Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov İspaniyanın Palme-de-Mayorka şəhərində keçiriləcək FIDE Qran Prisinin son mərhələsinə hazırlaşır.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu bilgini Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov verib.  O, bildirib ki, 30 yaşlı şahmat ustası Yunanıstanın Krit adasında keçirilən milli komandalar arası Avropa Çempionatında Azərbaycan milli komandasının çempionluğu dəqiqləşdikdən dərhal sonra hava limanına yollanıb və İspaniyaya uçub. M.Məmmədov T.Rəcəbovun indi 16 – 25 noyabrda İspaniyanın Palme-de-Mayorka şəhərində keçiriləcək FIDE Qran Prisinin son mərhələsinə hazırlaşdığını və bu yarışın onun üçün böyük önəm daşıdığını söyləyib:

“FIDE Qran Prisi İddiaçılar Turnirinə qatılmaq üçün son yarışdır. Rəcəbov indi çox yaxşı formadadır. O, yüksək nəticə əldə edərək, İddiaçılar Turnirinə çıxışı əldə edə bilər. Ona görə də Teymur yarışa İspaniyada hazırlaşacaq və indi çox çalışır”.

Onu da vurğulayaq ki, mükafat fondu 420 min avro olan İddiaçılar Turniri 10 – 28 mart 2018-ci ildə Almaniyanın paytaxtı Berlində keçiriləcək. Yarışa 8 şahmatçı qatılacaq və qalib 14 turdan ibarət 2 dövrəlik mübarizənin sonunda bilinəcək. Turnirdə özəl çağırışla Vladimir Kramnik, dünya ikincisi Sergey Karyakin (hər ikisi Rusiya), Dünya Kubokunun qalibi Levon Aronyan (Ermənistan), finalçı Din Lijen (Çin), FIDE reytinqində ilk iki pillədə yer almış qrossmeysterlər, eləcə də Qran Pri seriyasının iki ən yaxşı şahmatçısı qatılacaq. Azərbaycan şahmatçıları – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov hələlik FIDE Qran Prisində ilk “üçlük”dədir. Ş.Məmmədyarov 340 xalla 1-ci, T.Rəcəbov isə 241,43 xalla 3-cü sıradadır. İkinci pillədəki rusiyalı Aleksandr Qrişukun isə 336,43 xalı var. Ancaq Məmmədyarov və Qrişukin artıq 3 yarışmada oynadıqları üçün İspaniya FIDE Qran Prisinə qoşula bilməzlər.

Yada salaq ki, İddiaçılar Turnirinin qalibi dünya çempionu adı uğrunda oyunda indiki dünya çempionu norveçli Maqnus Karlsenlə qarşılaşacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın