Ermənistanın ikinci Prezidenti Robert Koçaryan Ermənistan Respublikasını məhkəməyə verib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Sputnik” xəbər yayıb.

Səbəb isə hakim Anna Danibekyanın ehtiyatsızlığı olub. Məhkəmə zamanı o, xəstəxanadan verilən arayışın mətnini oxuyub və keçmiş prezidentin icazəsi olmadan tibbi sirri açıb.

Qeyd edək ki, Koçaryan martın 10-da keçirilən iclasda iştirak etməyib. Həmin vaxt hakim Anna Danibekyan “Erebuni” tibb mərkəzinin verdiyi arayışı oxuyub. Sənəddə ikinci prezidentə kəskin vestibulopatiya, 3-cü dərəcəli hipertoniya və ürək ritminin pozulması diaqnozu qoyulduğu bildirilib. Arayışa əsasən, Koçaryan məhkəmə iclasında iştirak edə bilməzdi.

“O, medianın qarşısında tibbi sirləri özündə əks etdirən sənədin tam mətnini oxuyub. Bunlar qanunla qorunan şəxsi məlumatlardır”, – deyə Koçaryanın vəkili Ayk Alumyan bildirib.

Ermənistanın ikinci prezidenti təzminat kimi iki milyon dram (7 034 AZN) tələb edir.

Xatırladaq ki, Robert Koçaryan 1 mart 2008-ci ildə etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə günahlandırılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın