24 iyunda Türkiyədə erkən prezident seçkiləri keçiriləcək: Başda Rəcəb Təyyub Ərdoğan olmaqla AK Partinin prezident seçkilərində qələbəsi qaçılmaz görünür.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, yerli və xarici araşdırmaçılar AKP liderinin qələbəsinin qaçılmaz olduğunu deyirlər. Böyük ehtimalla, prezident Ərdoğan öz postunu qoruyub saxlaya biləcək.

Seçkidə Ərdoğana ciddi alternativin ola biləcəyi də az ehtimal edilir. AKP-nin ənənəvi rəqibi CHP-nin namizədinin kim olacağı da hələ bilinmir. Buna baxmayaraq, CHP-nin Qərblə, özəlliklə də daha çox Avropa Birliyinin siyasi qurumları ilə bağlantıları həmişə yetərincə güclü olub. Lakin CHP-yə Qərbdən konkret dəstək yoxdur. Bu baxımdan, bu siyasi qurumun seçkilərdə qələbəsi az ehtimal edilir. Ərdoğana qarşı barışmaz mövqedən çıxış edən HDP-nin nüfuzu yetərincə deyil.

Seçkidə AKP-yə daha bir alternativ İYİ Partiyası prezident seçkilərinə təkcə qurum adından deyil, eyni zamanda, daha geniş platforma ilə qatılacaq. Lakin ölkənin bölgələrində İYİ-nin siyasi dayaqları zəifdir, partiya təşkilatlanma səviyyəsi və resurslara görə AKP-yə uduzur.

Türkiyə Respublikasının prezidenti Rəcəb Təyyub Ərdoğan
İyunun 24-Də Türkiyədə Növbədənkənar Prezident Və Parlament Seçkiləri Keçiriləcək

Bu baxımdan, AKP-nin prezident seçkilərində qələbəsi qaçılmaz görünür. Lakin eyni gündə keçiriləcək parlament seçkilərində hakim partiya səslərini itirə bilər. İstənilən halda, Ərdoğan üçün çətin dönəm başlayır. Onun növbəti prezidentliyi müxalifətin güclənməsi və iqtisadi problemlərin dərinləşməsi fonunda icra ediləcək. Əslində, baş verənlərdə AKP özü günahkardır. Belə ki, Türkiyənin indiki iqtidarı qeyri-ardıcıl xarici siyasət həyata keçirib. Bu isə Ankaranın düşmənlərinin sayını artırıb. Elə ölkə daxilində də Ərdoğana qarşı olan, lakin siyasi partiyalardan kənarda qalan qüvvələr mövcuddur. “Kürd açılımı” siyasi kursunun məğlubiyyəti ölkə ərazisində hər an terrorun ola biləcəyi riskini azaltmır. Seçkidən sonra terror təhlükəsi daha ciddi problemlər yarada bilər. Digər tərəfdən, Gülən tərəfdarlarına elan edilən savaş daxili siyasətdə ciddi problemlərə səbəb oldu və sabotaj imkanlarını FETÖ hələ də saxlayır. Əsas problemlər isə diplomatiyadadır. Türkiyənin qonşuları ilə, — Suriya, Misir, Ermənistan ilə çox ciddi problemləri ağırlaşır. Rusiya ilə əməkdaşlıq kövrəkdir. Qərb ölkələri ilə Ankaranın münasibətləri gərgindir.

Lakin bütün bunlara baxmayaraq, AKP Türkiyədə ən güclü və nüfuzlu partiyadır. Bu güc, yalnız inzibati resurslara və din amilinə söykənmir. AKP sabit elektorata malikdir. Elə bu amil onun liderinin qələbəsini təmin etməyə kifayət edir. Burada başqa problem ola bilər. Dövlət idarəetmə sistemindən Ərdoğana müxalif ola biləcək yeni siyasi xadimlərin meydana çıxa biləcəyi istisna edilmir.

Ərdoğan üçün başlıca problem seçkidən sonra yaranacaq. Düzdür, AKP-nin hakimiyyətə gəlişindən sonra Türkiyə iqtisadi baxımdan çox güclənib. Lakin Türkiyə heç bir halda beynəlxalq kreditlər olmadan inkişaf edə bilməz. Dünya Bankı tərəfindən verilən kreditlərdən asılı olacaqsa, onun müstəqil siyasəti də korrektəyə məruz qala bilər.

Bu gün Türkiyə “pul dilənən ölkə” imicini dağıtmaq istəyir və bu, Vaşinqtonda narazılıqla qarşılanır. Bu baxımdan, belə bir sual meydana çıxır – indi Ərdoğana hansı təzyiq formaları həyata keçirilə bilər? İlk növbədə iqtisadi zərbələrin endiriləcəyi ehtimal edilə bilər. Bu, yalnız Türkiyəyə qarşı deyil, qonşu ölkələrə də aiddir. Tanınmış ABŞ strateqi C.Perkins iddia edir ki, 2019-cu ilə qədər bölgədə yalnız Amerikapərəst hakimiyyətlər olacaq və buna çatmaq üçün “bank və kredit zərbələri”ndən istifadə ediləcək.

Onu da nəzərə alsaq ki, sosial şəbəkələrin əksəriyyəti ABŞ kəşfiyyatı ilə sıx bağlıdır, xaosa hesablanan kompromat savaşının da meydana çıxa biləcəyini ehtimal edə bilərik. Əslində, Vaşinqotun təzyiq metodlarından biri də sistem xaosuna nail olmaqdır.

Seçkidən sonra Türkiyəni nə gözləyə bilər? İqtisadi problemlər yetərincədir. İşsizlik ciddi problem olaraq qalır. Lirə ucuzlaşır, özəl sektorun iqtisadi imkanları azalır. İnfilyasiya artır, ölkədə istehsal sahəsində ciddi problemlər var. Çox ciddi xarici borc var. Bir sıra böyük şirkətlər öz borcları ilə bağlı problemlər yaşayır. Problemlərin qarşısını almaq üçün yeni prezidentə sərt tədbirlər həyata keçirtmək gərək olacaq. Əks təqdirdə daha ciddi problemlər yaşana bilər. Bu isə ilk növbədə parlament–prezident qarşıdurması ilə sonuclana bilər…

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın