Üzeyir Cəfərov: Baş Vermiş Olayla Bağlı Araşdırma Gedir, Satqınların Kimliyi Bilinəcək

Azərbaycan xalqına, vətəninə və dövlətinə satqınlıq yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və başqa mülki şəxslər tutqlanıb. Saxlanılan şəxslər satqınlıqda gübahlandırılır: onlar maddi maraq naminə düşmən kəşfiyyatına hərbi sirr təşkil edən məlumatlar ötürüblər. Ölkənin güc strukturları araşdırmalar aparır. Artıq istintaqa başlanılıb.

Hərbi ekspert Üzeyir Cəfərov baş verən olayın səbəbləri, orduda şəxsi heyətlə iş üzrə müavinlik məktəbi və xüsusi bölmənin fəaliyyəti, başqa orqanların – icra, polis, DTX-nın məsuliyyəti ilə bağlı düşüncələrini ölkə.az-la bölüşüb:

Baş verən hadisədən faciə düzəltmək lazım deyil. Evində oturub rahat şəkildə nəyisə müzakirə etmək hər halda yerində olan real vəziyyətdən çox fərqlidir. Biz yaxşı bilirik ki, bütün yazılanlar, deyilənlər aysberqin görünən hissəsidir. Görünməyən şeylər var ki, onu istintaq incələyir, baş verən hadisə ətrafında güclü iş gedir. Demək olar ki, istintaq qrupu 24 saat hər şeyi yoxlayır və yoxlayacaq. Həbs olunanların da hamısı günahkar şəxslər deyil. Sadəcə olaraq istintaq dövründə yoxlanması vacib olan şəxslərin çevrəsidir. Bir müddət sonra onların bir hissəsi azad olunacaq. Bir nəfərin satqın olmasında onlar günahkar deyil. İstintaq saxlanılan şəxslərin tam siyahısını və adlarını demir. Bu da doğru addımdır. Həmin şəxslərin mobil rabitəsi, əlaqələri yoxlanılır. Saxlanılan şəxslər ələnib, gəlib 3-5 nəfər şəxsin üzərində dayanacaq. Bu barədə heç kimin narahatçılığı olmamalıdır”.

Ermənilərin bu olayla bağlı münasibətində gəldikdə isə hərbi ekspert bildirdi ki, ermənilər Azərbaycan silahlı qüvvələrini gözdən salmaq üçün hərəkətə keçmək istəyirdilər:

“Erməni mətbuatı yazır ki, bir qrup orduya sərf etməyən adamlar ordudan uzaqlaşdırılıb və onlar ləkələnir. Ermənilər olaydı, Azərbaycan zabiti, əsgəri haqqında belə fikir söyləyəydi? Ermənilər əslində bu məsələdən kampaniya başlayıb, “baxın görün Azərbaycan ordusu nə səviyyədədir” kimi fikirlər səsləndirərdilər. Güc strukturları bu məlumatı açıqlayandan sonra ermənilər məcbur qalıb susdular”.

Baş verən olayın səbəbləri haqqında danışan Üzeyir Cəfərov qeyd etdi ki, bununla bağlı çoxlu fərziyyələr irəli sürə bilərik:

“İstintaq prosesində hər şeyin üstü açılacaq. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularını (MAXE) işə götürənlər, mülki şəxslər var ki, MAXE-lər və kiçik rütbəli zabitlərlə dostluq ediblər, onları nələr birləşdirir – bu kimi məsələlər araşdırılacaq. Ötən ilin aprel hadisələrindən sonra hər şey incələnməli idi. Filmlər çəkmək, təqdimatlar etmək, gurultulu yazılar yazmaq yerinə hər şeyi incələmək lazım idi. Niyə itkilərimiz oldu, komandirlər niyə vaxtında düzgün qərar qəbul etmədilər, gecikmələr nə ilə əlaqədar idi bunları araşdırmaq lazım idi. Müsbət və mənfi tərəfləri araşdırmaq lazım idi. Dünya hərb praktikası, hərb elmi bunu tələb edir ki, hər bir komandir uğurunu da, uğursuzluğunu da təhlil etməlidir. Apreldə biz bəzi uğurlar əldə etdik. Biz bu sözləri deyəndə bəzi məsələləri gündəmə gətirmirdik. Sadəcə olaraq kim bilir ki, bizim kəşfiyatçılarımızın, xüsusi təyinatlılarımızın, zabitlərimizin yerini bu saxlanılanlardan biri deməyib? İndi bunu araşdırmaq problem deyil. Tərtər istiqamətindən Ermənistan istiqamətinə kimlər zəng edib, kimlərə zənglər gəlib, onları müəyənləşdirmək problem deyil. Tərtərdə xidmət edən zabitlərdən, gizir və MAXE-lərdən kimlər Rusiya, Gürcüstan, Türkiyədə ezamiyyətdə olub, onların özlərinə və yaxın qohumlarına xaricdən göndərilən pullar yoxlanılmalıdır.

Hər kəs deyir ki, bu qədər vətən xaini var. Bizim ixtiyarımız yoxdur hələki bunu deməyə, istintaq gedir. Günahı olanları ən çox tənqid edən biz olacağıq. Bizim özümüzün də qohumlarımız orduda xidmət edir. Əgər onlardan birinin belə bu işdə əli olsa, onun öldürülməsinə səs verənlərdən birinci özüm olacam. Bu məsələ çox incə və mürəkkəb məsələdir. Səbrsizlik göstəririk. Bir qədər səbrli olmaq lazımdır.

Kimliyindən asılı olmayaraq, dünənki xidmətlərinə baxmayaraq, rütbəsinə baxmayaraq günahı olan hər kəs cəzalandırılmalıdır”.

Orduda şəxsi heyətlə iş üzrə müavinlərin və xüsusi şöbənin işinin hansı formada aparılması məsələsinə gəldikdə isə hərbi ekspert qeyd etdi ki, bir müddət bundan əvvəl hərbi əks-kəşfiyyat idarəsinin rəhbərliyi çox yalnış qərar qəbul etdi:

“Hərbi hissələrdə hərbi əks-kəşfiyyat bölmələrinin ixtisarı və birləşdirilməsi həyata keçirildi. İkinci Dünya Müharibəsində briqadalardan əlavə, bölüklərə nəzərat edən xüsusi şöbələr fəaliyyət göstərirdi. Demirəm ki, hər əsgərin başının üstünə bir nəzarətçi qoymaq lazımdır. Bakıda əks-kəşfiyyat idarəsinin bölmələrini ixtisara salmaq olar, ancaq Ağdamda, Tərtərdə, Füzulidə, Naxçıvanda əksinə, bu bölmələrin sayını artırmaq lazımdır.

Bəziləri şəxsi heyətlə iş üzrə müavinlərə və xüsusi bölmənin işçilərinə düşmən kimi baxırlar. Bu düzgün deyil. O şəxslər dövlət maraqlarını qoruyan adamlardır. O şəxslər oraya qoyulur ki, bu gün baş verənlər baş verməsin. Müdafiə nazirliyinin keçmiş rəhbərliyi şəxsi heyətlə iş üzrə müavinlik insititutunu ləğv etmişdi. Fikirləşdilər ki, ağıllı bir iş görürlər. Çox təəssüflər olsun ki, bizim şəxslər orduda eksperimentlər aparırlar. Zakir Həsənov nazir təyin ediləndən sonra şəxsi heyətlə iş üzrə müavinlik məktəbini yenidən bərpa etdilər. Təsəvvür edin ki, neçə ilin boşluğu yaranmışdı. Bu boşluğu doldurmaq, onların əvvəlki nüfuzunu bərpa etmək üçün xeyli vaxt lazımdır. Özüm həm Füzulidə döyüş briqadasında, həm də Nasosnudakı təlim briqadasında bu işlə məşğul olmuşam. Komandirlər bilavasitə döyüş təminatı ilə məşğul olur, yerdə qalan digər məsələlərə görə şəxsi heyətlə iş üzrə müavinlər məsuliyyət daşıyır.

Barlardan çıxmayan və tufeyli həyat sürən adamlar əyninə hərbi forma geyinəndən sonra ağıllı əsgər olmur. Həmin şəxslər mülkidəki problemləri daha çox komandirlərə yaşadırlar.

Hər kəs ordunun üstünə düşüb. Həmin rayonların icra strukturları, polis rəisləri, DTX-nin rəisləri özlərini kənara çəkə bilməzlər. Tərtərdə DTX-nın sədri, polis rəisi o demək deyil ki, icra başçısının yanına düşüb tədbirlərdə iştirak edib, şəkil çəkdirəsən. O şəxslərin birinci vəzifəsi orduya kömək, dəstəkdir. Bu məsələ təkcə ordunun üzərinə atılmalı deyil. Burada icra hakimiyyəti, polis rəisi, DTX rəisi də məsuliyyət daşıyır. Ona görə ki, tutulanlar arasında hərbçilərlə yanaşı mülki şəxslər də var”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir