Qarabağ Futbol Klubunun prezidenti Tahir Gözəl Roma ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, klubun prezidenti İtaliyada baş tutmuş oyunla bağlı düşüncələrini bildirib:

– Oyundan razı qaldınız?

– Mən çox gözəl oyun izlədim. Bizim əsas futbolçularımız bu oyunda iştirak etmirdi. Çox gözəl oyun sərgilədilər. Qarşımızdakı rəqib böyük komandadır. Müdafiədəkilər vəzifələrinin öhdəsindən gəldilər.

Mən çox razıyam. Qol epizodlarımız da oldu. Bu epizodlar alınsaydı, qrupun taleyi dəyişəcəkdi. Atletiko Madridin tək ümidi biz idik. Elə oldu ki, rəqib komandaların harda oynayacağına Qarabağ qərar verdi. Bu, bizim üçün sevincli haldır. Bu oyunda ən azından 1 xal qazanmaq istəyirdik. Qrup mərhələsini qürurla başa vururuq.

– Çempionlar Liqasındakı 6 oyunu necə dəyərləndirirsiniz?

– Birinci Çelsi ilə oyunda mən də həyəcanlıydım. Orda böyük təcrübə qazandıq. O, hamımız üçün bir ilk idi. Atletiko Madrid ilə oyunlarda çox razı qaldım. Roma ilə Bakıdakı oyunda da yaxşı çıxış etdik. Romaya qarşı bu gün nəticə olmadı.

Çelsiyə qarşı oyun mənim üçün ən ağır oyun oldu. Hələ də yadımdan çıxmır. Ürəyim ağrıyır. Mən hakimin qərarına sayğıyla yanaşıram, ancaq qırmızı kart düzgün qərar deyil. Həmin oyun mənə çox təsir etdi. Oyunlarda çox qırmızı vərəqə aldıq. Hakimlər tərəfindən sıxıldıq. Elə bugünkü qola da baxmaq gərəkdir ki, ofsayt var idi, ya yox? Məncə, mübahisəli epizoddur.

– Komandanın ÇL qrupunda oynaması özü böyük uğurdur. Ona görə, neqativlərdən deyil, pozitivlərdən danışaq. Gözləyirdiniz toplanan xalları?

– Mən sadəcə xülasəni yada salmaq istəyirəm. Əlbəttə ki, çox gözəl mərhələ oldu bizim üçün. Rəqiblərimizin tarixlərinə baxanda, maddi imkanlarına sayanda, görərik ki, Qarabağ tarix yazır. Hədəfimiz o idi ki, bu adı Avropada tanıdaq. Sizi əmin edirəm ki, mən Avropada kiməsə Qarabağın prezidentiyəm deyəndə dönüb təbrik edirlər. Burda məsələ mənim uğurum deyil. Klubun adı tanınıb.

– Qarabağın bundan sonrakı hədəfi nədir?

– Bundan sonrakı hədəfimiz artıq yerli oyunçular yetişdirməkdir. Bilirsiniz ki, büdcə məhdudiyyətimiz var. Bu, böyük klub saxlamağa imkan vermir. Başlıca ağır yük sponsorun üstünə düşdüyü üçün buna məcburuq. Buna görə də artıq xarici legionerlərlə deyil, öz yetirmələrimizlə oynayacağıq. Çünki baxırıq Qarabağda ən istənilən oyunçunun itkisini sığortalamaq üçün nə qədər çətinlik çəkirik. Tam 20-25 nəfərlik peşəkar komanda saxlamağa isə imkan yetmir.

– Yetirmələrinizlə oynamaq üçün hansı addımlar atacaqsınız? Yeni bazalar olacaq?

– Bizim çox yaxşı bazamız var. Oyunçular da yetişir. Bu, bir ilin söhbəti deyil, ən az 4-5 illik layihədir. Ona görə səbr edin, görəcəksiniz ki, Qarabağın necə yetirmələri var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın