Ardıcıl 4-cü dəfə Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə beynəlxalq superturnir keçiriləcək. “Synergy Group” və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə baş tutacaq Vüqar Həşimov Memorialında bu dəfə də FIDE reytinqində yüksək yerləri tutan 10 güclü qrossmeyster yarışacaq.

Yarışın Təşkilat Komitəsi superturnirdə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov ilə yanaşı Uesli So (ABŞ), keçmiş dünya çempionu Vladimir Kramnik, Sergey Karyakin (hər ikisi Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Radoslav Voytaşek (Polşa) və bolqarıstanlı dünya çempionu Veselin Topalovun iştirak etdiyini bildirib.

XXI kateqoriyalı superturnirin reytinq favoriti ABŞ təmsilçisi Uesli So olacaq. Qrossmeyster indi Beynəlxalq Şahmat Federasiyasının reytinq sıralamasında 2822 xalla 2-ci yerdədir.

Vüqar Həşimov Memorialının direktoru, Shamkir Chess 2017 Təşkilat Komitəsinin sədri Fərid Hüseynov yarışın yüksək səviyyədə keçiriləcəyinə inandığını bildirib: “Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Shamkir Chess turniri artıq ənənəyə çevrilib. Məşhur şahmatçıların iştirak etdiyi superturnir dördüncü dəfədir ki, Şəmkirdə təşkil olunur. Yarışın əsas məqsədi mərhum Vüqar Həşimovun xatirəsini yad etmək, eyni zamanda Azərbaycanda şahmatın inkişafına dəstək olmaqdır. Şəmkirdə qələbə uğrunda ən güclü qrossmeysterlər mübarizə aparacaq. İnanırıq ki, bu dəfə də şahmat həvəskarlarını bir-birindən maraqlı partiyalar və güzəştsiz mübarizə gözləyir. “Synergy Group” özünün korporativ sosial məsuliyyət siyasətinə sadiq qalaraq bu turnirin keçirilməsinə böyük diqqət və qayğı göstərir.

Hər il tanınmış şahmatçılarla Şəmkirə toplaşmağımız artıq ənənə halını alıb. Demək olar ki, Şəmkir artıq dünya şahmat şəhərləri siyahısına düşməyi bacarıb. Əcnəbi şahmatçılar öncəki yarışlarda təşkilatçılığı həmişə yüksək qiymətləndirib, ShamkirChess turnirini böyük tarixi olan Linares və Veyk-An-Zee kimi yarışlarla qarşılaşdırıb. ShamkirChess 2017 turnirinin də yüksək səviyyədə keçiriləcəyinə inanırıq”.

Xatırladaq ki, 2014 və 2015-ci illərdə dünya çempionu Maqnus Karlsen (Norveç) yarışın qalibi olub. Ötənilki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub.


SHAMKIR CHESS 2017

Turnirin təntənəli açılış mərasimi aprelin 20-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində baş tutub. 9 turdan ibarət yarışa aprelin 30-da yekun vurulacaq.

Açılış Oyununda Şəhriyar Məmmədyarov Qələbə Qazandı

Azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov fərqli nəticələr göstərib. Ş. Məmmədyarov turnirin reytinq favoriti Uesli Soya qara fiqurlarla qalib gəlib, Teymur Rəcəbov isə ukraynalı Pavel Elyanova uduzub.

Digər görüşlərdə isə Veselin Topalov (Bolqarıstan) Maykl Adamsla (İngiltərə), Sergey Karyakin (Rusiya) Pentala Harikrişna (Hindistan), Rostislav Voytaşek (Polşa) isə keçmiş dünya çempionu Vladimir Kramnik (Rusiya) ilə heç-heçə edib.

  •  ShamkirChess 2017: 1-ci Raund
    SN  Titul Adı Reytinq Sonuc  Titul Adı Reytinq SN
     1 GM Radosław Wojtaszek  2745 ½-½ GM  Vladimir Kramnik  2811  10
     2 GM  Veselin Topalov  2741 ½-½ GM  Michael Adams  2761  9
     3 GM  Wesley So  2822 0-1 GM  Shakhriyar Mammadyarov  2772   8
     4 GM  Sergey Karjakin  2783 ½-½ GM  Pentala Harikrishna  2758  7
     5 GM  Pavel Eljanov  2781 1-0 GM  Teimour Radjabov  2710  6

 

Bu gün Kramnik Rəcəbovla, Harikrişna Elyanovla, Məmmədyarov Harikrişna ilə, Adams So ilə, Voytaşek isə Topalovla üz-üzə gələcək. Görüşlər saat 15:00-da başlayacaq.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın