Vahid Mustafayev prezidentin önəmli mesajlarını açıqladı

“Azərbaycan prezidenti bir daha bütün dünyaya və əsasən də Rusiyaya sübut etdi Azərbaycan Rusiyanın dostudur və bu məsələdə Azərbaycan sülh tərəfdarı idi və sülh imkanı yaranan kimi ondan istifadə edir.” Bu sözləri bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında iştirak edən və ANS TV-ni təmsil edən ANS Şirkətlər Qrupunun (ANS ŞQ) prezidenti Vahid Mustafayev prezident İlham Əliyevin çıxışını ANS PRESS-ə şərh edərkən bildirib.

Vahid Mustafayev prezidentin aprel döyüşləri ilə bağlı etdiyi açıqlamalara toxunub. “Prezidentin Azərbaycan ordusunun qarşı tərəfə layiqli cavab verməsi haqqında açıqlaması və bundan sonra hər bir belə təxribatın məhz bu yolla cavablandırılması, ordumuzun Füzuli və Cəbrayıl istiqamətində 2000 hektar ərazini işğaldan azad etməsi haqda açıqlaması zalda böyük rəğbət və alqışlarla qarşılandı. Prezident bu döyüşlərdə iştirak edən əsgərlərimizi yüksək tutdu, şəhidlərimizi yad etdi və bu zaman bütün zal ayağa qalxdı və bu sözləri alqışlarla qarşıladı ”. V. Mustafayevin sözlərinə görə, bu, diaspor nümayəndələrinin prezidentlə bir olduğu deməkdir. “Onlar bununla Azərbaycanın bugünkü siyasəti ilə razılaşdıqlarını nümayiş etdirdilər”.

Vahid Mustafayev İlham Əliyevin Ermənistan KİV-də Azərbaycanın hərbi əməliyyatların dayandırılması üçün Rusiyaya müraciət etməsinə dair yayılan yalan informasiyalarla bağlı ilk dəfə açıqlama etməsinə diqqət çəkib. “Prezident dedi ki, belə bir şey olmayıb. Əksinə, döyüşlər gedən zaman və Azərbaycan ordusu hektarlarla torpaqları azad edən zaman Rusiyanın Baş Qərargah rəisindən bizim Baş Qərargah rəisinə zəng gəldi və atəşkəsin bərpa edilməsi xahiş olundu.” Prezidentin sözlərinə görə, bizim Qərargah rəisi bu təklifi qəbul etmədi və nəticədə bir gün sonra Rusiya prezidenti cənab Vladimir Putin İlham Əliyevə zəng edib və aparılan danışıqlar nəticəsində Azərbaycan prezidenti atəşkəsin bərpa olunmasına əmr verib.

İlham Əliyev: 1 cümlədə 4 yalan danışan prezident görməmişəm
İlham Əliyev: 1 cümlədə 4 yalan danışan prezident görməmişəm

“Bir daha vurğulamaq lazımdır ki, bu məsələlər məhz Ermənistanın müraciəti, ondan sonra da Rusiyanın Azərbaycana müraciəti əsasında reallışıb. Azərbaycan prezidenti bir daha bütün dünyaya və əsasən də Rusiyaya sübut etdi Azərbaycan Rusiyanın dostudur və bu məsələdə Azərbaycan sülh tərəfdarı idi və sülh imkanı yaranan kimi ondan istifadə edir. Cənab prezident əmin olandan sonra ki, arada Rusiya var və Ermənistan öz hiyləgər addımlarını atmayacaq, atəşkəsin bərpa olunmasına dair əmr verdi” – deyə Vahid Mustafayev ANS PRESS-ə bildirib.

“Qarabağ hadisələrində, bildiyiniz kimi, biz də iştirak etmişik və bu, birbaşa elan edilməmiş bir təcavüz idi. Onlar Azərbaycana beynəlxalq danışıqlar zamanı təsir göstərmək istəyirdilər. İlham Əliyev o zaman Nyu-Yorkda nüvə sammitində idi” – Vahid Mustafayev əlavə edib. Onun sözlərinə görə, Ermənistan ordusu ölkənin bütün hissələrindən çəkilmiş və 3 dəfə iri qüvvə ilə təxribata başladı. Azərbaycanın həmin ərazilərdə yalnız nizami ordusu var idi, orada heç bir rezerv ordumuz yox idi və buna baxmayaraq Azərbaycan ordusu hazırlıqlı və məqsədli şəkildə hücuma keçən Ermənistan tərəfini geri çəkilməyə məcbur etdi.

“Bunun nəticəsində Qarabağda 2000 hektar ərazi bizim nəzarətimizə keçdi. Amma burada qeyd etmək vacibdir ki, 2000 hektar yalnız təpələrdir və bu yüksəkliklərdən Azərbaycan hərbçiləri onlarla min hektar ərazini nəzarətdə saxlaya bilir. Bu ərazilərdə Ermənistan ordusu heç bir hərəkət edə bilməz. Çünki ən əsas yüksəkliklər bizim əlimizdədir və biz oradan hər bir şeyi görürük və bunu Ermənistan özü də etiraf edir.”

Vahid Mustafayev deyib ki, prezidentin bu çıxışı diasporlar qarşısında etməsi təsadüf deyildi. Ölkə başçısı onların diqqətinə bu məsələləri çatdırıb ki, onlar hər dəqiqə Ermənistanın təxribatına hazır olsunlar və müvafiq cavab verə bilsinlər. “Bundan əlavə, İlham Əliyev bəzi diasporlar arasında olan mübahisələr haqda xəbərdardır və o diasporları bir növ birliyə çağırdı. Bizim qarşımızda düşmən olan zaman biz bir-birimizə düşmən ola bilmərik. Azərbaycanlı azərbaycanlı ilə dostdur və qardaşdır. Bu dostluq və qardaşlıq şəraitində biz bütün düşmənlərimizi məhv edəcəyik” – deyə Vahid Mustafayev qeyd edib.

Prezidentin çıxışının diasporların fəaliyyətinə aid hissəsinə gəldikdə isə İlham Əliyev xüsusilə onların fəaliyyət göstərdiyi ölkələrdə media sahəsindəki işi vurğalayıb. Prezident təklif edib ki, əsas diqqət elektron KİV-ə yönəlsin.

“Yerli media bazarında, yerli dildə və yerli auditoriyaya maraqlı saytların açılması vacibdir. Onlar Azərbaycana aid olmaya da bilərlər. Əsas odur ki, burada təqdim olunacaq məlumatlar yerli oxuculara maraqlı olsun. Yəni bu saytlar da yerli marağı ödəyəcək mövzulara toxunmalıdır və bununla rəqabət bazarında öz layiqli yerini tutmağı bacarmalı, oxunan sayt olmalıdır” – deyə Vahid Mustafayev fikirlərini ifadə edib. O, daha sonra həmin saytlar vasitəsilə Azərbaycana aid mövzuları, mədəniyyəti və Azərbaycanla əlaqəli olan digər məlumatları xarici millətlərə və auditoriyaya çatdırmağın daha asan olacağını bildirib.

“Eyni zamanda ölkə başçısı bizim diasporlarımızın olduğu ölkələrdə bizim həmvətənlərimizin  yerli radio, TV və digər KİV-də təmsil olunmasını məqsədəuyğun hesab edir.  Sirr deyil ki, bu gün xarici ölkələrin radio və televiziyalarında Ermənistan vətəndaşları, erməni mənsubların faizi az deyil. Ermənilər uzun müddətdir ki, bu ölkələrdə yaşayıblar və bu səbəbdən onlar yaşadığı ölkələrin media qurumlarında öz yerlərini tapıblar və orada təmsil olunurlar, hətta bir sıra ölkələrdə onlar KİV-ə rəhbərlik də edirlər.  Bunu nəzərə alan cənab prezident bir daha vurğulayıb ki,  azərbaycanlı gənclər bu sahələri unutmamalıdırlar.”

ANS ŞQ-in prezidentinin fikrincə, azərbaycanlı gənclər bu peşə üzrə xarici universitetlərdə təhsil alıb orada öz sahələri üzrə işləyə bilərlər. Onun sözlərinə görə, bu, bir tərəfdən azərbaycanlıların bir ziyalı mütəxəssis kimi işləmək iqtidarında olduqlarını, bizim millətin dərin mədəni və intellektual imkanlarını göstərə bilər və eyni zamanda, sözsüz ki, azərbaycanlının olduğu bir yerdə Azərbaycana qarşı olan hansısa tendensiyaları irəli sürmək elə də asan olmaz.

Vahid Mustafayev deyir ki, eyni zamanda İlham Əliyevin bu dediklərində heç də xarici ölkədə gedib bir səhifəlik sayt açmaq üçün Azərbaycan dövlətinə müraciət edib qrant almaqdan söhbət getmirdi. Söhbət məhz bu və ya digər ölkələrdə populyar və maraqlı məzmunlu saytların açılmasından gedir ki, yerli auditoriyanın marağını cəlb etmək mümkün olsun və beləliklə həmin bu insanlara həqiqəti çatdırmaq asan olsun.

“Bu texnologiyadan Rusiyada kifayət qədər populyar olan Life teleşirkəti məharətlə istifadə edir. Özündə xəbər portalı, televiziya və radionu birləşdirən həmin media qurumunun başında erməni əsilli Aram Qabrelyan durub. Burada işləyənlərin əksəriyyəti erməni əsilli və ya ermənipərəst yerli insanlardır. Onlar bütün dünyadan ən maraqlı xəbərləri seçib rus auditoriyasına çatdırır, eyni zamanda lazım olanda bu kanal vasitəsilə öz ölkələrinin siyasətini də çatdırırlar. Burada həmçinin “Russia Today”in baş redaktoru Marqarita Simonyanı da qeyd etmək olar.”

Vahid Mustafayevin fikrincə, ötən gün Almaniya Bundestaqının qondarma erməni soyqırımı ilə bağlı qətnaməni qəbul etməsi də erməni lobbisinin səylərinin nəticəsidir: “Bu, sözsüz ki, bütün türk dünyasına böyük bir zərbə oldu. Amma Almaniyada eyni zamanda 3 milyon türk yaşayır, kifayət qədər azərbaycanlı və digər türkdilli xalqların nümayəndələri yaşayır. Buna baxmayaraq ermənilər bu dəfə də öz missiyalarını yerinə yetirə bildilər.  Halbuki onlar Almaniyada yaşayan türk xalqlarının yarısı qədər də deyildilər. Bu, Türkiyə diasporlarının düzgün iş aparmaması nəticəsində mümkün olub.  Bu gün bizim prezidentimiz bu siyasəti özəyindən düzgün başlamağa çalışır ki, biz yaxın gələcəkdə bu sahədə böyük nailiyyətlər əldə edə bilək.”

İlham Əliyev digər maraqlı bir mesajı isə xaricdə yaşayan varlı həmyerlilərimizə göndərib. “Bu gün xaricdə zəngin insanlar yaşayırlar ki, onlar kifayət qədər uğurlu biznesmendirlər. Onlar ən azından Azərbaycanda yaşayan qohumlarına pul göndərməklə ölkə iqtisadiyyatına xeyir verirlər. Amma cənab prezident burada çox maraqlı bir məqama toxundu – yaxşı olardı ki, həmin  uğurlu  biznesmenlər yalnız maliyyə nöqtəyi-nəzərdən yox, eyni zamanda intellekt və biznes texnologiyaları nöqtəyi nəzərdən də Azərbaycana sərmayə yatırsınlar. Prezidentin xaricdə yaşayan biznesmenlərə Azərbaycana sərmayə yatırmaları ilə bağlı çağırışı yalnız pul nöqteyi-nəzərdən qəbul edilməməlidir. Əsas məqsəd həmin biznesmenlərin uğurlu biznes düsturlarının Azərbaycanda tətbiqidir.” Vahid Mustafayevin sözlərinə görə, burada məqsəd bir tərəfdən həmin biznesmenlərin gəlir əldə etməsi və ən əsası həmin biznes cəmiyyətin Azərbaycana inteqrasiya edilməsi ilə buradakı biznes sahəni inkişaf etdirməkdir.

“Doğrudan da, bu gün gömrük sistemində olan dəyişikliklər göz önündədir. Bütün yerli və xarici biznesmenlərə böyük imkanlar yaradılıb. Bu gün gömrük sistemində ümumiyyətlə rüşvətin olmaması biznesin şəffaf şəkildə aparılmasına və külli miqdarda uğur qazanmağa böyük imkanlar yaradıb. Məsələn, mənim biznes sahəsində olan xarici biznesmen tanışlarım təəccüblənirlər ki, Azərbaycanda devalvasiyadan sonra pulların Azərbaycandan çıxarılmasına qadağa qoyulub. Mən onlara bu qanunun yalnız qanuni sənədlərə əsaslanmayan pullara aid olduğunu başa saldım. Əgər kimsə burada şirkət açıb, sərmayə qoyub, pul qazanıbsa, əlbəttə ki, o, milyard qazansa, onu qəpiyinə qədər ölkədən rahat şəkildə çıxara bilər. Söhbət yalnız qanunsuz şəkildə əldə olunan və ölkədən çıxarılan pullardan gedir”, – deyə ANS ŞQ-nin prezidenti vurğulayıb.

Vahid Mustafayev hesab edir ki, bu gün ölkədə qeyri-neft sahəsinin inkişafı üçün bütün imkanlar var. Azərbaycanda taxılçılıq, pambıqçılıq, kənd təsərrüfatı məhsullarının istehsalı üçün böyük imkanlar var. “Biz təkcə xammal satmamalıyıq. Biz həm də hazır məhsul istehsal edib sata bilərik. Məhz bu baxımdan cənab prezident biznesmenlərin Azərbaycana dəvət edilməsinin tərəfdarıdır”.

Prezidentin turizm haqqında çıxışını şərh edən Vahid Mustafayev deyib ki, bu sahədəki vacib məsələlər ondan ibarətdir ki, hazırda Azərbaycanda olan otellərin 90%-ni 5 və 4 ulduzlu otellər təşkil edir. Bu otellər yalnız məhdud dairə insanlarına maraqlı ola bilər. “Orta-statistik turistlər üçün bu, maraqlı deyil. Onlar sadə otel və aşağı qiymətlər istəyirlər. Bu turistlər Azərbaycanın gözəlliklərinə baxmaq üçün gəlirlər. Onlar sadəcə yatmaq üçün istifadə edəcəkləri və günlərinin az hissəsini keçirəcəkləri otellərə külli miqdarda pul ödəmək istəmirlər. Turistlər bu pulları yenə də Azərbaycan iqtisadiyyatına, amma onlara daha çox maraqlı olan istiqamətlərə xərcləmək istəyirlər”.

Mustafayevin fikrincə, viza məsələləri də mütləq asanlaşdırılmalıdır. ” ANS bununla bağlı bir neçə dəfə mövzu qaldırıb. Bizim bir sıra xarici ölkələrdə olan səfirlərimiz prezidentin siyasətini düzgün anlamırlar və bizim ölkəyə gəlmək istəyənlərə əngəllər törədirlər. Bizim xaricdə olan tərəfdaşlarımız Azərbaycana gəlməkdə çətinlik çəkirlər. Multi-viza almaq istəyən biznesmenlər var, amma bu prosesi çox çətinləşdiriblər. Bir ay ərzində onlar viza ala bilmirlər. Səfirliklər bunu belə izah edirlər ki, viza ərizəsi doldurulandan sonra o, Xarici İşlər Nazirliyinə göndərilir, daha sonra Dövlət Təhlükəsizlik Xidmətinə. Əlbəttə, Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir və təhlükəsizlik yüksək səviyyədə qorunmalıdır, amma bu məsələlər mütləq asanlaşdırılmalıdır.”

Turizm sahəsində daha bir problemin sərhəddə yaşandığını bildirən Vahid Mustafayev gömrükdə maşınların daxil olmasının hələ də köhnə sovet qanunlarına əsasən aparıldığını bildirdi. “Azərbaycana maşın və motosikletlə səfər edən insanlar sərhəddə nəqliyyat vasitəsi dəyərində depozit qoymalıdırlar. Əks halda onun ölkəyə girişi məhdudlaşdırılır. Baxmayaraq ki, dünyada avtomobil turizmi çox inkişaf edib. İnsanlar maşına oturub bir neçə ölkəni gəzirlər. Bu cəhətdən Gürcüstana giriş çox asandır.”

Vahid Mustafayevin sözlərinə görə, bununla bağlı qanunvericilikdə dəyişiklik etmək lazımdır. Çünki bu, sovet prinsiplərinə uyğundur. O zaman ölkə qapalı idi və kiminsə bura gəlməsi arzuolunan deyildi. İndi isə zəmanə dəyişib və biz turist cəlb etmək istəyirik. “Bu əngəllərin hələ də mövcud olması bir neçə nəfərin pul qazanmaq istəyi ilə bağlıdır. Bu insanlar qanunda olan boşluqdan istifadə edib, maşınların və motosikletlərin ölkəyə girməsinə rüşvətlə icazə verirlər”.

Onun sözlərinə görə, bu sahədə işlər görülməlidir və tez görülməlidir. Biz tələsməliyik, çünki yay fəslidir, Azərbaycan dəniz ölkəsidir. Rusiyadan milyonlarla insan dəniz istirahəti axtarışında bizim ölkələyə gələ bilər.

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir