Rusiya Daxili İşlər Nazirliyi Moskvada kriminal aləmin liderlərindən olan avtoritet “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun tutulma anını əks etdirən videogörüntü yayıb.

Aslan Usoyanın (“Ded Xasan”) varisi ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışma ilə bağlı saxlanılıb. Bu gün kriminal avtoritetin evində axtarışlar aparılıb.

Avtoritetin dəbdəbəli evi muzeydən fərqlənməyib. Axtarış zamanı polislər evdən iki “Makarov” tapançası, “F-1” qumbarası, həmçinin böyük məbləğdə xarici valyuta aşkar edib.


Moskvada Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov saxlanılıb

Dekabrda baş verən hadisəyə görə tutulanlardan biri “İtalyalı” ləqəbli avtoritet Andrey Koçuykovun “Şakro Molodoy”la sıx bağlılığı var. “Solntsevski qruplaşması” liderlərindən biri olan Koçuykovun “Elements” restoranına “razborka”ya məhz “Şakro Molodoy”un əmriylə getdiyi bildirilir.

Hadisənin “Elements” restoranının sahibəsi Janna Kim və dizayner Fatimə Misikova arasında baş vermiş borca görə baş verdiyi bildirilir. İddiaya görə, Kim Mosikovaya 8 milyon rubl (192 800 manat) borclu olub və borcu verməkdən imtina edib.

Mosikova isə öz növbəsində kriminal aləmin nümayəndələrinə müraciət edərək məsələni həll etməyi xahiş edib. Janna Kimin restoranına Andrey Koçuykovun silahlı adamları gələrək qarşı tərəfdən iştirak edənlərlə “razborka”ya çıxıb. Onlarla Janna Kimin adamları arasında baş vermiş mübahisə atışma ilə sonuclanıb. Hadisə nəticəsində iki nəfər ölüb, 8 nəfər  yaralanıb.

“Ded Xasan”ın ölümündən sonra nüfuzlu avtoritet “Şakro Molodoy” (Zaxari Kalaşov) keçən il İspaniya həbsxanasından buraxılıb və onun yerini tutub. 2014-cü ilin dekabrında “Şakro Molodoy” İrəvanda genişmiqyaslı yığıncaq keçirərək Usoyanın öldürülməsinə görə günahkar olanlar Merab və Taronun cəzalandırmasını təklif edib.

Bəzi mənbələrin məlumatına görə, Z.Kalaşovun azadlığa çıxması ilə kriminal aləmdə yeni qanlı hesablaşmalar başlayıb. Bunun əsas səbəbi isə “Ded Xasan”ın intiqamının hələ də alınmamasıdır. Bu səbəbdən əsas diqqət həm də bu qətlin sifarişçisi və təşkilatçısı hesab edilən Azərbaycanın ən nüfuzlu kriminal avtoriteti Rövşən Canıyevə (Rövşən Lənkəranski) yönəlmişdi. Hətta “Şarko”nun onun ölüm hökmünü belə verdiyi deyilirdi.

“Ded Xasan”ın qətlində adı hallanan gürcü qanuni oğrular – Cemal Mikeladze (Cemo) ötən ilin fevralından narkotik saxlamaq ittihamı ilə həbsdədir. Digər qanuni oğru Merab Canqveladze də ötən ilin iyununda Avropada Rusiya mafiyasına qarşı keçirilən əməliyyatda həbs edilib. Qeyd edək ki, hər iki qanuni oğru “Rövşən Lənkəranski”nin ən yaxın adamlarından hesab olunurdu. Beləliklə, Şakro Molodoyun azadlığa çıxması ərəfəsində hədəf “Rövşən Lənkəranski” olub.

“Merab Canqveladze” Tariel Oniani ilə (“Taro”) “Ded Xasan”a qarşı çıxan qruplaşmaya başçılıq edib. Bu qruplaşmanın lideri isə “Rövşən Lənkəranski”dir. “Merab” və “Taro” arasında telefon danışığından məlum olub ki, onlar 2012-ci ildə qətlə yetirilən “Ded Xasan”ın vurulmasına hökm veriblər. “Bu bizim hamımız üçün ad günüdür. Biz irəli yüz addım atdıq”, – deyə “kriminal generallar” telefon danışıqlarında seviniblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın