Sevda Sultanova yazır: Yayımlanan müsahibəsində Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu aşağıdakıları deyir:

“Mənim özüm gözümə dəyən nə qədər sözü lüğətə əlavə eləmişəm. Qarşıma çıxdıqca onları qeyd edirəm. Məsələn, “kontrafakt”, “kontrafaktçılıq”, “konyuktura”. Bu sözlər əvvəlki lüğətdə yoxdur… Mən yeni sözləri hardan tapıram? Qəzet oxuyanda görürəm, mənə yeni gəlir, lüğətə daxil edirəm, ya da televizorda eşidirəm”.

Müsahibədən alınan nəticə odur ki, Dilçilik İnstitutunda hansısa sözlərin lüğətə salınması prosesi təsadüflərə əsaslanır. Yəni bunun üçün konkret prinsip, mexanizm, sistem yoxdur. İnstitutun əməkdaşları təsadüfən rastlarına çıxanda, ya televizorda eşidəndə yeni sözlərin qeydiyyatını aparırlar.

Bu məsələnin bir tərəfi…

Gedişat onu göstərir ki, bir neçə ildən sonra başqa dilçi alimlər fərqli qənaətə gələcəklər. Beləcə, yenidən “əskər” “əsgər” olacaq,  mürəkkəb adların yazılışında başqa qaydalar tətbiq edəcəklər və bu mənasız proses sonsuzluğa qədər gedəcək.

Qısası, bunun adı qeyri-peşəkarlıqdır.

Dilçilik İnstitutunun əsas vəzifəsi yerini tutmuş sözləri dəyişmək yox, yeni sözləri tənzimləməkdir. Çünki siyasət, iqtisadiyyat, mədəniyyət, media sahəsi ilə bağlı yeni sözlər dilimizə salınmaqdadır və təbii ki, olmalıdır!

Dillə işləyən adam kimi məni rahatsız edən bir sıra alimlərin ünsiyyətimizdə işlək olan bir sıra yeni sözlərin uyğunsuz qarşılığını düzəltməyə, nə olursa-olsun onları leksikonumuza soxuşdurma çalışmasıdır. Yeni sözlərin dilimizdə işlənməsi təkcə dilin qaydaları əsasında baş tutan məsələ deyil.

Çünki dil canlıdır, canlı olduğu üçün də əksər hallarda qaydalara, qadağalara tabe olmur, yerini təbii şəkildə qazanır. Çünki dil bir yerdə dayanmır, inkişafdadır, dəyişkəndir, daim gedən zəruri prosesdir. Kabinetlərdə oturub hansısa sərt qaydalarla onların qarşısını almaq, qadağan etmək mümkün deyil. Üstəlik, dil duyumu, hissiyyatı deyilən anlayış var. Dilin duya bilmədiyi, onun ahənginə uymayan söz onsuz da qalmayacaq, zamanla itəcək. Dil təkcə qayda yox, həm də intuitiv məsələdir.

1990-cı illərdən başlayaraq, türk dilindən bir sıra sözlər dilimizə gəldi və yaşamaq haqqını qazandı: gündəm, basqı, özəl, sorun, uğraşmaq, dönəm, özəlliklə, toplum və b. Ya da dilimizdə olan bir sıra sözlər kontekstdən asılı olaraq dəyişdi. “Şiddət” sözü əvvəl də dilimizdə də vardı. Ancaq xatırladığım qədər bu söz fiziki və ya psixoloji təzyiq anlamında işlənmirdi. “Qadına, uşağa şiddət” artıq dilimizə oturuşub. “Oturuşub” demiskən, “oturmaq” feli dilimizdə olsa da, son illərdə kontekstdən asılı olaraq, “özünə yer edib” anlamında da işlədilir.

Latıncadan, fransızcadan, ingiliscədən, almancadan gələn yeni sözlər dilin ahənginə xələl gətirmirsə, onları rahatlıqla deyə biliriksə, saxlanılmasının tərəfdarıyam. Eyni zamanda bu sözlərin dilimizdə uyğun qarşılığı varsa, o da işlənsin. Yəni sinonimlərin çoxluğu dili yalnız zənginləşdirir.

Toplumda, sistemdə ünsiyyət darlığı olsa da, bu ünsiyyət darlığı dilin inkişafına əngəl törətsə də, hər bir mütəxəssis öz sahəsində məhdud şərtlər daxilində belə dilimizə faydasını verməli, yenilikçi olmaqdan, yeri gələndə eksperimentlərdən çəkinməməlidir. Başqa məqam da var: tutaq ki, bir filosof, hüquqşünas öz sahəsi ilə bağlı yeni sözləri dilimizdə dilçidən daha yaxşı yerləşdirə, onun qarşılığını daha uyğun tapa bilər.

Problemlərdən biri toplumun bəzi sözlərə seksual anlam verərək onu leksikondan sıxışdırmalarıdır: çaldırmaq, girmək, soxmaq, vermək və b.

Yadıma gəlir ki, bir türk tanışım rəsmi qurumlardan biri ilə müqavilə bağlayaraq bura işləməyə gəlmişdi. Söhbət əsnasında “telefonu çaldırmaq” ifadəsini işlətdiyi üçün ona irad bildirmişdilər.

Həmişə bu düşüncədə olmuşam ki, dilimiz yoxsul deyil. Biz mühafizəkarlığımız, komplekslərimiz, qorxularımız üzündən dilimizin inkişafının qarşısını alırıq.

Qaynaq: Lent.az

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın