Bu gün biz artıq təbii qazın Xəzər dənizindən Avropaya daşınmasının bir addımlığındayıq. Türkiyəyə ilk kommersiya qazının çatdırılması üçün gərəkli bütün infrastruktur tamamlanıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” (Caspian Oil&Gas-2018) sərgisinin 25-ci Yubiley Beynəlxalq konfransında SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizinin Türkiyəyə qədər olan hissəsi istismara verilib. İyunun 12-də isə SOCAR-ın operator olduğu TANAP layihəsinin istismara verilməsi planlaşdırılır:

“Beləliklə, bu möhtəşəm layihə başa çatmaq üzrədir: dörd seqmentdən üçü artıq istifadəyə verilir. Əminəm ki, ən yaxın zamanda bu uzunmüddətli çalışmaların bəhrələrini görə biləcəyik”.

SOCAR prezidenti bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizi başda olmaqla, həyata keçirilən bütün bu layihələrin aparıcı qüvvəsidir və mərkəzindədir. Bu layihələrdən həm region ölkələri, həm də müxtəlif şirkətlər bəhrələnir.

Onun sözlərinə görə, yeni qaz nəqli marşrutuna malik olduqdan sonra Azərbaycan öz maye qazını istədiyi istiqamətdə realizə edəcək:

“Azərbaycan Cənub Qaz Dəhlizini açmaqla üçüncü tərəflərin bu layihəyə qoşulmasına, xarici tərəfdaşlarımızın da maliyyə gəlirlərini artırmalarına əlverişli şərait yaradıb. Region ölkələri olan Gürcüstan və qardaş Türkiyə də bu nəhəng layihədən mənfəət əldə edəcək, həm də tranzit ölkə olaraq beynəlxalq mövqelərini möhkəmləndirəcək.

İndi Avropa ən perspektivli qaz bazarıdır. İnanırıq ki, Azərbaycan qazı Avropa bazarında yaxın gələcəkdə artan tələbatla mövcud təchizat arasında yaranacaq boşluğu dolduracaq”.

Caspian Oil and Gas 25th years of success!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın