Suriyadakı Bəşər Əsəd rejimi mayın 29-da tanınmamış “Cənubi Osetiya Respublikası” və Abxaziyanın “müstəqilliyi”ni “tanıdığı” ilə bağlı bəyanat yayıb. Hətta separatçılarla Əsəd rejimi arasında “diplomatik münasibətlər”in “səfirlik” səviyyəsində qurulmasına dair razılıq əldə olunduğuna dair məlumat var. Gürcüstanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri daxilindəki bu “respublikalar” da, öz növbələrində, Suriyanın müstəqillyini “tanıdıqları”nı bildiriblər. Gözlənildiyi kimi bu da rəsmi Tbilisinin kəskin etirazlarına səbəb olub. Gürcüstan xarci işlər nazirinin müavini David Dondua bildirib ki, ölkəsi Suriya ilə diplomatik münasibətləri kəsəcək.

Yeri gəlmişkən, separatçıların “müstəqilliyini” Rusiyadan başqa, Venesuela, Nikaraqua və Nauru, Vanuatu və Tuvalu tanıyıb. 2008-ci ildə Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenkonun da dövləti adından bu addımı atacağını boyun olduğu barədə məlumatlar yayılmışdı. Ancaq rəsmi Minsk Moskva ilə strateji müttəfiqliyinə baxmayaraq, bu addımı atmayıb. Məsələ ilə bağlı İranın da adı hallanır. 2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arsında beşgünlük hərbi münaqişədən sonra İran bu məsələdə tərəfsiz qalmağa çalışırdı. Ölkənin o vaxtkı xarici işlər naziri Mənuçehr Müttəki həmin dövrdə bildirmişdi ki, bu münaqişə yeni “Soyuq müharibə”nin başlamasına səbəb olacaq. Onda rəsmi Tehran Rusiya ilə Gürcüstan arasında vasitəçilik etməyə hazır olduğunu bəyan etmişdi. Ancaq Rusiya separatçıların “müstəqilliyini tanıdıqdan” sonra İran belə addım atmayacağını açıqladı. İslam Respublikasının separatçılara münasibəti hələlik dəyişməyib.

Bu il avqustun 9-da Rusiyanın Gürcüstana yeni hərbi müdaxiləsinin 10 ili tamam olacaq. Qeyd edək ki, Gürcüstanın o vaxtkı prezidenti Mixeil Saakaşvili ölkə ərazisini bərpa etmək məqsədilə həmin il avqustun 8-də Cənubi Osetiya bölgəsində genişmiqyaslı əməliyyata başlamışdı. Rusiyanın 58-ci ordusunun hissələri 150 tankla Şimali Osetiya istiqamətindən Cənubi Osetiyaya daxil olaraq Gürcüstan ordusunu tutduqları mövqedən çıxartdı. Nəticəədə Gürcüstan ərazisinin 20 faizini yenidən itirdi. Beşgünlük döyüşdə Gürcüstan tərəfdən 18 000 əsgər, 10 000 ehtiyat əsgər, İraqdakı 2000 sülhməramlı, Xüsusi Polis Dəstəsinin 810 əməkdaşı iştirak etmişdi. Hərbi qarşıdurma nəticəsində 215 nəfərin öldüyü, 283 nəfərin isə yaralandığı bildirilib. Cənubi Osetiyada Rusiyanın 10 min, Abxaziyada isə 9 min əsgəri yerləşdiririlib. Bundan başqa, Cənubi Osetiyanın 2900, Abxaziyanın isə 5000 silahlı olub. Əksəriyyəti mülki sakinlər olmaqla, 400-ə yaxın insanın öldüyünə dair məlumat yayılıb.

Bu döyüşdən sonra Gürcüstanla Rusiya arasında diplomatik münasibət kəsilib. Rəsmi Tbilisi bundan sonra MDB-dən də çıxıb. Həmin illərdə prezident Mixeil Saakaşvili Rusiyaya qarşı sərt mövqe tutmuşdu. Ona görə də iddia edirdilər ki, Moskva bununla rəsmi Tbilisini cəzalandırıb. Ancaq M.Saakaşvili hakimiyyətdən getdikdən sonra da vəziyyət dəyişməyib. Rusiya separatçıları hələ də müdafiə etməkdədir. Bu, azmış kimi, Moskvanın dəstəklədiyi Bəşşar Əsəd rejimi də mayın 29-da belə bir addım atıb. Bu hadisə Rusiyanın müttəfiqlərinə münasibətini də nümayiş etdirir. Deməli, Suriyadakı rejim Moskvanın Belarusdan belə ən yaxın müttəfiqidir. Venesuela və Nikaraquadakı hakimiyyətlər ABŞ-a qarşı sərt mövqe tutduqlarından Kremlin ifasında istənilən havaya oynamağa hazırdılar və oynayırlar. Onların separatçıları “tanıması” da bunu göstərir. Bu məsələ İranın Rusiya ilə münasibətinin heç də “oldu, baş üstə” səviyyəsində olmadığını göstərir. Başqa sözlə, Tehranla Moskvanı müəyyən mənada zorən müttəfiq də saymaq olar. Çünki onları birləşdirən əsas amil Qərbdən gələn təzyiqlərdir.

Xatırladaq ki, Rusiya İranın atom-nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələrin üçünün də lehinə səs verib. Hətta o zaman Rusiya “S-300” zenit-raket kompleksinin İslam Respublikasına verilməsini də təxirə saldı və s. Deməli, İran bu məsələdə ehtiyatlı davranır. Bəşşar Əsəd isə bu addımı atmaqla həmin separatçılar səviyyəsində bir əyalətin başçısı olduğunu nümayiş etdirib. Bu hadisə onu da sübut etdi ki, Əsəd İrana yox, daha çox Moskvaya bağlıdır. Əks halda indiki vəziyyətdə bu addımı atmaqdan çəkinərdi. Başqa sözlə, Rusiya öz rəhbərliyi altında bir Suriya qurmaq niyyətindədir.

Vladimir Putin və Bəşşar Əsəd

Heç şübhəsiz, Rusiya bununla Qərbə Suriyada əsas söz sahibi olduğu mesajını da verib. Bəşşar Əsədin separatçıları “tanıması” oyunu bir tərəfdən də gülünc görünür. Çünki o, öz ölkəsinə belə tam nəzarət edə bilmir. Suriyanın bir hissəsi hələ də terrorçu İŞİD və PKK/YPG-PYD qruplaşmasının əlindədir. Ölkənin bir hissəsində ABŞ ordusu və onun 8 hərbi bazası, digər bir hissəsində Azad Suriya Ordusu, başqa bir yerdə isə İran hərbçiləri və s. yerləşib. Bundan başqa, onun hakimiyyəti heç də bütün dövlətlər tərəfindən tanınmır. Yaxud Bəşşar Əsədin hakimiyyəti də legitim sayılmır. Belə bir vəziyyətdə olan Suriyanın separatçıları “tanıması” ciddi görünmür.

Məlum olduğu ki, Suriyadakı erməni icması ölkədə baş verən qarşıdurmaların ilk vaxtlarında çaş-baş vəziyyətdə qalmışdı. Onlar terrorçu PKK-nın qollarına qoşularaq Bəşşar Əsədə qarşı mübarizə apardıqlarını bildirirdi. Rusiya Suriyaya müdaxiləyə başladıqdan sonra erməni icması da mövqeyini dəyişdi. İndi onlar Əsədin ən qatı müdafiəçiləri kimi çıxış edirlər. Hətta Rusiyanın himayəsi altında Suriyaya Bəşşarın nəzarətindəki bölgələrə humanitar yardımın aparılmasına da qatılırlar. Bu onu göstərir ki, Bəşşar Əsəd rejimi ermənilərin potensial “aminçisi” də ola bilər. Gürcüstanla münasibətdə olduğu kimi, işarəni Moskvadan gözləyir.

Beləliklə, Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınması, Moskvanın bu istiqamətdə fəaliyyəti bir daha təsdiqləyir ki, separatçıları və separatizmi kimlər formalaşdırır, dəstəkləyir və müdafiə edir. Bəşşar Əsəd rejimi ilə Gürcüstanın elə bir ciddi münasibəti, onları bir-birinə bağlayan məsələ də yoxdur. Ortada nə var? Gürcüstan ABŞ başda olmaqla, Qərb dövlətləri ilə çox yaxınlaşmağa üstünlük verib. Bu qüvvələr Rusiyaya qarşıdır. Qərb Bəşşar Əsədin hakimiyyətdən getməsini istəyir, Moskva isə onu bütün imkanları ilə müdafiə edir. Deməli, iki tərəf var: Qərb və Rusiya. Bu tərəflərin arasında oyuncağa çevrilən Əsəd rejimi Kremlin istəyi ilə Qərbin müttəfiqinin ərazi bütövlüyü və suverenliyinə qarşı çıxır.

Sonunda, onu da vurğulayaq ki, separatçılığı və terroru müdafiə etmək Əsəd sülaləsinin siyasi prinsipidir. Bəşşar Əsədin atası, keçmiş SSRİ-nin adamı sayılan Hafiz Əsəd də bir zamanlar terrorçu PKK-ya və onun başçısı Abdullah Öcalana qucaq açmışdı. Onlardan Türkiyəyə qarşı istifadə olunmasına yardım edirdi. Odur ki, atalar yaxşı deyib: “Ot kökü üstə bitər”. Əsədlərin kökü isə deyəsən Kremldədir.

Qaynaq: Sədrəddin İsmayılov (Report)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın