Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda açmadığı Qarabağ sirri

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gözlənilən səfəri baş tutdu. ANS PRESS-in məlumatına görə, Lavrov ötən axşam Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirib.

Lavrov İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində prosesin getdiyini deyib.

“Əsas məqsəd odur ki, Qarabağ məsələsində kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşaq ki, əldən çıxmasın”, – deyə Lavrov Bakıda Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Həmçinin Rusiyanın XİN rəhbəri münaqişənin həlli ilə bağlı müzakirə olunan mövzuların detallarının nədən ibarət olması ilə bağlı sualdan diplomatik formada yayınaraq – “Biz danışıqların mövzularını geniş ictimaiyyətlə müzakirə etmirik” – deyib.

Lavrov heç nəyi gizlətmədiklərini bildirib, danışıqların detallarını bölüşməməsini isə etik qaydalarla əlaqələndirib. Rusiya rəsmisi iyulun 4-də İrəvan səfəri zamanı münaqişənin həlli ətrafında aparılan danışıqlarda hansı mövzuların müzakirə olunduğunu deməsə də Rusiyanın münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bir daha təkrar edib.

Rusiya rəsmisi aprel hadisələrindən sonra bir neçə dəfə Azərbaycan və Ermənistana səfərə gəlib. Onun səfəri ajiotaj ab-havasında keçsə də danışıqlarda heç bir nəzərə çarpan və ictimaiyyəti maraqlandıran nəticə əldə olunmayıb.

Lavrovun bu dəfə İrəvana və Bakıya səfəri münaqişənin həllinə necə təsir edəcək?

Lavrovun səfərlərini şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli açıqlamasında deyib ki, Rusiyanın əsas məqsədi münaqişənin həllində yenə də təşəbbüsü ələ almaqdır.

“Amma NATO-nun Varşava sammitindən sonra bu məqsədi həyata keçirmək Rusiya üçün bir qədər çətin olacaq. Çünki proseslərə ABŞ-ın dövlət katibi Con Kerri də ciddi formada qoşulub. Artıq NATO Dağlıq Qarabağ münaqişəsini Ukrayna, Moldova və Gürcüstanda olan ərazi problemləri ilə yanaşı görür. Bu məsələlərdə Helsinki Yekun Aktının dövlətlərin ərazi bütövlüyü prinsipi əsas göstərilir.  Bu, beynəlxalq qüvvələrin münaqişənin həllinə münasibətində böyük irəliləyişdir”, – deyən politoloq əlavə edib ki, bu prinsip əsas götürüldüyü üçün Lavrovun “yol xəritəsi” (Rusiya Dağlıq Qarabağın Ermənistanla əlaqəsinin kəsilməməsi üçün dəhliz təklif edir) və Rusiyanın masa üzərinə qoyduğu sənədlər elə də böyük əhəmiyyətə malik deyil.

Sergey Lavrovun danışıqların detallarının açıqlanmaması ilə bağlı fikirlərinə münasibət bildirən Qabil Hüseynli deyib ki, Rusiyanın təklif etdiyi həll planı ilə Azərbaycan razılaşmadığı üçün XİN rəsmisi detalları sirr saxlayaraq sualı cavabsız qoyub.

“Əsas sənədlər bundan sonra Helsinki prinsipləri nəzərə alınmaqla işlənib hazırlanacaq. Ona görə də Lavrovun Bakı və İrəvana səfər etməsi münaqişənin həllinə ciddi təsir göstərməyəcək. Çünki Rusiyanın təşəbbüsü ilə aparılan danışıqlar prosesinin böyük perspektivi yoxdur. Amma NATO-nun sammitindən sonra Azərbaycan tərəfini gücləndirəcək arqumentlər meydana gəlib. Çünki sammitdə ərazi bütövlüyü prinsipləri əsas götürülüb. Rəsmi Moskva isə daha çox dəhliz məsələsini və Dağlıq Qarabağa müstəqilliyin verilməsini ön plana çəkir”.

Rusiya rəsmisinin səfərlərini şərh edən keçmiş səfir, politoloq Fikrət Sadıqov isə deyir ki, Rusiyada başa düşürlər ki, aprel hadisələrindən sonra Azərbaycanın qərarı qətidir.

“Hazırda irəli sürülən təkliflər üzərində danışıqlar gedir. Rusiya çalışır ki, bu məsələdə təşəbbüsü ələ alsın. Burada asan bir qərarın qəbul ediləcəyindən danışmaq çətindir. Amma apreldə baş verənlərdən sonra Lavrovun Bakı və İrəvana səfər etməsi və səfərlər zamanı təkliflər irəli sürməsi Ermənistanı rahatsız edir. Ermənistan həmişə müəyyən şərtlər və tələblər irəli sürür. Mərhələli həllə razı olsa da Dağlıq Qarabağa müstəqillik verilməsini istəyir. Ermənistanın mövqeyinə təzyiqlər olarsa, münaqişənin həllində irəliləyişlər əldə etmək olar”, – deyə Fikrət Sadıqov bildirib.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir