Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan təbii qazın Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Kəmərinin (TANAP) sonuncu hissəsini həyata keçirəcək şirkət müəyyənləşib.

ANS TV-nin məlumatına görə, Türkiyə mətbuatına istinadən bildirilib ki, “TANAP Doğal Gaz İletim A.Ş.” tərəfindən 48 düym diametrli quru hissəsinin inşaası üçün elan olunan tenderin qalibi “Punj Lloyd-Limak” birgə müəssisəsi olub. Bununla bağlı “TANAP Doğal Gaz İletim A.Ş.” ilə “Punj Lloyd-Limak” birgə müəssisəsi arasında saziş imzalanıb. Birgə müəssisə TANAP-ın Əskişəhərdən başlayaraq Biləcik, Kütahya, Bursa, Balıqəsir, Çanaqqala, Təkirdağ və Ədirnə şəhərindən keçərək Türkiyə-Yunanıstan sərhədində Ədirnənin İpsala qəsəbəsində sona çatacaq 48 düymlük 459 km-lik hissəsinin inşasını həyata keçirəcək.

Trans-Anadolu Qaz Boru Kəməri – təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın