Qrossmeysterimiz Şəhriyar Məmmədyarov Latviyanın paytaxtı Riqa şəhərində FIDE-nin “World Chess” layihəsi üzrə keçirdiyi “Grand Prix 2019” seriyasının finalında qələbə qazanıb.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan şahmatçısı Ş.Məmmədyarov finalda fransalı Maksim Vaşye-Laqravla münasibətlərinə aydınlıq gətirib.
İlk oyunda ağ fiqurlarla qələbə qazanan və ikinci görüşdə qaralara uduzan “Şah” ləqəbli usta rəqibini son tay-brek oyununda udmağı bacarıb.
Beləki, dörd oyunun hamısı heç-heçə başa çatıb, ardınca blitsdə də status-kvo pozulmayınca, ümid sonuncu vasitəyə – “armagedon”a qalıb.
Qara fiqurlarla çıxış edən Ş.Məmmədyarov 64-cü gedişdə qələbəsini rəsmiləşdirərək, toplam hesabda 5:4 hesabı ilə qalib gəlib və “Grand Prix 2019”-un çempionu olub.
Qeyd edək ki, 16 şahmatçının qatıldığı Riqa Grand Prix 2019 turniri pley-off sistemi ilə keçirilirdi.
Toplam dörd seriyadan ibarət olacaq super-turnirin Moskvada keçirilmiş ilk seriyasında rusiyalı Yan Nepomnyaşi qələbə qazanmışdı.
Finala çıxan hər iki şahmatçı 2020-ci ildə “Şahmat tacı” uğrunda iddiaçılar turnirində oynamaq hüququ qazanıb. Həmin turnirin qalibi isə gələn ilin payızında norveçli dünya çempionu Maqnus Karlsenlə titul qarşılaşmasına çıxacaq.