Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi 5-ci beynəlxalq superturnir ShamkirChess2018 keçiriləcək. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, Synergy Group-un tərəfdaşlığıyla keçirilən XXI kateqoriyalı Vüqar Həşimov Memorialında bu dəfə də FIDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq.

ShamkirChess2018 turnirinin mətbuat xidmətindən YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən məlumata görə Turnirin Təşkilat Komitəsi artıq iştirakçıların siyahısını dəqiqləşdirib. Superturnirdə şahmat üzrə indiki dünya çempionu, ShamkirChess turnirinin ikiqat qalibi, FIDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2843), keçmiş dünya çempionu Vladimir Kramnik (Rusiya, 2792, FIDE reytinqində 4-cü yer), sonuncu İddiaçılar Turnirinin iştirakçısı, Çin təmsilçisi Dinq Liren (2778, FIDE reytinqində 8-ci yer), Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda qarşılaşmanın iştirakçısı Sergey Karyakin (Rusiya, 2778, FIDE reytinqində 9-cu yer), Hollandiya şahmatının lideri Aniş Giri (2777, FIDE reytinqində 10-cu yer), FIDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2749), çexiyalı David Navara (2745) iştirak edəcək.

Azərbaycanı Vüqar Həşimov Memorialında ShamkirChess superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FIDE reytinqində ikinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2814), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2748) və üçqat Avropa çempionu, blits üzrə Avropa çempionu Rauf Məmmədov (2704) təmsil edəcək.

XXI kateqoriyalı superturnirin reytinq favoriti Norveç təmsilçisi Maqnus Karlsen olacaq. İndiki dünya çempionu Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2843 xalla 1-ci yerdə qərarlaşıb.

ShamkirChess2018 Promo Video. Vugar Gashimov Memorial.

Vüqar Həşimovun xatirəsinə keçirilən ShamkirChess 2018 turnirinin təntənəli açılış mərasimi aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 28-də yekun vurulacaq.

Yada salaq ki, 2014 və 2015-ci illərdə yarışın qalibi dünya çempionu Maqnus Karlsen (Norveç) olub. Son iki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın