Cüdoçumuz Rüstəm Orucov Rio-de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandasına ilk medalı qazandırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, Olimpiadanın cüdo yarışında ölkəmizi təmsil edən Rüstəm Orucov (73 kq) yalnız finalda məğlub olub.

Olimpiadada mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz bu mərhələdə Qazaxıstan təmsilçisi Didar Hamzanı məğlub edib. R.Orucov səkkizdəbir finalda Jake Bensted (Avstraliya) üzərində ipponla qələbə qazanıb. Azərbaycan idmançısı dörddəbir finalda “London-2012” Olimpiya Oyunlarının gümüş mükafatçısı, Macarıstan təmsilçisi Miklos Unqvarini məğlub edib. Yarımfinalda Saqi Muki (İsrail) ilə qarşılaşan R.Orucov görüşü qələbə ilə başa vuraraq finala yüksəlib. Qələbəyə gedən yoldakı sonuncu sınağında yaponiyalı Şohei Onoya uduzan cüdoçumuz XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.

Xatırladaq ki, 25 yaşlı Rüstəm Orucov bu il Kazanda keçirilən Avropa çempionatının şəxsi yarışlarında birinci yeri tutub. O, həmin çempionatda komanda yarışında bürünc mükafatla kifayətlənməli olub. İdmançımız 2011-ci ildə Dünya Kubokunun bürünc mükafatçısı və Avropa Kubokunda ikinci yerin sahibi olub. Cüdoçumuz həmin il Azərbaycanı Şenzen şəhərində keçirilən beynəlxalq yay universiadasında, 2012-ci ildə isə London Yay Olimpiya Oyunlarında təmsil edib. 2012-c il Bakıdakı Qran-prisində qızıl, 2014-cü il Türkiyənin Samsun şəhərindəki Qran-pri turnirində gümüş medal qazanan R.Orucov ötən il Tbilisidə keçirilən Qran-pridə birinci yeri tutub. İdmançımız bu il Bakıda keçirilən “Böyük dəbilqə” beynəlxalq turnirində bürünc, Almaniyada təşkil olunan Qran-pri turnirində isə gümüş medal qazanıb.

R.Orucov Beynəlxalq Cüdo Federasiyasının reytinq siyahısında ikinci yerdə qərarlaşıb. O, Olimpiya Oyunlarına lisenziyanı Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlinə əsasən qazanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın