Vəkil: Aleksandr Lapşin Məhkəmə Zalından Azadlığa Buraxılacağına İnanır

Erməni terrorçularını və Azərbaycan torpaqlarının Ermənistan silahlı güvvələri tərəfindən işğalını dəstəkləyən Bakıda həbsdə olan bloqer Aleksandr Lapşin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində vəkili ilə görüşüb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bununla bağlı A.Lapşinin vəkili Eduard Çernin Trend-ə danışıb.

Vəkilin sözlərinə görə, B.Lapşin indi tibb məntəqəsində müalicəsini davam etdirir, həkim nəzarətində saxlanılır: “Saxlanma şəraiti və sağlamlığı normaldır. Səhhətində ağırlaşma yoxdur. Görüş zamanı istintaq materiallarıyla bağlı danışdıq. O, azadlığa buraxılmasını istəyir. Ümid edir ki, məhkəmə onu azadlığa buraxacaq”.

Vəkil əlavə edib ki, A.Lapşin üçün başlanmış cinayət işinin istintaqı tam yekunlaşıb və indi iş tanışlıq mərhələsindədir. Daha sonra isə materiallar məhkəməyə göndəriləcək.

Xatırladaq ki, A.Lapşin bir müddət öncə sağlamlığı ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etmişdi. O, təcridxana nəzarətçilərinin müşayiəti ilə Bakıdakı özəl klinikalardan birinə aparılıb və orada müayinə olunub. Müayinə zamanı ona “ürəyin taxikardiyası” diaqnozu qoyulub. Müayinələrdən sonra Lapşin təcridxananın tibb məntəqəsinə köçürülüb.

İttihama görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı gücləri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan başqa şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfəri ilə bağlı A.Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına salıb.

Bundan öncə Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər və dövlətə qarşı yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda tutulan A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə bağlı gərəkli işlər görülüb. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluqdan Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlətə qarşı yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və onun üçün dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir