The Washington Times qəzeti: Azərbaycan Vaşinqtondan dəstək gözləyir

“The Washington Times” qəzetində Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti (ABŞ) Aleksandr Murinsonun “Azərbaycan Vaşinqtondan dəstək gözləyir” sərlövhəli məqaləsi dərc olunub.

YALAN.info AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın nüvə və radioloji maddələrin yayılmasının qarşısının alınmasında, həmçinin regional sabitlikdə oynadığı roldan söhbət açılır. 

Müəllifin sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Prezident İlham Əliyevin martda Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi sammitinə dəvət olunduğunu bildirib. Məhz bu fakt Xəzər dənizi sahilində yerləşən bu kiçik ölkənin ABŞ-ın milli təhlükəsizliyində oynadığı rolun əhəmiyyətini əks etdirir.

“Regional ziddiyyətlərin mövcud olduğu hazırkı dövrdə Bakı Vaşinqtondan tənqid yox, aydın dəstək mesajları gözləyir. Taliban və İŞİD qüvvələrinin geniş yayıldığı regionda Qərblə strateji anlaşmaya malik bir ölkənin mövcudluğu çox əlverişlidir. ABŞ-ın birmənalı dəstəyi Bakını arxasında dayaq qüvvəsi olduğuna inandıracaq” – deyə yazıda vurğulanır.

Bildirilir ki, Azərbaycanın çox mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, Prezident İlham Əliyev ölkədə sabitliyi və sülhü qoruyub saxlaya bilir. Ötən ilin sonunda keçirilmiş parlament seçkilərində xalq hazırkı hakimiyyətə dəstəyini bir daha göstərdi. Çünki xalq başa düşür ki, sabitliyi qoruyub saxlamaq baxımından mövcud rəhbərliyə alternativ yoxdur. Yeni Azərbaycan Partiyası ölkənin həm şəhər, həm də kənd əhalisinin maraqlarını təmin edir.

Məqalədə qeyd edilir ki, digər Qərb ölkələri parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana rəsmi müşahidəçilər yolladıqları halda, İsrail keçmiş xarici işlər naziri Aviqdor Libermanın və ABŞ-dakı keçmiş səfir, hazırda Knesset üzvü olan Maykl Orenin də daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti göndərib. Bütün bunlar Azərbaycan hökumətinin regiondakı sabitliyi qorumaq bacarığına inamın göstəricisidir.

Müəllif daha sonra yazır: “Azərbaycan dəfələrlə müxtəlif güc mərkəzləri arasında manevr etmək və ölkənin müstəqilliyini qorumaq qabiliyyətini nümayiş etdirib. İlham Əliyevin güclü rəhbərliyi altında bu xətt bundan sonra da davam etdiriləcək. Əks-təqdirdə Qərb enerji planlarına və Şərq-Qərb dəhlizi layihələrinə əhəmiyyətli dərəcədə düzəlişlər etmək məcburiyyətində qalacaq. Rusiyanın enerji asılılığından xilas olmaq Avropaya heç də ucuz başa gəlməyəcək. Əgər Bakı Qərbin etibarlı dəstəyindən əmin olmasa, öz istiqamətini Moskvaya doğru dəyişəcək. Hazırda ABŞ rəhbərliyi keçmiş uğurları nəzərə almalı və Xəzər regionunda Amerika siyasətini qorumalıdır. Dördüncü Nüvə Sammitində İlham Əliyevin Ağ evin rəhbəri Barak Obama ilə birgə iştirakı ABŞ və Azərbaycanı eyni sıraya qoyur”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir