Taekvondoçu Radik İsayev Braziliyanın Rio-de Janeyro şəhərində keçirilən “Rio-2016”  XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın hesabına tək qızıl medalı yazdıran idmançı oldu.

Finalda Nigeriyalı idmançı Abdulrazzak İssufuyə qarşı inamla döyüşən Radik İsayev böyük üstünlük qazanıb. Rəqibin başına zərbə endirməyə imkan tapan təmsilçimiz 3:0 hesabı ilə önə keçib. İkinci raund bu hesabla başa çatıb. İdmançımız sonuncu raundda daha bir dəqiq zərbə ilə hesabına daha üç xal artırıb – 6:0. Nigeriyalı idmançının gücü yalnız 2 xal qazanmağa yetib.

Beləliklə, final döyüşünü 6:2 hesabı ilə başa vuran Dünya və Avropa çempionumuz Radik İsayev komandamıza 15-ci, ancaq çox önəmli olan qızıl medalı qazandırıb.

Taekvandoçu Radik Isayev Rio2016-da Azərbaycana qızıl medal qazandırdı
Taekvandoçu Radik Isayev Rio2016-da Azərbaycana qızıl medal qazandırdı

Radik İsayev qatıldığı bütün yarışlarda fəxri kürsüyə çıxmağı hədəfləyir

“Dürüstlük, inadkarlıq, ruhun dönməzliyi və nəzakət”. Taekvondo idmanının əsas prinsipləri məhz bunlardır. Bu döyüş növünün arxasınca gedən hər kəsin yuxarıda göstərilmiş özəllikləri olmalı, ya da ən azından buna bütün varlığı ilə çalışmalıdır. Yazımızın bugünkü qəhrəmanı sevimli idmanının bütün prinsiplərindən dönməyən biridir. Taekvondonu sevən, öz uğurları, uğurları ilə başqalarına sevdirməyə çalışan Radik İsayevlə daha yaxından tanış olmaq imkanı qazanacaqsınız.

Örnək uşaqlığı olmuş Radik

26 sentyabr 1989-cu ildə Dağıstanın Axıl kəndində anadan olan Radik ailədə tək idmançıdır. Hələ kiçik yaşlarında çox aktiv olan İsayevə məktəbdən sonrakı boş vaxtı doldurmaq gərək idi. Bu, çox önəmli məqamdır. Dünyanın hər yerində ata-ana öz uşaqlarını pis vərdişlərdən çəkindirmək, yanlış addımlar atmasının qarşısını almaq üçün çalışırlar. Balaca Radik isə özü idmanı seçərək bir növ ata-anasını qabaqlamışdı. Örnək addımdır. Daha çox futbol, başqa-başqa döyüş növləri ilə məşğul olan məktəbli İsayev sonradan taekvondonu seçir. Bildiyiniz kimi, Dağıstanda güləş, cüdo, ağır atletika daha tanınmışdır. Ona görə də Radikin taekvondonu seçməsi bir qədər təəccüblə qarşılanır. Ancaq idman idmandır və uğur qazanmaq üçün axıdılan tər hər birində eynidir. İlk yarışındaca – Dağıstan çempionatında bürünc medal qazanan gənc taekvondoçunun karyerası yaxşı başlanğıc götürür.

Azərbaycan – idmançıların dəyəri bilinən ölkə

Sonra Radik Rusiya çempionatında ardıcıl iki dəfə fəxri kürsüyə qalxır. 87 kq çəki dərəcəsində 2010-cu ildə qızıl, bir il sonra isə gümüş medal qazanır. 2012-ci il London Olimpiadasına yollanacaq idmançıların geniş siyahısında adı olsa da, məşqçilər heyəti onu Böyük Britaniyaya aparmamaq qərarına gəlirlər. Layiq olduğu dəyərli almaması ona təsir edir. Rusların onun yerinə Olimpiadaya apardığı idmançı nəticəsiz geri dönür. Radik isə ölkəmizdə idmana göstərilən diqqət və qayğı haqqında yetərincə məlumatlı olduğundan Azərbaycan millisinin şərəfini qorumaq qərarına gəlir. Bakıdan gələn təklifi məmnuniyyətlə qəbul edən İsayev, cəmi bir il sonra Puebladakı Dünya Çempionatında bürünc medal qazanmaqla ona olan ümidlərin yersiz olmadığını göstərir.

Ardınca isə Bakıdakı Avropa çempionatında çıxış gəlir. Doğma divarlar arasında keçirilən bu mötəbər turnirdə qazanılan qələbə isə özəlliklə əlamətdar olur. 1/8 finalda xorvatiyalı Boyo Nikola, daha sonra isveçli Samuel Vestermark, yarımfinalda Böyük Britaniyalı Muhammad Butalo idmançımıza təslim olur. Həlledici qarşılaşamada isə fransız Mbar Ndiaye tatamiyə çıxmağına peşman olur. Radiki qələbə istəyi o qədər böyük idi ki, o, bütün rəqiblərini azı 10 xal fərqlə üstələyə bilmişdi. Bu fantastik çıxış həm tribunaları dolduran azarkeşləri, həm də ekran qarşısında oturan yerlilərimizi çox sevindirmişdi. Finaldan sonra Azərbaycan bayrağını başı üzərinə qaldırmasını isə İsayevin ölkəmizə sevgi nümayişi kimi qəbul etmək lazımdır. Ümumiyyətlə, Radik beynəlxalq turnirlərdə cəmi 23 görüşə çıxıb və onlardan 13-də qalib olan tərəf olub. Maraqlıdır ki, cəmi 13 görüşlə Radik qeyd etdiyimiz uğurları, həmçinin, müxtəlif başqa beynəlxalq turnirlərin bütün əyarlarda medallarını qazana bilib. Yəni İsayev qatıldığı az qala heç bir yarışdan fəxri kürsüyə çıxmamış qayıtmır. Ümid edirik ki, ardıcıl iki il Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən ilin 10 ən yaxşı idmançısı siyahısında yer alan Radik, bundan sonra bu ənənəni davam etdirəcək.

Ailəsinin dayağı Radik İsayev

İdman, yarışlar, çempionluqlar öz yerində, ancaq məsələ ailəyə gələndə hər şey ikinci plana keçir. Həyat bir dəfə Radiki gənc yaşlarında sınağa çəkib. İstedadlı olsa da, Dağıstanda yetərli maliyyələşmənin olmaması İsayevi idmandan getməyə məcbur edib. Buna səbəb isə anasının insult keçirərək xəstəxanaya düşməsi idi. Ailənin maddi durumu yaxşı olmadığından həm tibbi, həm də başqa xərclərin çoxluğu onu məşqləri dayandırıb zavoda işə düzəlməyə vadar edir. Radik idmanı yaxınlarının rifahına qurban verir.

Tərslikdən həmin zavod da bir müddətdən sonra bağlanır. Başqa işə keçməzdən öncə bir daha düşünən İsayev sonuncu dəfə idmana qayıdıb gücünü sınamaq qərarına gəlir. Bu addımının düzgün olduğunu indiki nəticələri göstərir. O, halal zəhməti ilə həm maddi, həm də mənəvi durumunu yaxşılaşdıraraq ailəsinin dayağına çevrilir.

Böyük döyüşçü Radik İsayev

Boyunun hündür (205 sm) olması Radikin üstünlüyüdür. Nəzərə alsaq ki, taekvondo əllə zərbələr olsa da, başlıca olaraq ayaqlarla döyüşün ön plana çıxdığı növdür, onda bunu anlamaq asanlaşır. Uzun ayaqları ilə uzaq məsafədən döyüşü daha yaxşı aparan İsayev, daha çox başa dəqiq zərbələri ilə tanınır. Bakıdakı Avropa çempionatının finalında fransız rəqibi üzərindəki qələbəni də məhz buna borcludur. Tərz olaraq isə müdafiə, ya da hücumdan hər hansı birinə üstünlük vermir. Radik özü də bizimlə söhbətdə dedi ki, hər döyüş fərdi xarakter daşıyır və hər dəfə tatami üzərində duruma görə seçimini edir. Yəni, öncə rəqibin nə addım atacağını görmək, tələsmədən onun zəif və güclü nöqtələrini öyrənmək, bundan sonra isə qələbəni qazanmağa çalışmaq istəyir. Buna daha çox kəşfiyyat üzərində qurulan taktika adını vermək olar. Bu günə qədər öz müsbət nəticəsini verməsi, bir sıra çempionluqları gətirməsi bizə Radikin ağılla döyüşdüyünü deməyə imkan verir. İsayev onu da bildirir ki, hansısa rəqibə xüsusi olaraq hazırlaşmır. Onun üçün əsas olanı özünün mübarizəyə hazırlıq durumudur. O da ki, məşqlərdən birbaşa asılıdır. Radikin adi günü namazla başlayır, iki saatlıq səhər məşqindən sonra günorta yeməyi, qısamüddətli istirahətlə davam edir. Daha sonra axşam məşqi başlayır ki, o da təxminən 3 saat çəkir. Toplam olaraq günün əsas hissəsini həm fiziki, həm nəzəri, həm də birbaşa praktiki məşqlərlə keçirən İsayevin dincəlmək üçün vaxtı çox azdır. Hər bir peşəkar idmançı sonrakı günə tam hazır olmaq üçün yaxşı dincəlməlidir. Ona görə də Radik günü tez başa vuraraq yuxusunu alır, səhər isə yenidən eyni qrafiklə çalışmalarını davam etdirir. Kənardan yorucu, bəzən bezdirici görünə bilər. Ancaq Radik üçün belə deyil: “Mən idmançıyam. Kimin üçünsə bezdirici ola bilər. Mən çalışmalardan zövq alıram. Həm də bilirəm ki, bu, mənim peşəmdir, karyeram bundan asılıdır. İdmançı məşq etməli, öz ustalığını günbəgün artırmalıdır. Bunu yaxşı anlayıram və hər dəfə zala həvəslə gedirəm”.

Taekvandoçu Radik Isayev Rio2016-da Azərbaycana qızıl medal qazandırdı
Taekvandoçu Radik İsayevin ən böyük üstünlüyü – ayaq zərbələri

Radik İsayevin Portreti

“Dürüstlük, inadkarlıq, ruhun dönməzliyi və nəzakət”. Yazımızın başlanğıcında da demişdik ki, bu ğzəlliklər bir taekvondoçunu, əslində elə istənilən bir idmançını xarakterizə etmək üçün yetərlidir. Radik İsayev nəzakətli, ünsiyyətcil, fiziki cəhətdən çox inkişaf etməsinə baxmayaraq heç kimə yuxarıdan-aşağı baxmayan, çalışqan, özünə və ətrafdakılara sayğı ilə yanaşan biridir. Gücünü yalnız döyüş meydanında göstərən əsl qafqazlı, əsl dağlar oğlu kimi. Portretində də bir qədər yorğun, ancaq məğrur, öz həyat seçimindən razı biri bizi salamlayır. Hər baxışından bilinir ki, onun böyük qələbələri hələ qabaqdadır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın