“Dağlıq Qarabağla bağlı danışıqlarda durğunluq yoxdur”. Bu sözləri Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bizim üçün ən vacib olan odur ki, Bakıda və İrəvanda bu barədə nə danışırlar. Biz bu və ya o biri tərəfdən təşəbbüskar addımlar görürük. Bu addımlar KİV-də hazır qərarlar və təcavüzkar fəaliyyət kimi təqdim edilir. KİV-də dərhal danışıq prosesinin dayandırılması haqqında fərziyələr meydana çıxır”, – deyə Zaxarova bildirib.

“Həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi üzrə görüş planlaşdırılır”. Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib ki, hələlik bu barədə danışmaq tezdir.

“Mənə bəllidir ki, bu cür görüş hazırda planlaşdırılır. Hələlik dəqiq tarix və yer barədə qərar qəbul edilməyib. Əsas odur ki, görüşün nəticəsi necə ola bilər. Ona görə də hansısa tarixdən danışmaq hələ tezdir. Lakin bir daha qeyd edirəm ki, bu görüş üzərində olduqca aktiv iş aparılır. Söhbət yaxın həftələrdən gedir”.

Rusiyanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağın statusu ilə bağlı məsələyə yenidən münasibət bildirib. ANS PRESS-in məlumatına görə, nazirliyin nümayəndəsi Mariya Zaxarova deyib ki, Dağlıq Qarabağın taleyinə siyasi-diplomatik vasitələrlə qərar veriləcək.

“Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) prezidentləri bəyan ediblər ki, Dağlıq Qarabağın statusu xalqların öz müqəddəratını təyinetmə prinsipinə əsaslanaraq müəyyənləşdirilməlidir. Bu bəyanatlar 2009-2013-cü illərə aiddir”, – deyə XİN rəsmisi bildirib.

Zaxarova deyib ki, Rusiya bu hədəfin reallaşdırılması üçün bütün lazımlı köməyi göstərməyə hazırdır.

Ötən gün Ermənistan hökuməti qondarma Dağlıq Qarabağ Respublikasının tanınması haqqında qanun layihəsinə rəy verib. Hökumət qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı qanun layihəsini müzakirə edərək parlamentə göndərib.

Lakin bundan qısa müddət sonra Ermənistan geri addım atıb. “Biz Qarabağın müstəqilliyini dəstəkləmirik”. Ermənistanın baş nazirinin sözçüsü Qoar Poqosyan öz Facebook səhifəsində “Ermənistanın Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması barədə qanun layihəsini” Ermənistan hökumətinin bəyəndiyi barədə məlumatı təkzib edib.

Bu qərardan sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. O deyib ki, İrəvan qondarma Dağlıq Qarabağ Respublikasının tanınması məsələsini Moskva ilə müzakirə etməyib. “Moskva ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri atəşkəsi pozacaq kövrək addımlardan çəkinəcək”.

Onun sözlərinə görə, Kreml bu kontekstdə qəbul edilə biləcək qərarları diqqətlə izləyir. “Və təbii ki, biz hələ də ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri təmas xəttində gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinəcəklər”, – deyən Peskov bunu “Ermənistan Dağlıq Qarabağın “müstəqilliyi” qərarını Moskva ilə müzakirə edibmi?” sualına cavabında bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Ermənistan parlamentinin Dağlıq Qarabağın “müstəqilliyini” tanımaqla bağlı müzakirə aparacağı ilə bağlı xəbərlərdən təlaş keçirməyə səbəb yoxdur, çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın