Dünən Şəmkirdə azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess 2018 turnirinin açılışı keçirilib. Daha sonra ShamkirChess 2018 turnirinin iştirakçıları ilə mətbuat konfransı keçirilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi xəbərə görə, iştirakçılar jurnalistləri maraqlandıran suallara maraqlı cavablar veriblər.

Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə Play Station aparmaq istədiyini bildirmişdi. Bəs bu dəfə Şəhriyar turnirə nə gətirib? O bu suala “nərd” cavabı verib. Daha sonra o, dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsenlə görüşlərdən danışıb:

“Karlsenlə oyunların çoxunda uduzmuşam. Bu turnirdə ondan bütün heyflərimi almağa çalışacağam (gülür). İddiaçılar Turnirində Azərbaycandan sosial şəbəkələrlə böyük dəstək almışdım.

Hətta stadionlarda belə, şahmata baxılırdı. Şahmat futbol qədər məşhurlaşmışdı. Sadəcə, turnirin keçirildiyi Berlindəki azərbaycanlılardan daha çox dəstək gözləyirdim.

Mən Dinq Lirenə həmin turnirdə uduzmuşam deyə, onunla oyuna özəl yanaşmalıyam deyə bir fikir yoxdur. Ona qalsa, burdakı iştirakçıların hər birinə nə vaxtsa uduzmuşam (gülür).

Mən doğrudan da Berlindəki turnirdən sonra Moskvaya getmişdim. Ancaq deyildiyi kimi, Sergey Karyakinin evində qonaq olmamışam. Sadəcə olaraq, hər turnirdən sonra fikirlərimin dağılması üçün gəzməyə üstünlük verirəm. Berlindən sonra Moskva və Tiflisə getmişdim”.

Maqnus Karlsen: Ən çətin oyun Şəhriyara qarşı olacaq

Norveçli şahmatçı Maqnus Karlsen isə ən çətin görüşünün turnirdə Şəhriyar Məmmədyarova qarşı olacağını bildirib:

“Burda bütün iştirakçılarla görüşlərim çətin olacaq. Ancaq ən çətini, təbii ki, Şəhriyara qarşı olacaq. Norveç səyyahı Tur Heyedalın Azərbaycan haqqında fikirləri ilə tanışam. Bilirəm ki, o, Norveç və Azərbaycan xalqları arasında bağlılıqları olması barədə fikirlər bildirib.

Bəlkə də bu yaxınlığa görə hər dəfə bu turnirə gəlirəm (gülür). Zarafat bir yana qalsın, hər dəfə məni çağırırlar və mən də təşkilatçıların çağırışını yerə salmıram”.

İlk dəfə bu turnirdə iştirak edəcək, Vladimir Kramnikin yerinə yarışa dəvət almış çexiyalı şahmatçı David Navara isə utancaq olması ilə bağlı suala belə cavab verib:

“Açığı, uzun müddətdir ki, bu tip mötəbər şahmat turnirlərində iştirak etməmişəm. Bəlkə də bu üzdən başqa şahmatçılarla müqayisədə utancaqlığım görünür. Ancaq çalışacağam ki, turnir zamanı oyunumda bunu biruzə verməyim və rəqiblərimə qarşı çətin anlar yaşadım”.

Azərbaycanın digər iştirakçısı Teymur Rəcəbov isə qarşıda onu başqa turnirlər gözlədiyini bildirib. O, qeyd edib ki, Şəhriyar Məmmədyarovla son vaxtlar heç-heçə etməsi ənənəsi bu turnirdə də davam etdirilə bilər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın