Vüqar Həşimov Memorialında iştirak edəcək şahmatçı Rauf Məmmədov ShamkirChess 2018 superturnirinin rəsmi saytına müsahibə verib. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı həmin müsahibəni təqdim edir: 

– Bu il Şəmkirdə keçiriləcək Vüqar Həşimov Memorialına 10 şahmatçı qoşulacaq. Rauf Məmmədov özünü bu heyətdə necə duyur?

– Dördüncü dəfə Şəmkirdəki turnirə qoşulacağam. Belə güclü şahmatçıların arasında olmaq xoş duyğular yaradır. Şəmkirdə güclü rəqabətin olacağını düşünürəm. Düşünürəm ki, hər bir iştirakçı mümkün qədər yaxşı mübarizə sərgiləməyə çalışacaq.  Özümü bu heyətdə yaxşı duyuram. Düşünürəm turnir çox maraqlı olacaq.

– Necə düşünürsən, əsas mübarizə FIDE reytinqində ilk iki yerlərdə qərarlaşan Maqnus Karlsenlə Şəhriyar Məmmədyarov arasında olacaq?

– Reytinq şahmatda önəmlidir, ancaq hər şeyi həll etmir. Sözsüz dünya çempionu Maqnus Karlsenin Şəmkirdə iştirakı yarışa olan marağı artıracaq. FIDE reytinqində ikinci olan Şəhriyar Məmmədyarov da favoritlərdən biridir. Bununla belə başqa şahmatçıları unutmaq olmaz. 9 turdan ibarət mübarizədə xal itkiləri də olacaq. Çin şahmatçısı Dinq Liren, Rusiya təmsilçisi Sergey Karyakin, eyni zamanda Aniş Giri iddialı iştirakçılardır. Ona görə mübarizənin təkcə Karlsenlə Məmmədyarov arasında olacağı fikriylə razı deyiləm. Təəssüflə bildirməliyəm ki, Vladimir Kramnikin iştirak etməyəcəyilə bağlı xəbər əhvalımı korladı.

– Keçmiş dünya çempionu Vladimir Kramnikin Şəmkirdə olmaması rəqabəti azaldır?

– Rəqabət azalmayacaq. Şəmkirdə onsuz da əksər iştirakçılar FIDE reytinqində yüksək yerlərdə qərarlaşıb. Son illər Kramnikə böyük rəğbətim yaranıb. Vladimir Borisoviç kumirimə çevrilib. Onun nümayiş etdirdiyi partiyalar çox maraqlıdır. Gedişləri, çətin vəziyyətlərdən çıxış yolu eləcə də sona qədər mübarizə aparmasını qeyd etməliyəm. Kramniki Şəmkirdə görmək çox xoş olardı. Ona qarşı oynamaq hər zaman maraqlıdır.  

– Berlində keçirilən İddiaçılar Turnirində Şəhriyar 8 xalla ikinci oldu. Mötəbər yarışda qalib olmaq üçün Məmmədyarova nə yetmədi?

Şəhriyar Berlində çox yaxşı partiyalar oynadı. Hətta Dinq Lirenə uduzandan sonra sınmadı. Mübarizəni davam etdirdi. Düşünürəm yorğunluq özünü göstərdi. Əks halda o çin şahmatçısına qarşı belə oynamazdı. Yorğunluq sonda qalib olmağa mane oldu.

– Şəmkirdə hansı şahmatçı Rauf üçün uğursuz rəqib sayılır?

– Bu turnirdə olmaq böyük olaydır. Şəmkirdəki şahmatçılarla tez-tez oynamırıq. Ona görə fərqli mübarizə gözləyirəm. Hər bir rəqiblə şahmat taxtası arxasında mübarizə aparmaq xoşdur. Karlsen, Məmmədyarov, Liren, Karyakin və eləcə də başqaları. Təşkilatçılar ən güclüləri çağırıb. Buna görə də Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinə çox sağ olun deyirəm.

– 9 turdan ibarət superturnir. Başlıca hədəfin nə olacaq?

– Ötən il Şəmkirdəki turnirdə oynamamışam. İki il öncə iştirak edəndə reytinqim indi olduğu qədər deyildi. Bu il əmsalım 2700-dən çoxdur. Yəni Şəmkirdə fərqli Rauf olacaq. Bütün oyunlara ciddi hazırlaşmağa çalışacam.

– ShamkirChess 2018 komanda yoldaşın Vüqar Həşimovun xatirəsinə həsr olunur. Vüqarın adını daşıyan yarışda iştirak etmək sizdə hansı duyğuları yaradır?

– Vüqar həmişə Azərbaycan belə turnirin keçirilməsini arzulayırdı. Özü də iştirak etmək istəyirdi. Həyat qəribəliklərlə zəngindir. İndi belə turnir var, ancaq Vüqar orada yoxdu. Yarış Vüqarın adını daşıyır. Onun adı gələndə həmişə 2009-cu ildə Serbiyadakı Avropa çempionatında qələbəni yada salıram. Vüqar adını şahmat tarixinə qızıl hərflərlə yazıb. Həmişə bizimlədir. Bu yarışın təşkili Vüqarın adınının əbədiləşdirilməsində yardımçı olur.    

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın