Türkiyənin Dünya Çempionu Ramil Quliyev Daha 1 Qızıl Medal Qazandı

Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı Azərbaycanlı atlet Ramil Quliyev Dünya Çempionluğunun ardınca “Diamond League”-da (“Brilliant Liqa”) daha bir qızıl medal qazanıb.

Yarışların 2017-ci il Paris mərhələsində 200 m uzunluğa qaçışda ən cəld olan sprinteri Birmingem mərhələsində də keçən olmayıb. İdmançı finiş çızığına 20,17 saniyəyə çatıb. O, ən yaxın izləyicini 0,09 saniyə qabaqlayıb.


Men’s 200m – Birmingham Diamond League 2017

Yada salaq ki, Ramil Quliyev 200 metr məsafəni 20.09 saniyəyə qaçaraq Dünya Çempionu adını qazanıb. O, qələbəni Azərbaycan və Türkiyə bayrağı ilə qeyd edib və çempionluğa görə 60 min dollar mükafat udub.


Türkiye’nin Gururu “Ramil Guliyev” – 11 Ağustos 2017

Türkiyə isə Ramil Quliyevə mükafat olaraq 375 cumhuriyyət qızılı verib. Ramil Quliyev 2011-ci ildən Türkiyə yığmasındadır. O, dünya üzrə 100 metr yarışlarında 10 saniyənin altında nəticə göstərmiş 3 ağdərili atletdən biridir.

Londonda keçirilən Dünya Çempinonatında Türkiyə təmsilçisi kimi qızıl medal qazanan azərbaycanlı Ramil Quliyev jurnalistlərə açıqlama verib: “Arzum bu idi ki, çempion olub, Azərbaycan bayrağı ilə çevrə vurum”.

İdmançı Azərbaycanda ölkədən getdiyinə görə onu günahlandıranlara da münasibət bildirib:

“Mənimlə bağlı orada “fərari” sözünün işlədildiyini eşitmişəm. Mən ölkəmi sevirəm, indi mənim iki vətənim var – bu, “Bir millət, iki dövlət”dir. Ancaq açıq deməliyəm ki, bu uğuru oradakı şərtlərlə Azərbaycanda qazana bilməzdim. Kim deyirsə ki “ölkəmi sevmirəm” – mən anlamsız düşüncələrlə bağlı danışmaq belə istəmirəm. Mən iki ölkənin bayrağını ucaltmışam, bu, oradan çıxandan sonra mənim böyük arzum idi. Düşünürdüm ki, böyük yarışlarda böyük uğurlar qazanacağam. Avropa Çempionatında bunun həyata keçirəcəyimə inanırdım, ancaq keçən il çempionatda iqlim çox pis idi, soyuğa görə yaxşı yarışa bilmədim. İslam oyunlarına qoşulmağım üçün çox önəmli idi. Evimdə məni coşquyla qarşıladılar. Çox sevincli idim, oradakı  uğurumu daha böyük yerlərdə təkrarlamağım gərək idi. Dünya Çempionu olub iki bayraq qaldırmaq mənim üçün böyük xoşbəxtlikdir”.

Xatırladaq ki,  Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə bir neçə gün öncə keçirdiyi mətbuat konfransında Ramil Quliyevi fərari adlandırmışdı:

“Ramil Quliyevi “Fənərbaxça”ya biz göndərmişik. Ona icazə verdik. İstanbul klubundan heç kim pul almadı. Ramil Quliyev özü də bunu qeyd etmişdi. Biz onu Azərbaycan çempionatına çağırdıq. Gəlir və çıxış edirdi. Sonra bilindi ki, o, bir müddətdir Türkiyə vətəndaşlığı alıb. Biz onu buraxmırdıq. Beynəlxalq qaydalara görə bir idmançı başqa ölkə vətəndaşlığını alırsa, 3 il çıxış edə bilməz. Ancaq Ramil 2 il sonra Türkiyə bayrağı altında çıxış etdi. Niyə? Çünki 1 il idi ki, vətəndaşlığı almışdı. İndi də deyirəm, Ramil fəraridir”.

Tofiq Əliyev: Ramilin mənə göstərəcəyi xoş söz ilə qarşılanmasını gözləyirəm

Ramil Quliyevi ilk dəfə idmana gətirən Azərbaycan yüngül atletika üzrə milli komandasının baş məşqçisi Tofiq Əliyev Unikal.org-a keçmiş tələbəsi haqqında danışıb.

“Mən bununla bağlı heç nə danışmaq istəmirəm. Ancaq sizin xahişinizlə hər şeyə aydınlıq gətirəcəm. Əvvəla Ramil Quliyevin rəhmətlik atası Eldar Quliyev də məşqçi idi. Ancaq o, oğlu Ramil Quliyevi heç zaman idmana gətirmirdi. Eldar kişidən Ramili mənim yanıma idmana göndərməsini xahiş etdim. İlk günlər R.Quliyevin də bu idman növünə heç həvəsi yox idi. Amma təklifim ilə R.Quliyev 2002-ci ildən mənim yanım da idmanla məşğul olmağa başladı.

İlk illər nəticə göstərməsə də, Sonrakı illərdə zəhmətim nəticə verməyə başladı. İlk dəfə Azərbaycanda idmançılar arasında Olimpiadaya vəsiqə qazanan Ramin Quliyev olub. O, Çexiyada 20.43 saniyəlik dərəcə ilə ikinci yeri tutdu və Olimpiadaya Azərbaycandan ilk vəsiqə alan idmançı adını qazandı.

O, mənim rəhbərliyim altında Azərbaycanı 2008 Pekin Olimpiadasında təmsil etdi. Olimpiadaya gedəndə başına maraqlı olay gəlmişdi. Belə ki, o idman geyimini Moskva hava limanında unutmuşdu (gülür). Bu bir az ona problem yaratsa da çinlilər ona geyim tapdılar.

Bu Olimpiadandan sonra Ramil Quliyev atasının təklifi əsasında məndən çıxdı. Ona atası məşqçilik etməyə başladı. Ancaq bundan sonra da mən bir məşqçi kimi hər zaman ona və rəhmətlik atasına dəstək olmuşdum.”

Baş məşqçi Tofiq Əliyev keçmiş tələbəsindən bir az da gileyləndi:

“R.Quliyev ilk dəfə deyil ki, uğur qazanır. Onu idmana mən gətirmişəm və heç zaman ona pislik etməmişəm. Mənim də uğurlarım olub. İndi yaşım o yaş deyil ki, yenidən uğur qazanım. Uğurum isə tələbələrimdir. Hər zaman tələbələrimdən sayğı gözləmişəm və bundan başqa mənim heç nəyə ehtiyacım yoxdur. Ancaq başqa tələblərim kimi Ramildən də salam-sağ ol gözləyirəm. Mən onu heç vaxt zəng edib təbrik etməyəcəm. Zəngi ondan gözləyirəm. Çünki onun uğrunda az da olsa mənim də zəhmətim var. Mən bu borcu hər hansı bir əşya ilə deyil, Ramilin mənə göstərəcəyi xoş söz ilə qarşılanmasını gözləyirəm. Amma nədənsə Ramil mənə soyuqluq göstərir.”

T.Əliyev Ramil Quliyevlə görüşdüyünü də deyib:

“Türkiyəni təmsil edən atlet Ramil Quliyev “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı. Sprinter finalda 100 metr məsafəni 10,06 saniyəyə qət etdi. Oyunlarda qələbə qazandı. İndi onun şəxsi məşqçisi Oleq Muxindir. Heç onunla danışmıram da. Amma Oyunlar ərəfəsində Ramil mənimlə görüşüb hal-əhval tutdu”.

Ramil Quliyev: Mən Azərbaycana qayıtmağa hazıram

Türkiyəni təmsil edən atlet “Azərbaycana qayıtmaq istərdinizmi?” sualına “Əgər istəsələr, mən hər zaman qayıtmağa hazıram”, – deyə cavab verib.

“Bu, təkcə mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Çox sevinirəm. Bilirdim ki, xalqım məni dəstəkləyəcək. Bunu hiss edirdim. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən azərbaycanlıyam. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Ona görə də hər iki dövlətin bayrağını dalğalandırdım. Bu, mənim üçün fəxrdir”

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir