“Rusiya üçün həm Azərbaycan, həm də Ermənistan vacibdir. Amma Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Ermənistan özləri həll etməlidirlər. Moskva ancaq vasitəçi ola bilər”. ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

“Biz bu ölkələri üz-üzə qoymuruq. Moskva Azərbaycanla Ermənistanın əleyhinə və ya əksinə dostluq etmir. Bu həm də hər iki ölkənin Rusiyadakı diasporuna aiddir. İstəmirik ki, Rusiya azərbaycanlı və ermənilərin hansısa incikliklərini aydınlaşdıracağı yerə çevrilsin. Bizim bütün dövlət siyasətimiz buna yönəlib.

Rusiyada azərbaycanlılara münasibətin ermənilərdən daha pis olduğunu deyəndə də bu, emosiyalardır. Ümid edirəm ki, bunlar bitəcək”.

V.Doroxin Rusiyanın bu məsələni 15-20 dəqiqəyə həll edə biləcəyini deyənlərə də münasibət bildirib. Onun sözlərinə görə, belə düşünənlər səhv edirlər: “Kimsə deyirsə ki, Rusiya münaqişəni 15-20 dəqiqəyə həll edə bilər, o yanılır. Hər hansı tərəfə təzyiq göstərməklə, lazımi nəticə əldə oluna bilməz. Əsasən etimad olmalıdır, onu isə yalnız ölkələr özləri yarada bilər”.

Səfir apreldə baş verən döyüşlərdən də danışıb. O deyib ki, bu döyüşlər vəziyyətin necə təhlükəli olduğunu bir daha nümayiş etdirdi.  “Bir şey də açıq-aydın məlum oldu ki, yeganə məntiqli yol problemin sülh yolu ilə həllidir. Münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət bundan düzgün nəticələr çıxarmalıdır. Rusiya da nəticə çıxaracaq və vasitəçilik səylərini artıracaq”.


Vladimir Doroxin Dağlıq Qarabağ münaqişəsinin həll yollarından danışdı

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın