Wikipedia Azərbaycanda və bütün dünyada ilkin informasiya qaynağı kimi geniş yararlanılan və istinad edilən ən tanınmış internet şəbəkələrindən biri sayılır. İndi Wikipedia 289 dildə çalışır. Bu şəbəkəni məşhurlaşdıran və onun çalışmasının davamlılığını təmin edən başlıca amil də məhz budur, yəni bütün xalqların təmsil olunması üçün yaradılan eyni, azad, ensiklopedik informasiya yeri.

Wikipediada effektiv işləmək üçün istifadəçilərdə bilgilər, araşdırma aparma, ədəbi yazı bacarığı və intellektual potensialla yanaşı, mütləq çağdaş texnoloji vasitələri işlətmək bacarığı da olmalıdır. Wikipediada məqalə yaratmaq və düzəliş etmək sərbəst olsa da, ölkəmizdə bundan yararlanmaq istəyənlərin sayı çox da ürəkaçıcı deyil. Oxunma sayına görə Wikipedia Azərbaycanda ən geniş yayılmış 10 sayt arasında olsa da, məsələn, son bir ayda Azərbaycan dilindəki Wikipediada düzəliş edənlərin sayı toplam 540 nəfərdir ki, onun da bir hissəsi başqa ölkələrdən redaktə edənlərdir.

Bütün bu məsələlərlə bağlı “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun rəhbəri, “Azərbaycan Vikimedia Könüllüləri” ictimai birliyinin başçısı Elgün Atalıyevlə apardığımız maraqlı müsahibəni yayımlamağı düşündük:

– Qısaca olaraq Wikipedianı necə anlatardınız?

– Wikipedia könüllü istifadəçilərin azad və özgür işləyə biləcəyi informasiya məkanıdır. Bu, o deməkdir ki, istənilən kəs heç bir ödəniş etmədən bu açıq ensiklopediyadan informasiya götürə və qarşılığında heç bir ödəniş almadan bura yeni bilgilər göndərə və olan informasiyalar üzərində düzəlişlər apara bilər. Yəni hər bir kəs bildiyi hər hansı dildəki Wikipedia bölməsinə girərək, həmin bölmədə çalışmaq hüququna malikdir.

– Yəni bir istifadəçi adı ilə bütün dil bölmələrində düzəlişlər etmək olar?

– Əlbəttə, cəmi yarım dəqiqənizi alacaq çox asan proseduru keçməklə qoşularaq, bütün vikitoplumunun bir parçasına çevrilirsiniz. Hətta qeydiyyatdan keçmədən də düzəliş etmək olar. DÜzəliş etmək üçün, sadəcə, məqalənin. ya da onun alt bölmələrindən birinin yuxarı sağ küncündəki “Əsas redaktə”, ya da “Redaktə” düymələrindən birini basmaq yetərlidir. Bu iki düzəliş yolu arasındakı fərq odur ki, “Redaktə” düyməsi yeni və təcrübəsiz istifadəçilər üçün yaradılmış “Vizual redaktor” funksiyası ilə, “Əsas redaktə” düyməsi isə daha çox təcrübəli istifadəçilərin üstünlük verdiyi ənənəvi redaktə metodu ilə düzəliş etməyə imkan verir.

– Azərbaycandilli Wikipedia qonşu dövlətlərin dil bölmələri ilə qarşılaşdırdıqda hansı yerdədir?

– İndi Wikipedianın Azərbaycan dili bölməsində 124 minə yaxın məqalə var və bu göstəriciyə görə 53-cü yerdəyik. Bir neçə il öncə daha yüksək yerlərdə olsaq da, sonradan bir sıra başqa dil layihələrində məqalə sayının bizdəkindən daha sürətli artması nəticəsində geriyə düşmüşük. Onu da deyim ki, indi rusdilli Wikipediada məqalə sayı 1 milyon 400 mini ötüb, fars dilində 573 min, türk dilində 297 min, erməni dilində 228 min, gürcü dilində isə 117 min məqalə var. Məqalələrin keyfiyyəti, istinad və mənbələrə görə etibarlılığı baxımından rusdilli Wikipedia başqalarından irəlidədir. Həmçinin, Azərbaycanda və başqa qonşu ölkələrin hər birində yaşayan azsaylı xalqların da bir çoxunun öz dillərində Wikipedia layihələri var. Məsələn, ləzgi, avar, çeçen, abxaz, kürd, başqırd, tatar, osetin, mazandarani və b.

– Wikipediada Azərbaycan dilində və ümumiyyətlə, dünyanın başqa əsas dillərində Azərbaycanla bağlı məqalələrin sayının azlığına səbəb nədir?

– Həm az-vikidə, həm də başqa dillərdə Azərbaycanla bağlı məqalə və fotoşəkillərin azlığı bir neçə səbəbdən qaynaqlanır. İlk növbədə buna Azərbaycanın mövqeyini göstərən və Wikipedia qaydaları baxımından etibarlı və tərəfsiz sayılan mənbələrin azlığı səbəb olur. Wikipediada etibarlı və tərəfsiz mənbə dedikdə, mövzunun predmetindən heç bir asılılığı olmayan, tərəfsizliyi şübhə doğurmayan və mövzu üzrə mütəxəssis sayılan müəllif tərəfindən yazılmış mənbələr əsas götürülür. Yəni, misal üçün, Qarabağ münaqişəsiylə bağlı yazan azərbaycanlı, ya da erməni yazar milli təəssübkeşlik duyğusu ilə yazmış olabiləcəyi düşüncələrə görə tərəfsiz sayılmırlar. Ancaq ingilis, fransız, ya da amerikalı yazarlar, əgər onların tərəfsizliyini şübhə altına alan ictimailəşmiş faktlar yoxdursa və onlar politoloq, tarixçi, hərbçi, ya da etnik münaqişələrlə bağlı münasibət bildirmək səriştəsi olan şəxslərdirsə, o zaman həmin yazarlar etibarlı və tərəfsiz sayılmırlar.

Wikipediada qarşımıza çıxan başqa bir çətinlik Azərbaycanın çağdaş memarlıq və incəsənət nümunələrinin fotoşəkillərinin azad istifadəyə verilməsi ilə bağlıdır. Wikipedianın və Vikimedia Fondunun yönəltiyi başqa vikilayihələrin (örnək: Vikikitab, Vikimənbə, Vikilüğət, Vikisitat, Vikixəbər və b.) hər biri üçün ortaq fayl anbarı sayılan Vikianbar layihəsi var və ora yüklənən hər bir fotoşəkil və mediafayl bütün vikilayihələrdə istifadə edilə bilir. Ancaq bu məsələdə Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən məhdudiyyətlər yaradır. Belə ki, Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun 20-ci maddəsi ilə sərbəst giriş üçün daim açıq olan yerlərdə qoyulmuş memarlıq, fotoqrafiya, təsviri sənət əsərlərinin surətinin müəllifin və ya müəlliflik hüquqlarının başqa sahibinin razılığı olmadan və müəllif haqqı vermədən çıxarılmasına, ya da kütləvi bildirişinə yol verilmir. Bu da öz sırasında Azərbaycanı tanıdan bir sıra fotoların Wikipediada yerləşdirilməsini mümkünsüz edir. Sonucda şəhərlərimizin yenilənmiş görkəminin Wikipedia ilə dünyaya tanıdılması, çağdaş tikililərin, eləcə də, heykəl və başqa bu kimi abidələrin fotolarının Wikipediada sərbəst yayılması məhz Azərbaycan qanunvericiliyinə istinad edilərək məhdudlaşdırılır.

– Bəs bu sahədə başqa ölkələrdə durum necədir?

– Əslində, bu məhdudiyyət bütün keçmiş sovet respublikalarının uyğun qanunvericilik aktlarında öz əksini tapsa da, onlardan bəziləri artıq informasiya məkanında öz ölkələrinin mövqeyini gücləndirmək üçün həmin qanuna dəyişiklik edərək, öz ölkələrinin ictimai yerlərindəki memarlıq və incəsənət nümunələrinin fotoşəkillərinin azad, yəni müəllif qonorarı ödəmədən istifadə edilməsinə icazə veriblər. Belə ki, 2010-cu ilin iyulunda Moldova, 2013-cü ilin mart ayında Ermənistan Respublikası və 2014-cü ilin oktyabrında Rusiya Federasiyası öz ölkələri ilə bağlı çətinliyi aradan qaldırmaq üçün uyğun qanunvericilik aktlarında dəyişiklik ediblər. Türkiyə qanunvericiliyində də belə bir məhdudiyyət yoxdur.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan dilində məqalə sayının artımına müəyyən mənada maneə yaradan amillərdən biri də Azərbaycan Milli Ensiklopediyası və Azərbaycan Sovet Ensiklopediyası müəllif hüquqlarının obyekti sayılmasıdır. Buna görə də onlardakı məqalələrin Wikipediaya kopyalanması qadağandır və biz də Wikipediada ölkəmizin qanunlarına uymağa çalışırıq. Əgər bu ensiklopedik nəşrlər müəllif hüququ obyekti olmaqdan çıxarılarsa, ya da onların müəllif hüquqlarını əlində saxlayan qurumlar bu hüquqlardan imtina edərlərsə, o zaman bu ensiklopediyalardakı on minlərlə məqalənin rəqəmsallaşdırılaraq Wikipediaya yerləşdirilməsi mümkün olar. Belə bir imtina 2011-ci ildə Qazaxıstanda reallaşdırılıb və “Qazax Ensiklopediyası”ndakı 50 minə yaxın məqalə Wikipediaya yüklənib.

– Bu məsələlərin çozümü üçün hansısa bir təşəbbüs göstərmisinizmi?

– Qeyd etmək istərdim ki, biz bu il “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin yaradılmasına nail olmuşuq. Bu ilin sonuna kimi birliyin adından Azərbaycan Respublikasının Milli Məclisinə, Müəllif Hüquqları Agentliyinə və Mədəniyyət və Turizm Nazirliyinə müvafiq müraciətlər olunacaqdır. Ümid edirik ki, Azərbaycanı dünyanın ən populyar 5 saytından biri olan Wikipediada təbliğ etmək üçün mövcud problemin aradan qaldırılmasında bu qurumlar öz dəstəklərini verəcəklər.

– “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi Vikimedia Fondunun ölkəmizdə rəsmi təmsilçisi hesab olunurmu?

– 2014-cü ildə, yəni İctimai Birliyin təsis edilməsindən 3 il əvvəl bizim aktiv vikipediyaçılarla birlikdə yaratdığımız “Azərbaycan vikimediaçıları istifadəçi qrupu” Vikimedia Fondunun daxili prosedurlarına uyğun olaraq tanınmışdı və bu tanınma hazırda da qüvvədədir. Yeni təsis etdiyimiz İctimai Birliyin də tanınması istiqamətində ciddi çalışırıq. Ümid edirik ki, qısa zamanda təşkilatımız rəsmi təmsilçi statusunu alacaqdır.

– Birliyin yaradılmasının azərbaycandilli Wikipediaya ciddi təsiri olacaqmı?

– Əlbəttə. Birliyin yaradılması Azərbaycan vikicəmiyyətinin təşkilatlanma mərhələsi hesab olunur. Artıq “Azərbaycan Vikimedia Könüllüləri” ictimai birliyinin təşkilatçılığı ilə cari ilin 12-13 avqust tarixlərində Qax rayonunda “Vikipediyaçıların Yay Düşərgəsi” keçirildi. Yay düşərgəsi ölkəmizdə vikipediyaçıların bu istiqamətdə ilk böyük tədbiri idi. Tədbir yaxşı səmərə verdiyi üçün qış düşərgəsinin keçirilməsi barədə də düşünürük.

Bu il 21 mart – 31 may tarixlərində Mərkəzi və Şərqi Avropa dillərindəki Wikipedialarda paralel olaraq keçirilən “Vikibahar-2017” məqalə müsabiqəsində Azərbaycan barədə öz dilində ən çox məqalə yaradan vikipediyaçılara hədiyyələr söz vermişdik və bu yaxınlarda 8 ölkədən, o cümlədən, Belarus, Bolqarıstan, Gürcüstan, Polşa, Rusiya, Serbiya, Türkiyə və Ukraynadan olan vikipediyaçılara Azərbaycan şirniyyatları və Azərbaycan çayı göndərdik.

Bundan əlavə, istifadəçi qrupumuz yarandığı ilk günlərdən az-vikidə hər ay müxtəlif mövzularda məqalə müsabiqələri keçirir və qalibləri mükafatlandırır. Hazırda da bu fəaliyyət davam etməkdədir.

– Gənclərin Wikipediada fəaliyyətinə stimul yaratmaq üçün nə etmək lazımdır?

– İlk növbədə ölkəmizdə Vikimedia hərəkatı kütləviləşdirilməlidir. Bu məsələdə isə ən böyük iş kütləvi informasiya vasitələrinin üzərinə düşür. Bu yerdə Wikipedianın müsbət tərəflərinin, faydalarının tanıdılması, önə çıxarılması çox önəmlidir. Gərək gənclərdə Wikipediadakı bilgilərin hər zaman yanlış olması düşüncəsi formalaşmasın. Əks təqdirdə onların Wikipediaya töhfə vermək istəyini də məhdudlaşdırmış oluruq. Milli maraq və mənafe baxımından Wikipedianı daim aktual və gündəmdə saxlamaq gərəkdir. Wikipediada keçirilən məqalə müsabiqələri ilə bağlı xəbərlər, xarici dil bölmələrində ölkəmizlə bağlı yer almış həm müsbət, həm də yanlış informasiyalar işıqlandırılmalıdır. Bəzən bizə dezinformasiya kimi görünən məqalələr, əslində, məqaləni yazanın Azərbaycanın mövqeyini əks etdirən etibarlı və tərəfsiz qaynaq tapa bilməməsinin sonucudur. Belə məqalələrdə düzəlişlər edilməsi üçün mənbələrin tapılmasında və Wikipediada qarşı mövqedə olan istifadəçilərlə müzakirələrə qoşulmaq üçün təkmil xarici dil bilikləri olan insanların cəlb olunmasında bu tipli xəbərlərin yayımlanması böyük önəmi var.

– Ali təhsil müəssisələri Wikipediaya nə cür töhfə verə bilərlər? Nəzərə alsaq ki, oxumaq, yazmaq və araşdırma aparmaq üçün ən potensial güc bu müəssisələrdədir.

– Örnək üçün deyim ki, rusdilli Wikipedianın lokomotivləri müəllimlər və tələbələrdir. Məhz bu intellektual güc hesabına rus bölməsi daim genişlənməkdədir. Mən bir məqama da diqqət çəkmək istərdim. Çox yaxşı olardı ki, ali təhsil müəssisələrində kurs və diplom işlərinin mövzuları daha çox milli məsələlərə həsr olunsun. Eyni zamanda, intellektual düşüncənin və ciddi araşdırmaların məhsulu olan bu materiallar bir müddət sonra yox olmaq üçün universitetlərin arxivlərinə deyil, ensiklopedik formata salınmaqla Wikipediaya yerləşdirilsin. Gələcək nəsillər də bu materiallardan yararlansın, azərbaycandilli Wikipedia da daim genişlənsin. Bu məsələ vətəndaş borcuna, müəllim məsuliyyətinə, tələbə öhdəliyinə çevrilsin.

Qaynaq: Oxu.az

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın