi, 12 iyun 2018-ci ildə yoldaşlığın çevrildiyi bu qərarlılığı, tayı-bərabəri olmayan irəliləyişi və güclü birliyi təsdiq edən 1850 kilometr uzunluqdakı Trans-Anadolu Təbii Qaz Boru Xəttinin (TANAP) açılışı olacaq.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin 2018-ci ili “AXC ili” elan etməsi buna görə böyük təqdir qazanıb. Bu, sadəcə, AXC-nin təmsil etdiyi tarix deyil, eyni zamanda, formalaşmasına şərait yaratdığı bir gələcəkdir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın