AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib ki, 2019-ci ildə UEFA Avropa Liqası finalının Bakıda keçirilməsi Azərbaycanda futbolun inkişafına öz qatqısını verəcək:

“2019-ci ildə təşkil olunacaq UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm. Bakı Olimpiya Stadionunun qitənin mötəbər klub turnirinin final oyununa ev sahibliyi etməsi respublikamızın idman həyatında əlamətdar hadisədir”.

AFFA-nın prezidenti vurğulayıb ki, qərarın Azərbaycanda futbolun inkişafına öz qatqısını verəcəyinə əmindir: “Belə bir nüfuzlu turnirin oyunlarına ev sahibliyi etməyimiz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik. UEFA İcraiyyə Komitəsinə prezentasiyamızı yüksək qiymətləndirdiyinə görə, minnətdarlığımızı bildirir və bu etimadı da əməli işimizlə doğruldacağımıza inanırıq”.

Yada salaq ki, bu gün UEFA-nın İcraiyyə Komitəsinin toplantısında 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun keçiriləcəyi stadionların adları açıqlanıb. Belə ki, 2019-cu ildə Avropa Liqasının final qarşılaşması 29 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək.

Çempionlar Liqasının finalı isə Madridin “Vanda Metropolitano” stadionunda baş tutacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın